İki fədakar ömrün birləşmə nöqtəsi – xəlqi amal

 

Həmidə  Cavanşir  Məmmədquluzadə-150

 

Böyük Mirzə Cəlilin Bakıdakı mənzil-muzeyində bir neçə dəfə olmuşam. İlin hansı fəslində getməyimdən asılı olmayaraq, hər o evin kandarından keçib əsas otağa – Mirzənin masasının olduğu yerdə dayananda canıma bir üşütmə gəlir. Tez qanrılıb qəzəbdən əlyazmalarını yandırdığı soba tərəfə baxıram...

Bu məkana hər gəlişimdə iki hissin arasında qalıram: görəsən, Mirzə Cəlil ilə ömür-gün yoldaşı Həmidə xanım Cavanşir (Məmmədquluzadə) bu yuvada xoşbəxt olublar, yoxsa...

Həmən bu hissi də başımdan qovub keçirəm evin ən yuxarı hissəsindəki kiçik otağa – Həmidə xanımın “Molla Nəsrəddin” məcmuəsinin çap olunduğu otaqdan bir göz oyandakı məkanına. Burada özümə təsəlli verirəm: yox, bu adamlar böyük millət, xalq sevdalısı idilər və sözsüz ki, bütün ali duyğularının fövqündə elə çox sevdikləri xalqa məhəbbət və bu məhəbbətdən doğan yanğı dayanırdı.

Mənzil-muzeyə budəfəki gəlişimin başqa bir səbəbi vardı: Həmidə xanım Cavanşir-Məmmədquluzadənin 150 illik yubileyi.

“Mirzə Cəlil ocağında xoş gördük sizi. Hər yeni qonaq bizi, bizdən də çox, mənə elə gəlir ki, bu evin divarlarını, əşyalarını, burada dolaşan ruhları sevindirir. Sözsüz ki, əsas səbəbi bu ocağın təkcə bir ailəyə yox, az qala bütün millət sevdalılarına yuva olmasıdır”, – deyir həmişəki məhrəm təbəssümü ilə bizi qarşılayan muzeyin direktor əvəzi Yeganə Məmmədova.

Onunla yenə ekspozisiya zallarını, böyük bir ailənin yaşadığı otaqları dolaşırıq. Yeganə xanımdan muzeylə tanışlığa Həmidə xanımın otağı ilə başlamağı xahiş edirəm. İstəyirəm ev sahibəsinin “nəzarəti” ilə dolaşım buraları.

Otağına keçirik. Sadə tərtibatlı kiçik otaqda onu andıran, ona aidonun nizamı ilə düzülmüş məhdud əşya içərisindən həm də tibb çantası kimi istifadə etdiyi qadın çantası və yaxşı tikiş qabiliyyətinin göstəricisi olan tikiş maşını diqqətimi cəlb edir.

Məlumat üçün deyim ki, Həmidə xanım Cavanşir 1873-cü il yanvarın 19-da Şuşa qəzasının Kəhrizli kəndində dünyaya gəlib. Atası Əhməd bəy Cavanşir görkəmli maarifçi, tarixçi olub. Atası deyirdi: “Mənim qızım elə olmalıdır ki, biz kişilər ölüb getsək, bizi şərəflə əvəz edə bilsin”. Qızını kişi qeyrətli görmək istəyən Əhməd bəy onun mükəmməl təhsil almasına çalışıb. Atasının sayəsində Həmidə xanım hələ yeniyetmə yaşlarından rus dilini öyrənib, yüksək intellektə, geniş dünyagörüşünə malik olub.

Əhməd bəyin vəfatından sonra Həmidə xanım Qarabağın Kəhrizli kəndində ata mülkünü idarə edib. O, nəinki Kəhrizli kəndinin, hətta bütün Qarabağın ona pənah gətirən insanlarından kömək əlini heç vaxt əsirgəməyib. Aclıq və qıtlıq illərində Həmidə xanım Qarabağ əhalisinə əl uzadar, onlara yardım edərdi. O, Tiflis Müsəlman Qadınları Xeyriyyə Cəmiyyətinin yaradıcılarından və ən fəal üzvlərindən olub...

