Sənətdən yaddaşa
köçən 20 Yanvar
Qan yaddaşımıza əbədi həkk olunan 20 Yanvarın 33-cü ildönümünü tamama oldu. Xalqımızın hüznlə bərabər qəhrəmanlıq, milli qürur səhifəsi olan “Qanlı Yanvar” ötən illərdə bir çox sənət əsərləri ilə də yaddaşlara köçüb.
Xalq olaraq ruhumuzun, milli mənliyimizin sınandığı və bu tarixi sınaqdan əyilmədən çıxdığı 20 Yanvarın mahiyyətini yaşadan təsviri sənət, musiqi əsərləri, ədəbi nümunələr, filmlər yaradılıb. Bütün bu yaradılanlar xalqın azadlıq uğrunda mübarizə salnaməsidir.
***
20 Yanvarın milli ruhda ağrı-acısı da, xalqı mübarizliyə səsləyən mahiyyəti də daha çox musiqidə ifadə olunub. Bəstəkarlarımız bu mövzuda yüzdən çox əsər yaradıblar. Hələ 1990-cı ildə Cövdət Hacıyev “Şəhidlər” simfoniyasını bəstələdi. “Şəhidlər” adlı başqa bir simfoniyanın müəllifi isə Oqtay Kazımi oldu. Hacı Xanməmmədov 1990-cı ildə Əzizə Cəfərzadənin sözlərinə solist və xalq çalğı alətləri orkestri üçün bəstələdiyi “Əlimdə sazım ağlar” əsərini 20 Yanvar şəhidlərinə ithaf etdi.
Azər Rzayevin “Bakı – 90” simfoniyası, Tofiq Bakıxanovun “Humayun” simfonik muğamı, Ramiz Mustafayevin “Bu qan yerdə qalan deyil”, “Haqq səninlədir”, “Azərbaycan” vokal-simfonik poemaları, Mobil Babayevin “Ağlama, torpağım, ağlama” kantatası, Aydın Əzim Kərimoğlunun orkestr üçün “Qətl günü”, Sərdar Fərəcovun “Matəm harayları” simfonik lövhəsi, Məmməd Quliyevin xor və orkestr üçün, Faiq Sücəddinovun fortepiano üçün, Sevda İbrahimovanın bariton səs və orkestr üçün vokal simfonik “Vətən şəhidlərinə”, Cavanşir Quliyevin xor üçün “Şəhidlər”, Arif Mirzəyevin orqan üçün “Yanvar mərsiyələri”, Aqşin Əlizadənin “Ana torpaq” odası, Vasif Adıgözəlovun “Qarabağ şikəstəsi”, “Qəm karvanı” oratoriyaları və başqa əsərlərdə xalqımızın başına gətirilən müsibətlər, şəhidlərimizin ruhuna ehtiram ifadə olundu.
Xalqımızın qanlı hadisələrdə yaşadığı kədəri Azər Dadaşov “20 Yanvar” xor, solist və simfonik orkestr üçün 9 saylı simfoniya, Fuad Cavadov “Qara Yanvar”, Azad Zahid “Mədhiyyə” əsərlərində əks etdiriblər. Bu sıraya Nazim Quliyevin “Şəhidlər”, İlham Quliyevin “İlham və Fərizə” operalarını, Zabitə Məmmədovanın solist, xor və orkestr üçün “Elegiya”sı, və bir çox başqa nümunələri də əlavə etmək olar.
Emin Sabitoğlu Bəxtiyar Vahabzadənin sözlərinə “Şəhidlər ağısı” mahnısını yazdı. Vasif Adıgözəlov 1991-ci ildə Fikrət Qocanın “Bir şərqi de” şeirinə musiqi bəstələdi. Oqtay Rəcəbov Məmməd İsmayılın sözlərinə “Qana dönən qərənfillər”, Mehriban Əhmədova Məmməd Arazın sözlərinə “Ana millət, ata millət, ağlama”, Nəriman Əzimov Hikmət Mahmudun sözlərinə “Mənim şəhid bacım, şəhid qardaşım” mahnılarını yazdılar. İlham Abdullayevin Dönməzin sözlərinə yazdığı “20 Yanvar”, Ruhəngiz Qasımovanın “Şəhid oğullara” mahnıları da xalqımızın Qara Yanvar dərdinə haray çəkdi.
Bəstəkarların müraciət etdikləri janr və üslublar müxtəlif olsa da, bu əsərlərin mahiyyəti birdir. 20 Yanvar yalnız ümumxalq kədəri deyil, həm də haqq yolundan dönməzlik, mübarizlik, yenilməzlik mücəssəməsidir. Bu əsərlər həm də xalqın ölməz ruhunun ifadəsi oldu.
