“Xocavənddəki tarı gətirə
bilmədim...”
Qazi xanəndə Vətən
müharibəsindəki döyüş yolundan danışır
44 günlük haqq savaşımızda minlərlə igid Vətən oğlu şəhadətə yüksəldi, yaralanıb qazi adını aldı. Onların qəhrəmanlığı, fədakarlığı sayəsində otuzillik işğal başa çatdı, ərazi bütövlüyümüz bərpa olundu. Müharibə zamanı yumruq kimi birləşən xalqımız dünyaya göstərdi ki, məqamı gələndə, mövzu Vətən olunca hər kəs əsgərə çevrilir.
Həqiqətən də, ərazi bütövlüyümüzün bərpası uğrunda müxtəlif peşə sahibləri, o cümlədən mədəniyyət və incəsənət sahəsində fəaliyyət göstərənlər də düşmən üzərinə yeridilər. Onların sırasında da şəhadətə yetənlər, sağlamlığını itirənlər oldu...
Toğrulun tarı...
Vətən müharibəsindən keçən iki il müddətində bir sıra tədbirlərdə qazi bəstəkar, qazi mədəniyyət işçiləri ilə mütəmadi olaraq rastlaşırıq. Diqqətimi çəkən məqamlardan biri də “Çıxış edir Vətən müharibəsi qazisi, xanəndə Məbud Əhmədov” təqdimatı oldu. Məbud özü haqqında danışmağı sevməsə də, tədbirlərin birində, döyüş yolu haqqında qısa məlumat ala bildik. Məbud Əhmədov o qəhrəmanımızdır ki, Vətən müharibəsində yaralanmış, cərrahi əməliyyat masasında ifa etdiyi “Qarabağ” mahnısı ilə sorağı bütün ölkəyə yayılmışdı...
Məbud Əhmədov 1996-cı il noyabrın 9-da paytaxtın Qaradağ rayonunun Lökbatan qəsəbəsində anadan olub. İlk musiqi təhsilini Cabbar Qaryağdıoğlu adına Musiqi məktəbində alıb. Daha sonra Milli Konservatoriyada oxuyub. Burada magistr təhsili də alıb, Xalq artisti, görkəmli muğam ustadı Arif Babayevdən sənətin sirlərini öyrənib.
O, təhsilini başa vurub hərbi xidmətə yola düşür. Xidmət müddətində komandir heyəti Məbudun xanəndə olduğunu bildikdə vaxtilə onunla bir təhsil ocağında oxumuş əsgərə – tarzən Toğrul Hacıyevə tarını hərbi hissəyə gətirməsini xahiş edirlər. Beləliklə, bazar günləri əsgərlər üçün konsertlər təşkil olunur.
Altı ayın əsgəri olan Məbudun döyüş yolu Füzuli rayonunun Horadiz qəsəbəsi istiqamətindən başlanır. Burada döyüşçü yoldaşlarından bir neçəsini itirir. Milli Konservatoriyanın tələbəsi, tarzən Toğrul Hacıyev də orada şəhid olur. Məbud deyir ki, Toğrulun atası da I Qarabağ müharibəsində Horadizdə döyüşmüş qazi idi və qismətdən oğlu atasının yaralandığı yerdə şəhid oldu.
39 gün düşmənə qarşı vuruşan qazinin döyüş yolu Xocavəndin Zoğalbulaq kəndinə kimi davam edir: “Hər bir şəraitlə üzləşirdik. Ac da qalırdıq, susuz da. Füzulidə təminat maşınımızı gözümüzün qarşısında vurdular. Tapşırıq gəldi ki, düşmənin yerləşdiyi həmin mövqeni tutmaq lazımdır. Bu tapşırığı canla-başla yerinə yetirib mövqeni ələ keçirdik. Amma yenə də dostlarımızdan şəhadətə yüksələnlər oldu”.
“Arzumuz Qarabağ torpağında “Qarabağ şikəstəsi”ni oxumaq idi”
Cəbrayıldakı döyüş yolundan danışan qazi duman içində qarşıdakı təpəliyin arxasında ermənilərlə üz-üzə dayanmalarından söz açır, zabit və əsgərlərimizin necə rəşadətlə, peşəkarcasına vuruşmasından danışır. Deyir ki, biz irəlilədikcə düşmən silahını qoyub qaçırdı: “Bəzən hətta sursata ehtiyacımız olmurdu. Düşmənin qoyub qaçdığı sursatları özlərinə qarşı istifadə edirdik. Mən tank əleyhinə minaatan silahından istifadə edirdim. Ən qızğın döyüşlərimiz Füzuli və Xocavənd istiqamətində oldu. Füzulinin Pirəhmədli kəndində bölüyümüz düşmənin bir tankını ələ keçirdi”.
