Gəncənin tarix yadigarlarından
– “Çökək hamam”
Gəncə şəhəri tarix-mədəniyyət
abidələri ilə
zəngindir. Şəhərdəki “Çökək hamam” da maraqlı
tikililərdəndir. 1606-cı
ildə memar Şeyx Bahəddinin layihəsi əsasında Səfəvi hökmdarı
Şah Abbasın əmri ilə inşa edilən hamam “Şah Abbas hamamı” da adlanır.
Tarixçi Azad Bayramov deyir ki, hamamın “çökək” adlandırılması
onun quruluşu ilə bağlıdır. Hamama verilən
suyun təzyiqini təmin etmək üçün onu çökəkdə inşa
ediblər.
Hamam odunla qızdırılıb. Zirzəmidə iki buxar qazanı
yerləşir. Su Şatır arxı və Hacı Bağır kəhrizləri
üstündə qurulan
supaylayıcıdan götürülüb,
hamamın divarlarında
və döşəməsində
quraşdırılan keramik
borularla qızdırıldıqdan
sonra, onun buxarı zallara ötürülüb. Beləliklə, həm zallar, həm də hamamın divarları isidilib.
Hamamın tikintisində o zamanın ənənəvi materiallar
– qırmızı kərpic,
yumurta ağı və gil-əhəngdən
istifadə edilib. “Çökək hamam”ın
iki böyük və bir kiçik
günbəzi var. Böyük
günbəzlərin qırağında
ventilyator rolu oynayan yarımgünbəzlər
tikilib. Onlardan ventilyasiya boruları
divarların içərisindən
hamama doğru ayrılır. Qışda isti,
yayda isə sərin olub.
Hamamın bir giriş qapısı və tunelə oxşar yolu mövcuddur. Abidə 2013-cü ildə
bərpa olunub.
Mədəniyyət.- 2023.- 27
yanvar.- S.4.