***
20 Yanvardan sonra şairlərimiz, yazıçılarımız qələmə sarılaraq xalqımızın fəryadını, eyni zamanda onun mübariz ruhunu dünyaya çatdırıblar. Bu əhval, bu çağırış Bəxtiyar Vahabzadə, Məmməd Araz, Qabil, Nəbi Xəzri, Fikrət Qoca, Cabir Novruz, Xəlil Rza Ulutürk, Zəlimxan Yaqub, Mədinə Gülgün, Məmməd Aslan, Şahmar Əkbərzadə, Nüsrət Kəsəmənli, eləcə də bu gün də yazıb-yaradan Anar, Elçin, Çingiz Abdullayev, Sabir Rüstəmxanlı və bir çox başqa qələm sahiblərinin yazılarında, şeirlərində, publisistik əsərlərində əksini tapıb. Xalqımızın başına gətirilən bu müsibətin gələcək nəsillər tərəfindən unudulmamasında, yadda çıxarılmamasında bu əsərlərin böyük rolu var. Bu əsərlərdən səhnə təcəssümünü tapanlar (yazıçı-dramaturq Tamara Vəliyevanın “Mənim ağ göyərçinim” pyesi müxtəlif teatrlarda səhnələşdirilib) da olub. Bu bədii əsərlərdə şəhidlərin ölməzliyini və müqəddəsliyini vəsf edən obrazlar yaradılıb.
***
Tariximizin 20 Yanvar səhifəsi Azərbaycan kino xadimlərinin də çox müraciət etdiyi mövzulardandır. Hadisələrin baş verdiyi həmin gecə kinooperatorlarımız bir qrupu ölümü gözə alaraq bu qətliamı ekranın yaddaşına köçürmüşlər. Müxtəlif illərdə lentə alınan “Azadlığa gedən yollar”, “Qəsd”, “Matəm”, “Şəhidlərdən şəhidlərə”, “Bakıda insan ovu”, “Şəhidlər və qazilər”, “Şəhidlik zirvəsi”, “Cənubda Şimal küləyi” və digər sənədli film nümunələrində həmin kinoxronikadan da istifadə edilib. “Azadlığa gedən yollar” sənədli filmində 20 Yanvar süjet xəttinin əsasını təşkil edir. Bu sıraya “Xatirələrdə yaşanan ömür”, “Vətən qeyrəti”, “Mən evə qayıdıram” filmlərini də əlavə etmək olar.
***
Azərbaycan təsviri sənət ustaları 1990-cı ilin 20 Yanvarına həsr olunmuş çoxsaylı əsərlər yaradıblar. Bu mövzuda əsərlərdə təkcə faciə deyil, həm də xalqın qəhrəmanlıq ruhunun nümayişi əsas motivləri təşkil edir.
Mikayıl Abdullayevin rənglərin harmoniyasından yoğurulan “Nakamların dəfni” əsərinə tamaşa etdikcə, həqiqətən, öz xalqının qəhrəmanlığından qürur duyursan. Kamil Nəcəfzadənin “20 Yanvar” rəngkarlıq tablosunu isə bu mövzuda çəkilmiş ən tutumlu əsər saymaq olar. Əyyub Hüseynovun “Bakıda 20 Yanvar faciəsi” tablosu isə xalqımızın tuş gəldiyi bəlaların təsviri sənətdə əksi baxımından duyulası əhəmiyyət kəsb edir. Sara Manafovanın çəkdiyi “Qara güllər” əsərində isə faciəyə rəmzi-düşündürücü münasibətin ifadəsini görmək mümkündür. Eyyub Məmmədov isə şahidi olduğu qanlı olaylara bədii münasibətini “Qanlı şənbə günü”, “Komendant saatı” və “Hədəf” tablolarından ibarət “Yanvar hadisələri” adlı triptixində ifadə edib.
Rəngkarlar Eyzam Şıxəliyev “Faciə”, İlham Ənvəroğlu “Xeyir və Şər” əsərində Yanvar gecəsinin ağrılarını yaddaqalan bədii boyalarla təsvir ediblər. Tünzalə Məmmədzadənin ipək üzərində çəkdiyi “Fəryad” əsərində bir neçə butanın ifadəli forması ilə faciənin yaşantıları şərti-rəmzi həllini tapıb. Tətbiqi sənət ustalarından Fəxrəddin Əliyevin iriölçülü “20 yanvar” xalçası, Adil Şıxəliyevin “Qara Yanvar” qobeleni, Rauf Əbdülhüseynoğlunun “Faciə gecəsi” mövzunun dekorativ-şərti ifadəsi baxımından diqqət çəkir.
Heykəltəraşlıq sahəsində ilk nümunə elə faciənin baş verdiyi ildə Gəncə şəhərində yaradılıb. Onun müəllifi işə ustası Səid Rüstəmdir. Bakıda 20 Yanvar meydanında ucaldılan çoxfiqurlu tunc kompozisiyanın müəllifləri isə Azad Əliyev və Cavanşir Dadaşovdur. Bu əsərdə şənbə gecəsi törədilən qanlı cinayətə qarşı dinc əhalinin etirazı yaddaqalan plastik tutumda ifadə olunub. Bu qəbildən əsərlər sırasında Arif Qazıyevin “Fəryad” və “Şəhid anası”, Fuad Salayevin “Qıl körpüsü”, Məmməd Rəşidovun “Daşın göz yaşları” və s. heykəltəraşlıq nümunələrini də qeyd etmək olar.
***
Bu gün ölkəmizdə elə bir mədəniyyət ocağı yoxdur ki, orada xalqımızın qanlı yaddaşına çevrilmiş 20 Yanvarla bağlı əsərlər olmasın. Bütün bunlar bir daha onu göstərir ki, illər keçsə də, xalqımız 20 Yanvar faciəsi qurbanlarının o qanlı gecədə nümayiş etdirdiyi əzmi, mübarizliyi heç vaxt unutmayacaq.
Mədəniyyət.- 2023.- 20
yanvar.- S.5.