Qurama sənətini yaşadanlar

 

Hicran Əhmədova Astara rayonunun Pensər kəndində yaşayır. El-obada hörmət sahibi olan bu xanım iyirmi ildən çoxdur xalqımızın qədim el sənəti – qurama ilə məşğuldur. Tək bir iynədən istifadə etməklə müxtəlif parça hissələrini bir-birinə birləşdirib, insanı heyrətə salan sənət nümunələri yaradır.

Üçüncü qrup əlil olan Hicran xanımın əl işləri müxtəlif sərgilərdə, müsabiqələrdə nümayiş olunub, ölkəmizə gələn turistlərin diqqətindən yayınmayıb. O, 2013-cü ildə Bakıda Muzey Mərkəzində keçirilən dekorativ-tətbiqi sənəti festivalında iştirak edib, həmin il beş əl işi Parisdə Azərbaycan mədəniyyəti günlərində nümayiş edilib. Qurama ustası 2015-ci ildə Bakıda əlillərin IX sərgi-müsabiqəsində diplomla təltif olunub.

Söhbət əsasında Hicran xanım bildirdi ki, bu tikmə növü əvvəllər parçaya qənaət məqsədilə istifadə olunsa da, sonralar gözəl bir bədii sənətkarlıq növünə çevrilib: “Qurama çox diqqət tələb edən bir incə sənətdir. Burada əsasən rəngli parçalar işlənilir. Onları kəsib müəyyən formaya salıram. Kəsim edərkən diqqətli olmalısan. Çünki ani bir diqqətsizlik bütün əməyi heçə endirər. Kiçik qurmalarım ən azı üç gün vaxt aparır. Amma böyük əl işlərinin hazırlanması bəzən üç aya qədər çəkir. Sənətimdən zövq alıram və ruhum dincəlir. Lazımi şərait olarsa, bu sənəti gənc nəslə də həvəslə öyrədərəm...”.

 

Zəfər Orucoğlu

Jurnalistlər Birliyinin üzvü

Mədəniyyət.- 2023.- 20 yanvar.- S.4.