Qan yaddaşımız – Mart soyqırımı

 

Azərbaycan tarixinin ən qanlı səhifələrindən olan 1918-ci ilin mart qırğınlarından 106 il ötdü. Bölgələrdə fəaliyyət göstərən mədəniyyət müəssisələrində 31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bir sıra tədbirlər keçirilib.

Quba-Xaçmaz RMİ-nin təşkilatçılığı ilə Quba rayon MKS və Bəşir Səfəroğlu adına Quba rayon Mədəniyyət Mərkəzi tərəfindən “Yaddaşlardan silinməyən faciə” mövzusunda dəyirmi masa keçirilib. Əvvəlcə “31 mart – Azərbaycanlıların Soyqırımı Günüdür” adlı kitab sərgisinə baxış olub. Çıxışlarda müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin möhkəm siyasi əzmi və qüdrətli Ordumuzun şücaəti sayəsində əldə edilən tarixi Zəfərlə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam təmin edildiyi, bununla da erməni cəlladlarından qisasın alındığı qeyd olunub.

Siyəzən rayon Heydər Əliyev Mərkəzi, Quba-Xaçmaz RGİİ Siyəzən rayonu üzrə gənclər və idman sektoru və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə “Mart soyqırımı – bir günün tarixi” mövzusunda anım tədbiri təşkil edilib. Bildirilib ki, Mart soyqırımı öz miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində ən qanlı faciələrdən biridir. 1918-ci ilin mart-aprel aylarında erməni-daşnak silahlı dəstələri tərəfindən Bakı şəhərində və digər bölgələrdə törədilmiş kütləvi qırğınlar nəticəsində on minlərlə soydaşımız etnik və dini mənsubiyyətinə görə xüsusi qəddarlıqla qətlə yetirilib, bir çox mədəniyyət abidələri, tarixi binalar və məscidlər dağıdılıb. Sonda 1918-ci ilin mart hadisələrinə həsr olunmuş sənədli film nümayiş etdirilib.

***

Şirvan-Salyan RMİ-nin təşkilatçılığı ilə Hacıqabul rayon Mədəniyyət Mərkəzində Biləsuvar rayon Mədəniyyət Mərkəzinin “Pəncərə” teatrının təqdimatında “Qisas” tamaşası nümayiş olunub.

Tamaşanı Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, Şirvan-Salyan RMİ-nin rəisi Şahin Şahbazov, hüquq mühafizə orqanlarının rəhbərləri, idarə və təşkilatların nümayəndələri və rayon sakinləri izləyiblər.

“Qisas” tamaşası bir gün sonra Şirvan şəhər Mədəniyyət Mərkəzinin səhnəsində də oynanılıb. Tamaşada xalqımızın azadlığı və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin qəhrəmanlığından bəhs olunur.

Yazıçı-publisist Ruhiyyə Abbaszadənin “Qisas” hekayəsinin motivləri əsasında hazırlanan tamaşanın rejissorları İlqar Dadaşov və Cahangir Məlikovdur. Rolları Adil Əhmədov, Cahangir Məlikov, Günel Mirzəyeva, Seymur Həsənov, Sevil Əliyeva, Ceyhun Haxverdiyev, Vasif Əsgərov və Harun Haxverdiyev canlandırıblar.

Şirvan-Salyan RMİ və Biləsuvar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Biləsuvar rayon Heydər Əliyev Mərkəzində Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan elmi konfrans keçirilib. Çıxış edənlər soyqırımı haqqında ətraflı məlumat veriblər. Bildirilib ki, Ümummilli lider Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” müvafiq fərmanında bu hadisələrə siyasi qiymət verilib və azərbaycanlıların ermənilər tərəfindən soyqırımına məruz qaldıqları ilk dəfə rəsmi şəkildə bəyan olunub. Prezident İlham Əliyev tərəfindən imzalanmış “Quba şəhərində Soyqırımı memorial kompleksinin yaradılması haqqında” müvafiq sərəncam Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində atılan mühüm addımdır. Konfransda həmçinin Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən ölkəmizin tarixi ilə bağlı həqiqətlərin, xalqımızın haqq səsinin dünyaya çatdırılması istiqamətində həyata keçirilən irimiqyaslı layihələrdən də söhbət açılıb.

