“Ana dili
millətin mənəvi
diriliyidir”
Bu il görkəmli
maarif xadimi, pedaqoq, ədəbiyyatşünas
və publisist Firidun bəy Köçərlinin (1863-1920) anadan
olmasının 160 illiyidir.
O, dövrün ədəbi-mədəni
mühitini diqqətdə
saxlamaqla yanaşı,
bu mühitdəki proseslərə zəruri istiqamət verən nüfuzlu ziyalı kimi də tanınıb.
Yubiley münasibətilə maarifçi
alimin həyat və yaradıcılığı
haqqında bəzi maraqlı faktları oxuculara təqdim edirik.
Şəhid maarifçi
Firidun bəy Köçərli
1863-cü il yanvarın 26-da Şuşada
doğulub. Şəhərdəki Mirzə Kərim
Münşinin mədrəsəsində
və rus məktəbində təhsil
alıb. Sonra təhsilini
Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasında
davam etdirib. Məzun olduqdan sonra İrəvan gimnaziyası
və Qori Müəllimlər Seminariyasında
dərs deyib.
1906-cı ildə seminariyanın
Azərbaycan bölməsinin
Qazaxa köçürülməsinə
nail olub və ömrünün sonunadək
ona rəhbərlik edib.
Azərbaycan ədəbiyyatı tarixinin
elmi prinsip əsasında öyrənilməsində
Firidun bəyin mühüm xidmətləri
olub. Alimin 1911-ci ildə nəşr
olunan “Mirzə Fətəli Axundov” kitabında ilk dəfə
olaraq Şərqin ilk
böyük dramaturqunun
taleyinə və bənzərsiz sənətinə
sistemli şəkildə
işıq tutulub.
Bir il
sonra ölkəmizin müxtəlif bölgələrinin
şifahi söz xəzinəsini əks etdirən “Balalara hədiyyə” kitabı işıq üzü görüb. Onun 1913-cü ildə böyük zəhmət hesabına tamamladığı
“Azərbaycan ədəbiyyatı
tarixi materialları” adlı üçcildlik kitabında isə qədim dövrlərdən
XX əsrin əvvəllərinədək
böyük bir mərhələnin ədəbiyyatından
bəhs olunur. O,
həmçinin çoxsaylı
dərsliklərin hazırlanması,
redaktəsi və zənginləşdirilməsinə də öz töhfəsini verib.
Firidun bəyin
xalqının elmi, təhsili, mədəniyyəti,
dili uğrunda fədakar xidmətləri
erməni millətçilərinin
rahatlığını əlindən
almışdı. Onlar belə
bir millət fədaisini aradan götürmək üçün
yol arayırdılar.
Nəhayət, 1920-ci ildə
Gəncədə onun
güllələnməsinə – ədəbi susdurulmasına
nail oldular...
Haqqında ilk monoqrafiya
F.Köçərli haqqında ilk monoqrafik əsəri mərhum akademik Bəkir Nəbiyev yazıb. Doğrudur, Bəkir
Nəbiyevə qədər
Ş.Qurbanov, F.Qasımzadə,
A.Zamanov, C.Xəndan və başqa tədqiqatçılar müəyyən
araşdırmalar aparıb
kitabça və məqalələr yazıblar.
Lakin B.Nəbiyev həmkarlarından fərqli
olaraq F.Köçərlinin
daha dolğun və ətraflı şəkildə tədqiqinə
nail olub.
“Balalar şad olacaq...”
F.Köçərlinin fikrincə, uşaq dünyası çox zəngindir. Uşaqlarda poetik duyum çox güclüdür.
Onların təfəkkürü yazıçı təfəkkürünə
uyğundur. Ona görə də Firidun bəy gənc nəsli düzgün tərbiyə
etmək, vətənə,
xalqa, ana dilinə məhəbbət
duyğuları oyatmaq
üçün uşaqları
hələ kiçik
yaşlarından şifahi
ədəbiyyat nümunələri
ilə tanış
etməyi ilkin tərbiyə üsullarından
sayır və bunu valideynlərə məsləhət görürdü.
Təsadüfi deyil ki,
1912-ci ildə çap
etdirdiyi şifahi xalq ədəbiyyatı nümunələrinə “Balalara
hədiyyə” adı
vermişdi. O, məcmuənin
məramını belə
ifadə etmişdi:
“Bu məcmuəni hər
kəs oxusa – böyük, ya kiçik – onun qəlbi açılıb
xəndan olacaqdır.
