Bədii ifadə tərzinin mistik aurası...
Həmzə Abdullayevin tablolarında xalqımızın
başına gətirilən
müsibətlərə məxsusi
baxış var
Tanınmış fırça ustası, Əməkdar rəssam Həmzə Abdullayev həm vizual, həm də konseptual baxımdan innovativ xarakterə bürünən yaradıcılıq
fəaliyyəti ilə
seçilir. Təxəyyül ilə yaxından
səsləşən, onunla
paralel harmoniya yaradan bütün mövzular kətan üzərində bir neçə rakursdan baxılmış şəkildə
gerçəkləşdirilərək öz estetik dəyərini vurğulaya
bilir. Həm milliliyə, həm
ənənəviliyə, həm
də zəmanəyə
əsaslanan bu bədii təcrübə,
ilk növbədə, rəngkara,
öz dəst-xəttinin
mahiyyətini dərk etməkdə yardımcı
olan əsas məsələlərdəndir.
Rəssamın təsvirlərindəki “inqilabi”
metodlar daim hərəkətdə olanı,
dinamikanı, zamanın
təsirinə məruz
qalanı və ən önəmlisi öz xatirələri ilə birgə duyğularından qaynaqlanan
fərdi dünyanı
məxsusi şəkildə
önə çıxardır. Bəzən boya
ilə kobud, bəzən də yetərincə zərif rəftar edən rəssamın dolğun palitrası onun hər zaman həm real, həm də fəlsəfi baxışının mürəkkəbliyini
özündə ehtiva
edir, xaotik kompozisiyalarının daşıyıcısı
funksiyasını yerinə
yetirir. Bütün bunlar göstərir
ki, Həmzə Abdullayev bizdən, sadəcə, düz, yaxud ardıcıl baxış bucaqları ilə tablosuna nəzər yetirməyimizi
istəmir. O hər
bir elementi elə yerləşdirir ki, baxışlarımız
səhnənin üzərində
fırlanıb onu mənimsəyə bilir. Müəllifin insan fiqurları
çox maraqlıdır.
Onun insan obrazları sehrini və qəribəliyini qoruyaraq həm miniatür sənətimizə, həm
də XXI əsrin
modernist sənət cərəyanlarının
tələblərinə cavab
verir. Rəssamın qalın fırça
vuruşları, çoxqatlı
və fakturalı boya təbəqələri,
qeyri-müəyyən formaları
bəsit kateqoriyalara sığmayan müasir və avanqard səciyyəyə malikdir.
Bu əsərlərdə rəng və forma bir-birindən ayrılmayan,
ümumi harmoniyanın
bədii gücünü
artıran və dəqiqləşdirən, kompozisiyanı
zəngin və dolğun göstərən,
təzad tonlardan qidalanan əsas ünsürlərdir.
Həmzə Abdullayevi mücərrəd
rəssam adlandıra bilərikmi? Fikrimcə, xeyr. Çünki onun ifadə etmək istədiyi ideya və düşüncələri
fantastik aləmə deyil, birbaşa reallığın özünə
əsaslanır. Kompozisiya qurma
məharətini tünd
kolorit seçimləri
ilə inteqrasiya edən rəssamın təsvirlərində nəzərəçarpan
başqa bir xüsusiyyət işıqdır.
İşıq və rəngin
vizual reallığa aşıladığı dəqiqlik
və obyektiv baxış kompozisiyaları
tamamlayan amillər arasında öz yerini taparaq sənətkarın bədii
ifadə dilinin ən güclü “silahına” çevrilir.
Emosional ekspressiv duyğunu özündə daşıyan
sənət nümunələrinin
təlqin enerjisi rəssamın düşüncə
müstəvisindən ərsəyə
gələrək yaradıcılıq
qabiliyyətilə sintezə
uğrayır.