***

İsmayıllı rayon Heydər Əliyev Mərkəzində rayon Fazil Əzimov adına Uşaq incəsənət məktəbi ilə birgə Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş rəsm sərgisi keçirilib. İki hissədən ibarət olan tədbirdə əvvəlcə mərkəzin rəsm dərnəyi, daha sonra incəsənət məktəbinin şagirdləri iştirak ediblər. Fəal iştirakçılar fəxri fərmanlarla təltif olunublar.

***

Şuşa Dövlət Rəsm Qalereyası (Bakı şəhəri) “Əsrin faciəsi” adlı sərgi təşkil edib. Tədbirdə Mart soyqırımı haqqında məlumat verilib və onun beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması istiqamətində atılan addımlardan danışılıb. Sonra tədbirdə iştirak edən şagirdlər soyqırımına həsr olunmuş şeirlər söyləyib, səhnəciklər nümayiş etdiriblər.

***

Şərqi Zəngəzur RMİ-nin tabe müəssisələrində Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbirlər keçirilib. Erməni daşnaklarının Azərbaycan xalqına qarşı törətdikləri soyqırımının tarixi haqqında məlumat verilib. Qeyd edilib ki, 1918-ci ilin mart və aprel aylarında Bakı, Şamaxı, Lənkəran, Quba və digər bölgələrimizdə 10 minlərlə azərbaycanlı qətlə yetirilib, evlər talan edilib, insanlar yurd-yuvasından didərgin salınıb. Mart qırğınlarına Ulu öndər Heydər Əliyev tərəfindən gerçək hüquqi-siyasi qiymət verilib, bu hadisə soyqırımı aktı kimi sənədləşdirilib.***

Astara rayon Heydər Əliyev Mərkəzində “Tarixdən heç bir şeyi silmək olmaz, onun hər bir mərhələsi xalqın salnaməsi, həyat yoludur” mövzusunda tədbir təşkil olunub. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə “Qan yaddaşı – 31 Mart” mövzusunda film nümayiş olunub. Daha sonra çıxış edənlər mövzu ətrafında fikirlərini bildiriblər.

Masallı Tarix-Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə “Mart soyqırımı – tarixin bir günü” mövzusunda tarix dərsi keçirilib. Muzeyin əməkdaşları tərəfindən şagirdlərə soyqırımın tarixi və ağır nəticələri haqqında məlumat verilib. Sonda məktəblilərin mövzu ilə bağlı sualları cavablandırılıb.

***

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş “Zaman” adlı onlayn sərgi təşkil edib.

26 rəssamın iştirak etdiyi sərgidə düşmən vandalizmini əsərlərində göstərən Bəhruz Kəngərlinin, döyüşçü rəssam İbrahim Safinin, Mehdi Hüseynzadənin, Zəfər xəbərini eşitmədən dünyasını dəyişən rəssamlarımızın əsərləri ilə yanaşı, müasir fırça ustalarının da əl işləri yer alıb.

***

Qazax Dövlət Rəsm Qalereyasında “XX əsrin unudulmayacaq vəhşiliyi” başlığı altında rəsm sərgisi təşkil edilib. Sərgidə dərnək üzvlərinin mövzunu əks etdirən rəsmləri nümayiş olunub.

Tovuz rayon Mərkəzi Kitabxanası Tovuz Regional “ASAN Xidmət” mərkəzində “Tarixi həqiqətlər” mövzusunda dəyirmi masa keçirib. Çıxış edənlər erməni millətçilərinin tarixin müxtəlif mərhələlərində mifik “böyük ermənistan” yaratmaq xülyasını gerçəkləşdirmək məqsədilə azərbaycanlılara qarşı törətdikləri qanlı faciələrdən biri olan Mart soyqırımının öz amansızlığı və miqyasına görə ən dəhşətlisi olduğunu deyiblər.

Tovuz rayon Düz Qırıqlı kənd Uşaq musiqi məktəbində “Tarixin bir günü və ya bir günün tarixi” mövzusunda konfrans keçirilib. Çıxışlarda ermənilərin zaman-zaman xalqımıza qarşı həyata keçirdikləri soyqırımı, etnik təmizləmə və deportasiya siyasəti barədə məlumat verilib, mənfur qonşularımızın tarix boyu “böyük ermənistan” xülyası ilə yaşadıqlarından və hər zaman torpaqlarımıza göz dikdiklərindən bəhs olunub.

Qazax-Tovuz RMİ-nin tabeliyində fəaliyyət göstərən digər müəssisələrdə də Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbirlər keçirilib.

 

Nurəddin Məmmədli

Mədəniyyət.- 2024.- 5 aprel, ¹25-26.- S.4.