Kino təhsili
olsa da, rejissorlar onu “görmədilər”
Əməkdar artist Sevil Xəlilovanı xatırlayarkən...
Azərbaycan teatr sənətinin
hər zaman yaddaşlarda yaşayacaq simaları var. Tamaşaçı
olaraq bəzən bu sənət adamlarının adlarını
bilməsək belə,
onların ekrandan boylanan baxışları
diqqətimizi çəkir,
düşündürür...
Uşaq yaşlarımdan televiziya tamaşalarında öz zərifliyi, qeyri-adi baxışı və duruşu ilə marağımı cəlb
edən bir aktrisa vardı. Ötən əsrin
80-ci illərində bir
sıra teletamaşalarda,
eləcə də Azərbaycan Dövlət Akademik Dram Teatrının
səhnəsində bu
aktrisanın bir-birindən
fərqli obrazları hələ də gözlərim önündən
getmir. Əməkdar artist Sevil Xəlilovanı
70 illiyi münasibətilə
yada saldıq.
1953-cü
ilin 10 yanvarında Bakıda dünyaya göz açan Sevil Rza qızı
Xəlilova ilk sənət
təhsilini C.Cabbarlı
adına “Azərbaycanfilm” kinostudiyasının
nəzdindəki aktyorluq
kursunda (1969-1970) alıb.
1970-ci ildə M.Əliyev
adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun
Kino aktyorluğu fakültəsinə
daxil olub.
Tələbə ikən müəllimi
Həsənağa Salayev
ona Akademik Dram Teatrında Nazim Hikmətin “Şöhrət
və ya unudulan adam”
psixoloji dramı əsasında hazırladığı
tamaşada rol (Professorun qızı) verib. Premyerası 23 dekabr 1973-cü ildə olan bu tamaşa tələbə-aktrisaya populyarlıq
gətirib. Ona görə də
1974-cü ildə görkəmli
rejissor, o dövrdə
“Azərbaycanfilm” kinostudiyasının
direktoru olan Adil İsgəndərovun kursunu bitirən Sevil Xəlilova Akademik Dram Teatrının
truppasına daxil edilib.
Yaradıcılığının ilk illərində dramatik və lirik-dramatik səpkili gənc qız rollarını oynayan aktrisa tədricən xarakterik, psixoloji baxımdan çoxqatlı, bir qədər mürəkkəb
səciyyəli personajları
ifa etməyə başlayıb. Səhnədə həmişə canlı və çevik görünən
Sevil Xəlilova həm də səliqəsi və səriştəsi ilə
seçilib.
2002-ci ildə “Əməkdar
artist” fəxri adına layiq görülən Sevil Xəlilova yaratdığı
obrazlarla sənətsevərlərin
qəlbində yaşayır.
Onun “Atayevlər ailəsi”ndə Mehrican (İ.Əfəndiyev), “Hacı
Qara”da Sona (M.F.Axundzadə), “Şərqin
səhəri”ndə Nataşa
(Ə.Məmmədxanlı), “Yağışlı gecə”də
Auşra (R.Kaşkauas),
“Ötən ilin son gecəsi”ndə Gülarə
(Anar), “Yollar görüşəndə” tamaşasında
Rahidə (R.Qasımova),
“Müsabiqə”də Sevinc
(A.Qəhrəmanov) və
s. obrazları aktrisanın
sənət tərcümeyi-halının
yaddaqalan örnəkləridir.
Peşəkar kino təhsili olsa da, rejissorlar
nədənsə onu
“görmədilər”. Cəmi
bir filmdə (“Biz qayıdacağıq”, 2007) epizodik
rolda çəkilmişdi...
...Sevil Xəlilova 58 yaşının tamamına
4 gün qalmış
– 6 yanvar 2011-ci ildə
həyata vida edib.
***
Sənət dostları onu sakit, dərd-sərini heç kimsəyə söyləyib narahat etməyən səmimi bir insan kimi
xatırlayırlar.
Altay Məmmədovun “Kişilər”
pyesinin televiziya tamaşasında aktrisanın
tərəf-müqabili olmuş
Xalq artisti İlham Namiq Kamal: “Dram teatrının səhnəsində onunla bir çox tamaşalarda çıxış
etmişdik. Səhnədə ifası hər
zaman rəğbət
doğururdu. “Kişilər” televiziya tamaşasında mənim həyat yoldaşım – Səlimə obrazında çıxış edirdi. Bu rolu
da çox gözəl oynamışdı.