Onun əsərlərinə,
obraz və motivlərinə hopmuş
doğma Abşeron bir başqa gözəlliyə və mistikaya malikdir. “Keçib
getmiş Abşeron” silsiləsi, “Abşeron”, “Qumluqda ev”, “Sahil”, “Dənizə gedən yol”, “Balıqçının evi”
və s. əsərləri
Abşeronun ruhunu və ahəngini daşıyaraq onu özünəməxsus tərzdə
təmsil edirlər. Bu əsərlərdə ən vacib məqam
milli ruhlu çalar üzərində
köklənən rəssamın
uşaqlıq illərini
də bu təsvirlər içərisində
gizlətməsidir.
Rəssamın Abşeron mövzulu
əsərlərində Abşeron
sənət məktəbinin
görkəmli nümayəndələrinin
rolu var. Onlardan biri elə Buzovnada
tanış olduğu Mircavad Cavadovdur. Düşünsək ki, sənətkarın
yolgöstərəni mahir
fırça ustası
Mircavad Cavadov olub, onun üslubunun
fərqli cizgilərinin
və cəsarətli
ovqatının təsadüfi
olmadığını anlayarıq.
Həmzə Abdullayevin obrazlarına
nəzər yetirsək,
o, doğma torpağın
sakinlərini həm bir qədər adiləşdirərək təsvir
edir, həm də onlara individuallıq aşılayır.
Onun obrazları milli ruhlu, müasir görkəmli olmaqla yanaşı, həm də aktualdırlar.
Rəssamın yaratdığı obrazlar bir baxımdan
hamımız üçün
tanışdır. “Tora
düşmüş adamlar”,
“Vaxt və adamlar”, “Qız portreti”, “Romans axşamı”,
“Dəniz sahilində qız”, “Güzgü qarşısında”, “Qadın
qavalla”, “Orkestr”, “Fənərçi”, “Karvanbaşı”,
“Sırğalı qız”,
“Qara atlı ovçu”, “Qırmızı
dəvə” və s. əsərlər bu qəbildəndir. Sənətkarın təsəvvürü nəticəsində
əyaniləşən, geniş
ümumiləşdirmələrlə həll olunan obrazlarda bədii estetika hiss olunmaqdadır.
Rəssamın təxəyyülünün istiqaməti obrazlarının
ruhu və emosional kimliyində kontrast yaradaraq onları daha da dərinləşdirir.
Onun obrazlarının bədii
estetikası sıxıcı,
soyuq rənglərlə
bütünləşmir. Sənətkarın bədii ifadə
tərzinin mistik aurası işıq seli ilə taclandırılır.
Müəllif bədii axtarışları
sırasına obrazları
vasitəsilə insanların
həyatda “var olmaq” qayəsini müəyyənləşdirməyi əlavə etməyi də unutmur.
Rəssamın yaradıcılığında qadın obrazlarına da geniş yer
verilib. Bu qadınlar
olduqca maraqlı, səriştəli və zərif bir biçimdə təsvir olunurlar. Onu da qeyd etmək istəyirəm ki, Həmzə Abdullayevin obrazlarında “qacar üslubu”nun da izlərini görmək mümkündür.
Sənətkarın baxış bucağında
var olan qadın obrazları bəzən əsas, bəzən də ikinci dərəcəli rol oynayırlar. Rəssamın qadın obrazlarının
təməlində həm
millilik, həm də müasirlik dayanır. Onun qadınları bəzən
utancaq, bəzən şıltaq, bəzən
müdrik, bəzən
kədərli, bəzən
isə nigarandırlar.
