Ermənilər Kəlbəcərdəki alban irsini necə
saxtalaşdırıb?
Qafqaz Albaniyasının önəmli yadigarlarından olan Xudavəng monastır kompleksi Kəlbəcər rayonu ərazisində, Tərtərçayın başlanğıcında yerləşir. Monastır kompleksi Qafqaz Albaniyası dövlətinin Xaçın knyazlığında dini-siyasi mərkəz, bir müddət isə alban katolikosluğunun mərkəzi kimi fəaliyyət göstərib. XII əsrdə Xaçın knyazı Böyük Həsənin oğlu Vaxtanqın ailə vəsaiti hesabına kompleks yenilənib və əlavə tikililər inşa edilib. Diofizit xarakterli freska elementlərinə malik azsaylı memarlıq nümunələrindən sayılan Xudavəng monastırına əsas bazilika, Arzu xatın və Həsən Cəlal kilsəsi olmaqla bir çox memarlıq nümunələri daxil olub.
AMEA Albanşünaslıq Elmi Mərkəzinin Qafqaz Albaniyası memarlıq abidələrinin və mənəvi irsinin tədqiqi sektorunun müdiri tarix üzrə fəlsəfə doktoru, dosent Natiq Alışov bildirir ki, 1836-cı ildən Alban kilsəsi yeparxiyaya çevrilərək Üçmüədzin kilsəsinə tabe edildikdən sonra ermənilər alban kilsələrinə qarşı maddi və mənəvi terrora başlayıblar. Kəlbəcər rayonunun erməni qəsbkarları tərəfindən 1993-cü ildə işğalından sonra Xudavəng monastırı da onların tam nəzarəti altına keçib. Aparılmış araşdırmalarla müəyyən edilib ki, 1997-2011-ci illərdə ermənilər bu kompleksdə qanunsuz arxeoloji və təmir-bərpa işləri aparıb, bu “tədqiqatlar”ın nəticəsi olaraq “Dadivəng monastırında bərpa – 1997-2011” adlı erməni dilində kitab çap etdirilib. Abidədə qeyri-qanuni arxeoloji tədqiqat və bərpa prosesinə (əslində, saxtalaşdırma işləri) “Adrien Martirosyanın xatirəsinə naməlum donor” və “Amerika erməni memarlığını öyrənən təşkilat” maliyyə dəstəyi verib.
Qeyri-qanuni tədqiqatlar zamanı aşkar edilmiş epiqrafik abidələr Ermənistana daşınıb. Mövcud epiqrafik nümunələrin biri 1182-ci ildə hakimiyyətə gələn Vaxtanq tərəfindən öz əli ilə yazılmış daş abidədir. Epiqrafik yazıda onun 40 il müddətində apardığı müharibələr və Xudavəng monastırındakı fəaliyyətindən geniş şəkildə bəhs edilir. “Tədqiqatlar” zamanı alban dövrünə aid çoxlu məzarlıqlar talanıb. “Bərpa” işlərində Ermənistanda mövcud olan Ani karxanasındakı tuf daşlardan geniş şəkildə istifadə edilib. Arzu xatın kilsəsi daxilində aparılan bərpa işləri zamanı binanın döşəməsində 20 santimetr dərinlikdə küpə daxilində Ağqoyunlu, 1524-1576-cı illərdə Azərbaycan Səfəvilər dövlətində hakimiyyətdə olmuş I Təhmasib və 1578-1587-ci illərdə hakimiyyətdə olmuş Məhəmməd Xudabəndə dövrlərində zərb edilmiş sikkələr aşkar edilib.
2020-ci ilin 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun şanlı Qələbəsindən sonra imzalanan üçtərəfli bəyanata əsasən, erməni işğalçıları Ağdam, Kəlbəcər və Laçın rayonlarını döyüşsüz tərk etməli oldular. Kəlbəcəri boşaltmaq (bəyanata əsasən, 15 noyabrda olmalı idi) üçün 10 gün əlavə möhlət alan ermənilər möhlətdən sui-istifadə edərək Arzu xatın kilsəsinin şərq divarındakı freskaların bir hissəsini xüsusi üsullarla xaricdən dəvət etdikləri mütəxəssislərin köməyi ilə kəsərək Ermənistana aparıblar.
Natiq Alışov bildirir ki, abidədə kompleks
şəkildə alban
memarlığına uyğun konservasiya işləri görülməli, kompleksin inkişaf
dinamikasının araşdırılması üçün
vaxtilə görkəmli arxeoloq alim Rəşid Göyüşov
tərəfindən başlanılan arxeoloji
tədqiqatlar bərpa edilməlidir.
Mədəniyyət.- 2023.- 25
yanvar.- S.4.