Azadlığın doğum
günü – 20 Yanvar
Hər şeyin bir başlanğıcı var. 70 il uyuduğu siyasi qəflətdən ayılmış xalq əzablı, keşməkeşli, eləcə də şərəfli bir yolun başlanğıcında idi. Onu nə vahiməli tankların səsi, nə gecənin düzənini pozan güllə yağışı, nə də artıq əldən düşmüş, son nəfəsini verən imperiyanın qəzəbi qorxudurdu. Bu xalq onda bir yumruq kimi birləşməyin nə olduğunu anladı, uşağından, qocasından, qadınından asılı olmayaraq bir amala susadı – Azadlıq. O şaxtalı yanvar gecəsi müstəqillik, öz taleyini özü həll etmək iqtidarında olmaq istəyi çıxartdı insanları küçələrə. Əliyalın, silahsız insanlar doğma şəhəri sinələri ilə, əlləri ilə imperiya quzğunlarından qorumağa çalışdı.
70 il inanmışdı
o imperiyaya, onun Qızıl Ordusuna. Amma bu sehr bir
gecədə yox oldu. Keçmiş Sovet Ordusunun 1990-cı il yanvarın
20-nə keçən gecə
Azərbaycan xalqına
qarşı həyata
keçirdiyi hərbi
təcavüz insanlığa
qarşı törədilmiş
ən ağır cinayətlərdən biri
kimi tarixin səhifəsinə yazıldı.
Bakıya yeridilmiş orduya
xüsusi tapşırıq
verilmiş və bu tapşırıq qəddarlıq və vəhşiliklə həyata
keçirilmişdi. İlk o gecə
anladı bu millət tarixi gerçəyi. 70 il onu “böyük
qardaş” iddiası ilə məngənədə
saxlamış Sovet İttifaqı xalqın azadlıq səsini silah gücünə boğurdu...
20 Yanvardan bir yol aldı Azərbaycan
xalqı. Başına nələr gəldi,
nələr yaşadı
bu illərdə.
Mənfur, məkrli, ikiüzlü
havadarlarına arxalanan
erməni təcavüzkarları
torpaqlarımızı işğal
etməyə başladı.
Tarix səhnəsində
görünməmiş Xocalı
soyqırımı törədildi,
1 milyondan artıq insan doğma yurd-yuvalarından köçkün
düşdü, oba-oba,
el-el yurdlarımız düşmən
caynağına keçdi,
Şuşa, Kəlbəcər,
Laçın, Ağdam,
Cəbrayıl, Füzuli,
Zəngilan, Qubadlı
torpaqları 28 il öz həqiqi sahiblərinin qayıdacağı
günü gözlədi...
Və o gün gəldi.
20 Yanvardan azadlığa yol alan
xalq 2020-ci ilin payızında var gücünü toplayaraq,
Ali Baş Komandanına
güvənərək ayağa
qalxdı. Qamətini düzəltdi, igid oğullarını harayladı
və 30 il
ərzində canlarından
keçmiş minlərlə
şəhidimizin qisasını
almaq, Vətənini düşməndən təmizləmək,
Qarabağı azad etmək üçün bir yumruq kimi
birləşdi. 20 Yanvar günü boynunu şəhid məzarlarında bükmüş
qərənfillər də
qamətini dikəltdi,
şəhidlərin başdaşındakı
şəkillərdən gözləri
güldü. O gün
Azadlığın doğum
günü idi. Bu gün o Azadlığımızın
yaşının üstünə
yaş gələn gündür. Gün
gələcək, gözünün
içinə dik baxdığımız, vüqarına
arxalandığımız o Azadlıq yüzillikləri
arxada qoyacaq, amma onun doğum
gününü hamı
xatırlayacaq...
Dilrubə İsmayılova
Mədəniyyət.- 2023.- 20
yanvar.- S.4.