Məbud Əhmədov bildirir ki, bizim düşməndən həm də fərqimiz onda idi ki, yaralı və şəhidlərimizi döyüş meydanında qoymurduq: “Həmin o çətin məqamlarda bir-birimizin qədrini, insan həyatının nə qədər qiymətli olduğunu bilməyə başladıq. İrəlilədikcə təminatımız gecikirdi. Çünki düşmən yolu vururdu. Bəzən olurdu ki, yarım litr suyu 30-40 nəfərlə bölüşürdük. Əsas amalımız şəhidlərimizin qisasını və torpaqlarımızı geri almaq idi. Cəbrayıl istiqamətində döyüşə gedəndə tabor komandirimiz tabor üçün marş sözləri yazmışdı, mən də musiqi bəstələdim. Biz hücuma keçəndə həmin sözləri “Çahargah” muğamı üstündə oxudum. Çünki “Çahargah” daha təntənəli və döyüş əzmli muğamdır. Döyüşə böyük ruh yüksəkliyi ilə gedirdik və hər döyüşümüz də uğurla nəticələnirdi. Harada olurduqsa, komandir məni oxutdururdu. Müharibəyə qədər bütün xanəndə və musiqiçilərin arzusu idi ki, Qarabağ torpağında “Qarabağ şikəstəsi”ni ifa etsinlər. Şükür Allaha ki, o torpaqda “Qarabağ şikəstəsi”ni səsləndirənlərdən biri də mən oldum”.
Müsahibim bu yerdə bir maraqlı xatirəsini dilə gətirir: “Xocavənddə idik. 3-4 gün orada qalmalı olduq. Bir evdə qalmağı məsləhət bildilər. Evə girib otaqları gəzəndə milli tar alətini gördüm. Həmin an Toğrulu xatırladım. Tarı döyüşdən xatirə kimi götürdüm. Amma elə həmin Zoğalbulaq kəndində yaralandım və tarı gətirmək qismət olmadı”.
Cərrahi əməliyyat masasında ifa...
Qazi xanəndə iki dəfə – oktyabrın 19-u və noyabrın 3-də yaralandığını deyir: “Kəllə-beyin travması almış, qolum, ayağımın arxası və barmaqlarım sınmışdı. Hadrut qəsəbəsində ilkin tibbi yardım aldıqdan sonra məni gecə Füzuli Rayon Diaqnostika Mərkəzinə gətirmişdilər. Dəyərli həkim Oqtay Mehdiyev cərrahi əməliyyat masasında soruşdu ki, əsgərlikdən öncə nə işlə məşğul olmusan? Dedim ki, xanəndəyəm. Dedi bir mahnı oxu. Mən də “Qarabağ” mahnısını oxudum. Səhəri gördüm ki, xəstəxanada hər kəs məndən danışır. Evdəkilər buna qədər yaralandığımı bilmirdilər”.
44 günlük savaş başa çatdıqdan sonra dövlət başçısının müvafiq sərəncamları ilə Füzuli, Xocavənd və Cəbrayılın azad olunmasına görə medallarla təltif edildiyini bildirən Məbud Əhmədov müharibədə iştirakının Vətən qarşısında bir borc olduğunu vurğulayır: “Vətəni dar günündə müdafiə etməli idik. Allah Vətən yolunda canını fəda etmiş bütün şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə şəfa diləyirəm. Məhz onların canı, qanı bahasına, Ali Baş Komandanın düzgün siyasəti nəticəsində torpaqlarımız işğaldan azad olundu”.
Bu gün Məbud tez-tez tədbirlərə, televiziya verilişlərinə dəvət alır. Öz məlahətli səsi ilə sevimli peşəsini davam etdirməklə yanaşı, həm də keçdiyi döyüş yolundan fəxrlə danışır...
L.Azəri
Mədəniyyət.- 2023.- 27
yanvar.- S. 5.