Bayaqdan Həmidə xanım haqqında məlumatları diqqətə çatdıran Y.Məmmədova bütün ekspozisiyalarda onu unutmadıqlarını, Mirzə Cəlillə çiyin-çiyinə xalqı üçün çalışan xanımı sevgiylə, ehtiram ilə yad etdiklərini deyir: “1905-ci ildən artıq Mirzə Cəlilin həyatında Həmidə xanım vardı. Onlar Tiflisdə tanış olublarsonra Mirzə Cəlil ona evlilik təklif edir. O da gedib bunu yaxın qohumları ilə məsləhətləşir. Onun Mirzə Cəlillə evlənməsinə etiraz edənlər çox olur. Amma atasının həkim olan qohumu bu evliliyin təkcə iki insanın yox, ümumilikdə toplumun, xüsusən Həmidə xanımın həyatını tamam dəyişəcəyini deyir və razılıq verir. Üstəlik, xaraktercə məğrur, ötkəm qadına bu evliliyin heçasan olmayacağını, Cəlillə keçə biləcəyi çətinliklərin olacağını da xatırladır. 1907-ci ildə “Molla Nəsrəddin”  jurnalında erməni və müsəlman (Azərbaycan) qadınlarına xitab olan bir felyeton dərc edilir. Həmidə xanım Ağcabədidə bu materialı oxuyur və anlayır ki, evlilik üçün seçimi məhz o olmalıdır. Beləcə, iki ilə xanımı yola gətirə bilməyən Mirzə onu bir felyetonu ilə ovsunlaya bilir”.

Evlənərkən hər ikisi həm həyatları, həm də ömür yaşları əsl məntiq, duyğulardan çox ağıl ilə verilən qərar mərhələsində idi. Bu izdivacdan Midhəd və Ənvər adında iki oğulları olsa da, əvvəlki evliliklərindən də oğul və qızları var idi. Beləcə, toplamda 6 uşaqla xoşbəxt bir ailə başçısı olmaq, bütün çətinliklərə rəğmən təkcə özü üçün deyil, xalq üçün yaşamaqsözün bütün mənalarında, çarpışmaq Məmmədquluzadələrin boyuna biçilmişdi.

Həmidə xanımı həmvətənlərinin maarifdən kənarda qalması hər zaman narahat edib. O, atasının ən böyük arzusunu gerçəkləşdirmək üçün doğma kəndi Kəhrizlidə xüsusi bina tikdirərək məktəb açıb. Mirzə Cəlil də həyat yoldaşının bu fəaliyyətini bəyənərək məktəbin avadanlıqla təmin olunmasında yaxından iştirak edib. Ümumiyyətlə, Mirzə Cəlil-Həmidə xanım cütlüyü nəsillərə nümunə ola biləcək bir ailə olub. Tale həyat yollarını birləşdirənəcən onları çətin sınaqlardan keçirmişdi. Unudulmaz ədiblə 25 illik birgə həyatları boyu bütün varidatını, sərvətini həm də Mirzə Cəlilin yaradıcılığına sərf edən Həmidə xanım böyük ədibin ağır və xoş günlərinin şəriki, əsl silahdaşı, fədakar, dözümlü, mübariz dostu olub.

Yeganə xanım ağır sınaqların daim onları müşayiət etdiyini, buna rəğmən hər ikisinin nikbinlikmübarizliyi sayəsində bu sınaqlara sinə gərə bildiklərini deyir: “Bu illər ərzində Cəlil Məmmədquluzadə kəskin ittihamlara, iftiralara, təzyiqlərə məruz qalıb. Həmidə xanım ona mənəvi dayaq olaraq çalışıb ki, Mirzə Cəlili nikbin ovqata kökləsin, onun ağır sınaqlardan mətanətlə çıxmasına yardım göstərə bilsin. O, Mirzə Cəlili sevdi, millətini xurafatdan, nadanlıqdan xilas etmək üçün bu ziyalı ilə əl-ələ verərək çox xeyirxah, nəcib işlərə imza atdı”.

