Azərbaycan teatrı tarixində silinməz
iz qoymuş sənətkar
Tofiq Kazımovun
doğum günündə məzarı ziyarət olundu
Yanvarın 14-də görkəmli teatr rejissoru, pedaqoq, Xalq artisti Tofiq Kazımovun (1923-1980) anadan olmasının 100-cü ildönümü tamam oldu. Bu münasibətlə mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev, nazirliyin əməkdaşları, mədəniyyət, incəsənət xadimləri və digər qonaqlar II Fəxri xiyabanda sənətkarın məzarını ziyarət etdilər.
Azərbaycan Teatr Xadimləri İttifaqı İdarə Heyətinin sədri, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətov anım mərasimində sənətkarla bağlı xatirələrini bölüşdü. Qeyd etdi ki, Azərbaycan teatrının, rejissorluq sənətinin inkişafında Tofiq Kazımovun böyük xidmətləri olub: “Tofiq Kazımovun tamaşaları, yetişdirdiyi aktyor nəsli Azərbaycan teatrında yeni səhifə açıb. Biz onu hər zaman dərin ehtiram hissi ilə xatırlayırıq”.
Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev görkəmli rejissoru Azərbaycan teatrı tarixində dərin iz qoymuş sənətkar kimi xarakterizə etdi. Bildirdi ki, Tofiq Kazımovun sənətkar kimi özünəməxsusluğunu qeyd edərkən həm də onun hansı ailədə doğulmasına diqqət etmək lazımdır: “O, teatr xadimi, şair, naşir Səməd Mənsurun ailəsində dünyaya göz açmışdı. Tofiq Kazımov quruluş verdiyi tamaşalarla bütün rejissorlardan fərqlənirdi. Tofiq Kazımov 1980-ci ildə dünyasını dəyişsə də, onun yaradıcılığı, sənət ənənələri bu gün də yaşayır”.
Teatrşünas, Əməkdar incəsənət xadimi, professor İlham Rəhimli söylədi ki, Tofiq Kazımov Azərbaycan teatrında məkan genişliyi yaradıb: “Azərbaycanda lirik-psixoloji teatr məktəbinin yaranması, inkişafı və formalaşması Tofiq Kazımovun adı ilə bağlıdır. Tofiq Kazımov XXI əsrin düşüncə tərzini, teatr estetikasını, insanlıq fəlsəfəsini, cəmiyyət və şəxsiyyət problemlərini məhz XX əsrin ortalarında dərk edirdi...”.
Teatrşünas, Əməkdar incəsənət xadimi, professor Məryəm Əlizadə də Tofiq Kazımovun yaradıcılığından söz açdı. Vurğuladı ki, Tofiq Kazımovun Azərbaycan milli sənət düşüncəsində qoyduğu iz onu milli teatr sənətinin bənzərsiz fenomeni kimi qavramağa və bu baxımdan fərdi yaradıcı metodunu araşdırmağa əsas verir.
Xatırladaq ki, Bakıda doğulan Tofiq Kazımov yeddiillik orta təsilini başa vurduqdan sonra teatr məktəbində oxuyub. II Dünya müharibəsində iştirak edən T.Kazımov 1943-cü ildə yaralanaraq ordu sıralarından tərxis edilib və Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında aktyor kimi fəaliyyətə başlayıb. 1945-1951-ci illərdə Moskvada Ümumittifaq Teatr Sənəti İnstitutunda rejissorluq üzrə təhsil alıb.
Uzun illər Azərbaycan Dövlət Akademik Dram Teatrında baş rejissor kimi fəaliyyət göstərən Tofiq Kazımov V.Şekspirin “Antoni və Kleopatra”, “Hamlet”, “Fırtına”, İ.Əfəndiyevin “Sən həmişə mənimləsən”, “Unuda bilmirəm”, “Məhv olmuş gündəliklər”, C.Məmmədquluzadənin “Ölülər”, C.Cabbarlının “Aydın”, M.S.Ordubadinin “Qılınc və qələm”, Ə.Haqverdiyevin “Pəri cadu” və digər ədiblərin pyesləri əsasında bir-birindən maraqlı tamaşalar hazırlayıb.
Eyni zamanda Dövlət İncəsənət İnstitutunda dərs deyib, teatr üçün yeni sənətçilər nəslinin ortaya çıxmasına töhfələr verib. “Çağırış”, “İşıqlı yollarda”, “Şəfəq”, “Qoçaq Polad” və digər pyeslərin müəllifi kimi tanınan T.Kazımov mətbuatda teatr sənətinə, müxtəlif tamaşalara resenziya və məqalələrlə də çıxış edib. Tofiq Kazımov 1980-ci il avqustun 2-də avtomobil qəzasında dünyasını dəyişib.
Nurəddin Məmmədli
Mədəniyyət.- 2023.- 18
yanvar.- S.3.