Balalar şad olacaq bu səbəbə ki, onda dərc
olunan əsərlərin
cümləsi onların
dünyasındandır”.
“Nadanlıq” dramını
niyə tənqid etmişdi?
F.Köçərli təhlil etdiyi əsərləri həyatilik,
xəlqilik, xarakterlərin
canlı, tipik, dilin təbii, gülüşün mənalı
olması baxımından
qiymətləndirirdi. Nəriman
Nərimanovun “Nadanlıq”
dramı haqqında yazırdı: “Dördpərdəli
“Nadanlıq” komediyasında
tam və bitkin əsərin məziyyətləri
yoxdur. Burada kəndli həyatının
müxtəlif tərəfləri
solğun təsvir olunur. Hadisələr arasındakı hərəkət
bir-bir ilə çox ağır bağlanır. Bu isə əsərin məzmununu ardıcıl surətdə nağıl
etməyi xeyli çətinləşdirir”.
N.Nərimanov sonralar həmin
tənqidlərin faydası
haqqında demişdi:
“Düz 20 il
bundan müqəddəm,
mən “Nadanlığ”ı
yazıb meydana buraxdım. Məşhur mühərrirlərimizdən biri, rəfiqimiz Firidun bəy Köçərli “Nadanlığ”ı
rus dilində tənqid etdi, yaramaz bir şey
hesab edib yazanını, yəni məni lazımınca çubuqladı. Oxuyan deyirdi,
“Nadanlığ”ı yazan
daha əlinə qələm gərək götürməsin. Fəqət onun
çubuqlamağı “Nadir şah”ın meydana gəlməsinə səbəb
oldu”.
13 məktuba 24 cavab...
F.Köçərlinin çox möhkəm əlaqə saxladığı,
faydalı tənqid və məsləhətləri
ilə yaradıcılığına
təsir göstərdiyi
yazıçılardan biri
də Abdulla Şaiq olub. A.Şaiqin oğlu,
görkəmli tənqidçi,
akademik Kamal Talıbzadə “Firidun bəy Köçərlinin
Abdulla Şaiqə məktubları”
məqaləsində yazırdı
ki, A.Şaiqin arxivində F.Köçərlinin
13 məktubu var. A.Şaiq
isə ona 24 məktub yazıb.
A.Şaiqə göndərdiyi məktubların
birində Firidun bəy yazır: “Bizim bu əsrişumda
ağzını açıb
iki kəlmə söz danışmağa
da izn vermirlər...
Görək bir vaxt olar, bizim də
ağzımız açılar,
dərdlərimizi açıq
söyləyərik”.
F.Köçərlinin arxivində müasirlərindən
aldığı məktubların
siyahısı saxlanılır. Bu məktubların ümumi sayı 900-ə yaxındır.
Buradan aydın etmək olur ki, F.Köçərli
dövrünün demək
olar ki, bütün görkəmli
azərbaycanlı ziyalıları,
maarif və mədəniyyət xadimləri
ilə məktublaşırmış.
“Oxuyub başa düşmək olmur...”
F.Köçərlinin ədəbi, elmi və publisistik irsində ana dili məsələsi əsas yer tutur. Xalqın tarixində dilin rolunu yüksək qiymətləndirən ədibin “Molla Nəsrəddin” jurnalında “Ana dili” adlı məqaləsi çap olunur. O, məqaləsində təəssüflə bildirirdi: “İndi qəzetlərimizin və jurnallarımızın dilini oxuyub başa düşmək olmur. Ana dili öyrətmək üçün yazılan təlim kitablarımız elə bir çətin dildə yazılır ki, onların vasitəsilə ana dilini ancaq unutmaq olar. Üç-dörd yüz səhifəli təlimi-qiraət kitablarımızda “ata”, “ana”, “yaxşı” kimi çoxişlənən və əziz sözlər dərman üçün belə axtarılsa tapılmaz... Hər millətin özünəməxsus ana dili var ki, onun məxsusi malıdır. Ana dili millətin mənəvi diriliyidir, həyatının mayəsi mənziləsindədir. Ananın südü bədənin mayəsi olduğu kimi, ananın dili də ruhun qidasıdır, hər kəs öz anasını və vətənini sevdiyi kimi, ana dilini də sevir”.
Nurəddin Məmmədli
Mədəniyyət.- 2023.- 20 yanvar.- S.6.