Üzeyir bəy “Arşın mal alan”da
onun obrazını yaratmışdı...
Mədəniyyət paytaxtımız
Şuşanın tanınmış
simaları arasında
ötən əsrin birinci yarısında şöhrəti ölkəmizin
hüdudlarını aşan
xanəndə Məcid
Behbudovun da adı var. Bu il anadan olmasının 150 illiyi tamam olan
sənətkar həm
də Azərbaycanın
musiqi salnaməsinə
Rəşid Behbudov kimi görkəmli müğənni bəxş
edib.
Məcid
Behbudalı oğlu Behbudov 18 aprel 1873-cü ildə Şuşa
şəhərində dünyaya
göz açıb. Atasını vaxtsız itirdiyi
üçün ailənin
qayğıları Məcidin
üzərinə düşür.
Bu səbəbdən də
bir sənət sahibi ola
bilmir. Sonra bir tacirin yanında satıcılıq
edir. Şəhərin
küçə və
məhəllələrində arşın malı
satmağa başlayır.
Onun küçələrdən
keçərkən “ay arşın
malı alan!” – deyib
avazla oxuması, səsinin məlahəti sakinlərin diqqətini cəlb edir. O həm də şəhərin din xadimlərinin
maraq dairəsinə düşür. Yuxarı Gövhər ağa
məscidində minacat
verməyə dəvət
olunur. Tez-tez musiqi məclislərində
və el şənliklərində
oxuyur. Sənətin çətin, enişli-yoxuşlu
cığırları ilə
irəliləyir. Lakin arşınmalçılıq
onun gündəlik çörəkağacına çevrildiyindən
bu işdən ayrıla bilmir.
Bir gün Məcid yenə arşın malı satmağa
gedir. Gəlib səsli-küylü bir imarətin qabağında dayanır.
Arşınmalçının səsinə ev
sahibəsi qapını
açır. Onu içəri
dəvət edir.
O, həyətə daxil
olanda qarşısına
gənc, gözəl bir qız çıxır.
Qız öz gözəlliyi ilə Məcidin qəlbini əsir alır. Onlar bir-birinə qoşulub
Tiflis şəhərinə gedirlər. Burada Məcid arşınmalçılığın
daşını atır,
başlayır xanəndəlik
etməyə. Gənclərin bu hərəkəti uzun müddət şuşalıların söhbət
mövzusu olur. Hətta bu hadisə dahi bəstəkar Üzeyir Hacıbəylinin
yaddaşında da iz salır. Sonralar məşhur “Arşın mal alan”
(1913) operettasının qəhrəmanı
Əsgərin timsalında
Məcid Behbudovun obrazını yaradır.
Onu da qeyd edək ki, Firuzə adlı bu qız
polkovnik Abbasqulu bəy Vəkilovun
(1844-1924) övladı idi. O, Tiflis şəhərində
Müqəddəs Nina qızlar
gimnaziyasını bitirib.
Rus, fransız dillərini mükəmməl bilib.
Teatrı, musiqini sevib və Avropa
ədəbiyyatına yaxından
bələd olub..
Gənclər Tiflisin azərbaycanlılar
yaşayan məhəlləsində
məskunlaşırlar. Məcid
burada yaşayan şuşalı musiqiçilərlə
tanış olur, onlarla el şənliklərinə gedir.
Az vaxt
ərzində musiqisevərlər
arasında tanınır.
Görkəmli aktyor, xanəndə
Cəlil bəy Bağdadbəyov xatirələrində
yazır ki, Məcid Behbudov 1906-1907-ci illərdə Tiflisdə xanəndəlik edib.
Tezliklə Tiflis, İrəvan
və Naxçıvanda
geniş şöhrət
qazanıb... Məcid Behbudov ən
yaxın dostu tarzən Məşədi
Zeynal Haqverdiyevlə birlikdə bir çox şəhər və kəndlərdə
toy məclisləri aparırlar.