İstedadlı aktrisa olmaqla
bərabər, təmkinli,
insanlara qarşı istiqanlı və səmimi idi. Bir danılmaz fakt var ki, aktyor
və aktrisa həmişə rejissordan
asılı olur.
Ona görə də gərək bu baxımdan bir az bəxtin gətirsin. Bu mənada düşünürəm
ki, Sevil xanımın sənətindən,
yaradıcılığından, potensialından istər Azərbaycan teatrı, istərsə də kinosu yetərincə istifadə edə bilmədi. Sanki bəxt ulduzu yetərincə parlamadı.
Onda həddən artıq təbiilik var idi ki, bu
hal kinoda uğurla istifadə edilə bilərdi. Sevili həmişə xoş duyğularla yad edirəm”.
***
Xalq artisti Hacı İsmayılov: “Yaxşı
yadımdadır, 70-ci illərdə
bizimlə teatra gələnlərdən biri
də Sevil idi. Onun adı çəkiləndə
hər zaman ilk olaraq yadıma bir hadisə düşür. O vaxt
bizim teatrda Nazim Hikmətin “Şöhrət və ya unudulan adam” tamaşası hazırlanırdı. Vaxtilə həmin
tamaşada baş rolu ifa etmiş
görkəmli aktyorumuz
Həsənağa Salayev
bu tamaşanı rejissor kimi hazırlayırdı.
Səhnə əsərində Sevil Xəlilova mənim sevgilim obrazını – Professorun qızını yaradırdı.
Bu tamaşada unudulmaz bir səhnəmiz
vardı. Yağış yağır və biz çətirin altında bir-birimizlə söhbət
edirik. Çox maraqlı bir
səhnə idi.
Onun uzun qara, çiyinlərinə
tökülən saçları
vardı. Birgə oynadığımız
həmin səhnəni
bu günə kimi unuda bilmirəm.
Sonradan bir çox tamaşalarda eyni səhnəni bölüşdük.
“Kişilər” televiziya tamaşasında da birgə oynamışıq.
Rollarını çox gözəl
ifa edirdi. “Atayevlər ailəsi”
tamaşasındakı obrazı
da unudulmazdır.
O, bir aktrisa kimi çox sakit insan idi. Heç kimin işinə qarışmazdı. Məşqlərə, tamaşalara sakit gəlib, sakit də gedərdi. Birgə çalışdığımız illərdə bir dəfə olsun, səsinin tonunu ucaltdığını eşitmədim. Hamıya hörmətlə yanaşırdı. Sonradan xəstəlik onu üzdü və bu xəstəliklə də dünyasını dəyişdi. Allah rəhmət eləsin”.
***
Akademik Milli Dram Teatrının truppa müdiri Elnur Məmmədov da Sevil xanımı işıqlı xatirələrlə yad edir. Bildirir ki, aktrisa ilə tanışlığı hələ truppa müdiri işləməzdən əvvələ təsadüf edir: “Sevil xanımı 1998-ci ildən tanıyırdım. O zaman tələbə idim. Sevil xanım bizə hər zaman ana nəvazişi ilə yanaşardı. Onu da qeyd edim ki, bizim diplom tamaşamızda ana obrazını oynamışdı. Həmin dövr indikindən çox fərqli idi. Biz Həsənağa Turabovun kursunun tələbələri idik və teatra gələndə özümüzdən yaşlı nəslə hörmət əlaməti kimi əgər görkəmli sənətkarlarımız bufetdə olurdusa, heç vaxt oraya daxil olmazdıq. Sevil xanım da bunu bildiyi üçün bizə qayğı ilə yanaşar, öz qrim otağında çaya qonaq edərdi... Sevil xanımın həyat yoldaşı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyirdi və bir qızları vardı. Sonradan teatrda truppa müdiri çalışdığım zamanlarda da onunla gözəl münasibətlərimiz olub. 10 ildən çox müddətdə onun bir dəfə də məşqə gecikməyinin şahidi olmadıq”.
***
Vaxtilə televiziyada nümayiş olunan bu tamaşalar bu gün sənətsevərlərə təqdim olunsa, orta və yaşlı nəsil izləyicilər teatr salnaməmizin diqqətəlayiq nümunələrini bir daha xatırlayar, dünyasını dəyişmiş sənətkarlarımızı unutmazlar. Bu həm də yeni nəsillərin səhnə sənətimizin keçmişi ilə tanışlığı üçün fürsət olar. Çünki bu tamaşalarda sənət tariximizin silinməyən imzaları əksini tapıb...
Lalə Azəri
Mədəniyyət.- 2023.- 20
yanvar.- S.6.