***

Gözüm otaqdakı böyük aynanın yanından asılan gözəl qız fotosuna sataşır. Mina Davatdarovanın, Həmidə xanımın ilk nikahından olan, 25 yaşında xəstəliyi ilə barışa bilməyib intihar edən gözəl qızının fotosu məni valeh edir. Bu zərif fotonun “çağırışı” ilə divardakı xoşbəxt ailə rəsmləri – 6 uşaqlı böyük ailənin müxtəlif zamanlarda Şuşada, Tiflisdə, Ağcabədidə, Bakıda çəkdirdikləri şəkillər diqqətimi cəlb edir. Burada həmçinin evin sahibəsi ilə bağlı müxtəlif sənədlərin surətlərini görürük.

Dəbdəbədən uzaq, sadə həyat sürən Həmidə xanımın şəxsi əşyaları arasından ötüb yan zalaqonaq otağına keçirik. Burada hər şey onu xatırladır. Yeganə xanım deyir ki, bu otağa sırf onun zövqünə uyğun tərtibat verilib. Ağcabədidən xatirə olaraq çaydanını və çırağını da özü ilə gətirən Həmidə xanım ömrü boyu yurduna, el-obasına, doğma Ağcabədisinə sadiq olub: “Görkəmli tədqiqatçı, salnaməçi Qulam Məmmədli bu evdə çox olub və otaqların quruluşu haqqında məlumatları da bizə o verib. Çünki o, bu evə, ailəyə çox yaxın olub”.

Tibbə maraq göstərən Həmidə xanımın əşyaları arasında bu sahəyə aid nümunələr də var. Bu məqam da Mirzə Cəlillə bağlıdır. Belə ki, o, Həmidə xanıma Moskvadan aldığı xalq təbabəti ilə bağlı bir kitabı bağışlayır. Elə o vaxtdan oradan oxuduqları ilə el-obasında mütəmadi yayılan kütləvi xəstəliklərə də çarə qılmağa çalışan Həmidə xanımın əl çantası ənlik-kirşandan çox dava-dərmanla dolu olarmış.

Həmsöhbətim deyir ki, Həmidə xanım həmin peyvəndləri öz vəsaiti ilə alır və peyvəndləməni şəxsən özü aparırdı: “Bilirsiniz ki, onun atasının böyük malikanəsi, toxuculuq fabriki olub və Əhməd bəyin vəfatı ilə bütün işlər dayanıb. Mirzə ilə evlilikdən sonra atasının fabrikini işə salan, Qarabağda qız məktəbi açan Həmidə Cavanşir Mirzə Cəlilə daim dəstək olub. Ümumiyyətlə, xalqa xidmət, qarşılıqlı dəstək və sayğı bu ailə üçün həmişə ön planda durub. Onların məktublarını oxuduqca, xüsusən Mirzənin Ağcabədiyə – Həmidə xanıma yolladığı yazıları gözdən keçirdikcə onun duyğularına, səbrinə, sevgisinə heyran oluram. Həmidə xanımın ötkəmliyi, ağayanalığı Mirzə Cəlili heç vaxt bezdirməyib. Həmidə xanım məişət yox, xalq, millət üçün çalışan ziyalı olub. Ondan evinə, mətbəxinə sığmağı yəqin ki, heç Mirzə də tələb etməyib. Bu mənada Həmidə xanımı da anlamaq olar. Evin bir otağının redaksiya olması və bütün günü insanlarla aşıb-daşması müəyyən məqamlarda onu da narahat edib və yəqin ki, buna görə evin ən uzaq nöqtəsində özünə otaq ayırıb”.

Ləyaqətlə yaşayıb səksən iki il ömür sürən Həmidə Cavanşir-Məmmədquluzadə 6 fevral 1955-ci ildə vəfat edib. Ömrünün sonunadək Mirzə Cəlil irsinə və amallarına sadiq olub.

...İki ömrün anlarına şahidlik edən evə daxil olarkən öz-özümə verdiyim sualın cavabını oranı tərk edəndə özüm üçün ümumən hasil etmişdim. Böyük idealları olanbütün duyğularının başında xəlqi məhəbbət dayanan insanlar xoşbəxt insanlardır və xatirələri daim yaşamalıdır. Axı, onlar öz ömürlərini məhz bu amal üçün sərf ediblər.

 

Həmidə Nizamiqızı

Mədəniyyət.- 2023.- 27 yanvar.- S.6.