Həmzə Abdullayevin hiss və həyəcanını azad şəkildə ifadə etdiyi digər mühüm mövzulardan biri də xalqımızın başına gətirilən müsibətlərdir. Qəzəb və emosional şaşqınlıq hisslərinin yüksək dərəcədə ustalıqla ifadə olunduğu “Yandırılmış vətən” və “Xocalı 1992 – güllələnmiş insanlar” tablolarını buna misal çəkə bilərik. Hər iki əsər ilk baxışdan bizə qaranlıq palitrası ilə iztirab, ağrı və kədər hissləri aşılayır. Xalqın hafizəsində yaralı bir yuva qurmuş bu dəhşətli, əzabverici ah-vay sanki kətanın üzərində əfğan edir. Hər iki əsərin süjetində bir hiss dayanır: qəlb ağrısı. Bədii ifadədə faciə təsviri yaratmaq çox çətindir. Faciənin bütün ağrılarını ələ alıb kompozisiyaya uyğunlaşdırmaq müəllifdən məntiqi və emosional düşüncə tələb edir. Kətanın imkanlarına sığan və sığa bilməyən bütün duyğuları özündə cəmləyən bu səhnələr misli görünməmiş ədalətsizliyin və tiranlığın ən ağır həqiqətlərini dünyaya elan edir. 20 Yanvar faciəsinə həsr olunmuş “Çərxi-fələk” tablosu da rəssamın tarixi mövzuya mistik baxışını əks etdirir.
Həmzə Abdullayevin yaradıcılığında rast gəldiyimiz nağılvarı səciyyəyə malik bir neçə simvolun da adını çəkə bilərik. Onlardan biri məhsuldarlıq, bolluq və cənnətin rəmzi hesab edilən, “şah meyvə” kimi tanınan nardır. Rəssamın “Nar nağılı” əsəri bu mənada diqqətəlayiq nümunədir. Ağacın üzərində təsvir olunan, səhnəyə hökm edən nəhəng bir nar fiquru sanki günəş kimi bərq vurur. Bu mənada müəllifin “Axırıncı məhəbbət” əsəri də maraq doğurur.
Rəssamın yaradıcılığında diqqətçəkən bir başqa fiqur-simvol çıraqdır. Qaranlığa meydan oxuyan müəllifin yanan çırağı onun ümid açarı, işıq aramaq cəhdidir.
Həmzə Abdullayevin “Şərqdə liman”, “Ümid gəmisi”, “Axırıncı səyahət” kimi sənət nümunələri də izləyicidə fərqli duyğular oyadır. Qayıq və yaxud gəmi fiqurları adətən qurtuluşun və əmin-amanlığın simvolu kimi qəbul olunur.
Rəssam yaradıcılığında portret janrına da müəyyən qədər yer verib. Mavi fonda, mavi libasda təsvir olunan, bəyaz oturacaqda əyləşən zərif qadın fiquru (“Hər şey yaxşı olacaq”) buna misal ola bilər. “Seskiya” adlı tablo da rəssamın maraqlı əsərlərindəndir. Mistik və nağılvarı ab-hava yaradan bu kompozisiya zərif kolorit həlli ilə seçilir. Dahi şəxsiyyətlərin də obrazını yaradan rəssamın “Şair Şəhriyar” tablosu çox maraqlıdır. Böyük söz ustadlarımızdan olan Məhəmmədhüseyn Şəhriyar rəsmdə dizləri üzərində əyləşib, gərgin bir şəkildə yazı yazarkən təsvir olunub. Gecəyarısı, qarşısında çıraq və çay dəsgahı təsvir olunan şair ciddi görkəmdədir.
Sonda Həmzə Abdullayevin avtoportretindən bəhs etmək istəyirəm. Özünün yetkin yaşını təsvir edən rəssam həm arxa fona, həm də kompozisiyanın ön hissələrinə bulaşan rəng yaxıları, müxtəlif rənglərə bulanmış irəliyə yönəlib. Müəllif bununla hər zaman yaratmağa can atdığını vurğulamaq istəyir. Gərgin və qəzəbli baxışlarının haraya tuşlandığı bəlli deyil. Burada bir başqa maraqlı nüans rəssamın fırçalarla dolu olan əlinə zəncir vurulmasıdır. Lakin bu zəncir eləcə rəssamın molbertinə bağlanıb. Bəlkə də rəssam burada ruhunun, qəlbinin, düşüncələrinin sənət tərəfindən ələ keçirildiyini ifadə etmək istəyir...
Nigar Hətəmova
Azərbaycan Dövlət Rəsm
Qalereyasının kiçik elmi işçisi
Mədəniyyət.- 2023.- 20
yanvar.- S.7.