Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu üzv dövlətlərlə əməkdaşlığı gücləndirir

 

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Ankaraya səfəri çərçivəsində Türkiyənin bir sıra qurumlarında görüşlər keçirib.

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) başqanı Sərkan Kayalar ilə görüşdə Günay Əfəndiyeva rəhbərlik etdiyi təşkilatın türk xalqlarının qədim mədəni-mənəvi dəyərlərinin qorunması, beynəlxalq miqyasda tanıdılması və gələcək nəsillərə ötürülməsi üzrə fəaliyyətindən söz açıb. Fondun türk dövlətləri ilə yanaşı, digər ölkələrdə də həyata keçirdiyi layihələr haqqında məlumat verilib.

TİKA başqanı Sərkan Kayalar fondun türk dövlətlərinə məxsus zəngin mədəniyyətin təbliği yönündə fəaliyyətini yüksək qiymətləndirib və bu istiqamətdə əməkdaşlığa hazır olduğunu bildirib.

***

Günay Əfəndiyeva Türkiyə Ali Təhsil Şurasının (YÖK) rəhbəri Erol Özvarla görüşündə ümumtürk mədəni irsinin dərindən öyrənilməsi və tanıdılması yönündə ayrı-ayrı ölkələrin elm, ali təhsil müəssisələri ilə əlaqələrə də böyük önəm verdiklərini vurğulayıb. Bu xüsusda Türkiyənin Bursa Uludağ Universiteti ilə də memorandum imzalandığı diqqətə çatdırılıb.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun həyata keçirdiyi layihələri təqdir edən Erol Özvar ümumtürk dəyərlərinin öyrənilməsi və araşdırılmasına maarif ocaqlarının cəlb olunmasını yüksək qiymətləndirib, bu istiqamətdə təşkilat ilə ortaq işbirliyinin önəminə toxunub.

 

 

Mədəniyyət.- 2023.- 20 yanvar.- S.3.