Müasirlərinin dediklərinə görə, Məcid bir neçə dildə mahnılar oxuya bilirmiş. Ona görə də tez-tez gürcü, ləzgi və digər xalqların toy şənliklərinə dəvət
olunub. Ən çox dəvət
aldığı məkan
isə şəhərin
“Dvoryanski klubu” idi.
M.Behbudovun sənət şöhrəti
Tiflisin hüdudlarını
aşır və yaxın-uzaq şəhərlərə
də yayılır. Yazıçı,
publisist Vasif Quliyev araşdırmasında
yazır: “Məcid Behbudov 1910-cu ildə Riqadakı “Qrammofon“ səsyazma cəmiyyətindən dəvət
alır. Tarzən Məşədi Cəmil,
qarmonçalan Kərbəlayı
Lətif, Malıbəyli
Həmid kimi musiqiçilərlə Riqa
şəhərinə gedir.
Bir neçə muğam, xalq mahnısı və təsnifi vala yazdırır. Həmin illərdə bu məqsədlə bəzi
Avropa ölkələrindən
də dəvətlər
alır. Onu bu səfərlərdə rus
və fransız dillərini gözəl bilən həyat yoldaşı Firuzə xanım müşayiət
edib.
Ustad xanəndənin opera səhnəsində də çıxışları olub. O, 6 mart 1911-ci ildə Bakıda Saşa Oqanezaşvilinin “Nikitin qardaşlarının teatrı”nda tamaşaya qoyulan “Fərhad və Şirin” operasında Xosrov rolunda çıxış edir. 1915-ci ildə Gəncədə Məşədi Cəmil Əmirovun “Seyfəl-mülk” operasının ilk tamaşasında Ələsgər Abdullayev və Bülbüllə tərəf-müqabil olur. Üzeyir Hacıbəylinin opera və operettalarında müntəzəm olaraq müxtəlif rollarda çıxış edir. O dövrün mətbuatında xanəndə-aktyorun səhnə fəaliyyətinə yüksək qiymət verilib...”.
1921-ci ildə Gürcüstanda sovet hakimiyyəti qurulandan sonra Məcid Behbudov musiqi, ömür-gün yoldaşı Firuzə xanım isə maarif sahəsində çalışırlar. Firuzə xanım şəhərin Azərbaycan məktəblərində rus və fransız dili dərslərini tədris edir. Tiflisdə bir müddət Klara Setkin adına Türk Qadınlar Klubuna rəhbərlik edən Firuzə Vəkilova 1933-cü ildə 44 yaşında dünyasını dəyişir. Bu itkidən sarsılan M.Behbudov İrəvana gedir, burada İncəsənət İşçiləri İttifaqının orkestrində işə başlayır. Amma orada da çox qala bilmir. Firuzənin ana yurdu Qazax rayonuna gəlir və Mədəniyyət evində işə düzəlir.
Bu zaman oğlu Rəşid artıq tanınmış müğənni idi. Onun sənət uğurları atasını fərəhləndirir. Rəşidin 1945-ci ildə “Arşın mal alan” filmində baş rola çəkilməsi və atasının gənclik obrazını yaratması onun qəlbini sanki dağa döndərir. Yenə də erməni bədxahlığı... Bakıda filmin çəkilişləri başa çatmaq üzrə olanda ermənilər Rəşidə teleqram vururlar ki, “Atan rəhmətə gedib, durma gəl!”. Özünü Qazax rayonuna çatdıran Rəşid evlərinin həyətində atasının oturub çay içdiyini görür. Rəşid atasına: “Eyib etməz, ata, qoy bildiklərini etsinlər”, – deyir. O, atası ilə vidalaşıb Bakıya döndükdən qısa müddət sonra (6 sentyabr 1945-ci il) M.Behbudov dünyasını dəyişir və Qazax rayonunda dəfn olunur...
Görkəmli xanəndənin səsi yazılmış onlarca val indi də muzeylərdə və şəxsi kolleksiyalarda, o cümlədən Böyük Britaniyanın Kral Kitabxanasında saxlanılır.
Savalan Fərəcov
Mədəniyyət.- 2023.- 18
yanvar.- S.6.