“Mədəniyyət kodu
– Şuşa”
Layihə Musiqi Mədəniyyəti
Dövlət Muzeyində təqdim olunub
Azərbaycan
Musiqi Mədəniyyəti Dövlət Muzeyi “Musiqi həvəskarları
klubu”nun yeni ildə ilk tədbiri 2023-cü ildə Şuşa
şəhərinin “Türk dünyasının mədəniyyət
paytaxtı” elan edilməsinə həsr olunub.
Yanvarın 18-də muzeydə “Mədəniyyət kodu – Şuşa” adlı lonqrid layihəsinin təqdimatı olub. Layihə ötən il QHT-lərə Dövlət Dəstəyi Agentliyinin qrantı hesabına “İctimaiyyətlə Əlaqələrin İnkişafına Kömək” İctimai Birliyi tərəfindən həyata keçirilib.
Muzeyin direktoru Əməkdar mədəniyyət işçisi Alla Bayramovanın giriş sözündən sonra muzeyin nəzdində fəaliyyət göstərən Qədim musiqi alətləri ansamblının solisti, Əməkdar artist Nuriyyə Hüseynova və Bülbül adına Orta İxtisas Musiqi Məktəbi müəllimlərinin ifalarında musiqi proqramı təqdim olunub.
Sonra ictimai birliyin sədri, Bakı Slavyan Universitetinin professoru Şəlalə Həsənova layihə haqqında məlumat verib. Bildirib ki, yeni media məhsulu olan lonqrid Şuşanın zəngin mədəniyyətinin yığcam mətnlər, fotolar, videoçarxlar və musiqi kompozisiyaları ilə məcmu halda təqdimatıdır. Layihə üzrə “Şuşa məhəllələri”, “Qarabağ ərazisində alban kilsələri” interaktiv xəritələri, “Şuşalı musiqiçilərin qızıl nəsli” adlı infoqrafika hazırlanıb.
Tədbirdə sənətşünaslıq
üzrə fəlsəfə doktoru Nigar Axundova, digər
çıxış edənlər layihə ilə
bağlı fikirlərini bölüşüblər.
Mədəniyyət.- 2023.- 20
yanvar.- S.3.