Uşaq musiqi məktəbində muğamşünaslıq üzrə mühazirə

 

 

Bakı şəhər Baş Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən 10 nömrəli Uşaq musiqi məktəbində muğamşünaslıq üzrə “Çahar risaləsi” adlı elmi mühazirə keçirilib.

Tədbirdə məktəbin müəllimi, tədqiqatçı Günel Soltanzadənin muğam sənəti ilə bağlı mühazirəsi dinlənilib, mühazirə məktəbin üç müəlliminin ifasında muğamlardan paçalarla müşayiət olunub.

Mühazirənin təşkilində məqsəd xalqımızın mədəni-genetik yaddaşı olan muğamın tarixinə nəzər salmaq, müxtəlif tarixi dövrlərdə muğama həm elmi nöqteyi-nəzərdən, həm də ifaçılıq tərəfindən yanaşmaları diqqətə çatdırmaqdır.

Mühazirəyə hind musiqiçisi və filosofu Həzrət İnayət Xanın (1882–1927) “Musiqi sənətlərin sənəti, elmlərin elmidir. Onun daxilində bütün biliklərin mənbəyi gizlənmişdir”  sözləri ilə başlayan Günel Soltanzadə Şərq musiqi elminin inkişafında və dövrümüzə gəlib çatmasında Əl-Kindi, Əl-Fərabi, İbn-Sina və digər mütəfəkkirlərin müstəsna rolu, Şərq mədəniyyətinin fenomeni olan muğamın uzunmüddətli təkamül və təşəkkül yolu keçməsi, muğamın özündə dini, fəlsəfi, tərbiyəvi, kosmoloji cəhətlərin birləşməsi, insanın əhval-ruhiyyəsinə, özünü və dünyanı dərk etməsinə təsiri barədə bəhs edib.

Mühazirəçi Azərbaycan muğam mədəniyyətinin inkişafında müstəsna rolları olmuş alimlərin, o cümlədən S.Ürməvi, M.M.Nəvvabın əsərləri barədə məlumat verib. Həmçinin XIX əsrdə Azərbaycanın üç tarixi-mədəni mərkəzində – Qarabağ, Şamaxı-Şirvan və Bakı musiqi məclislərinin fəaliyyətə və hər məclisin muğama fərqli münasibətinə, həmin dövrün ab-havası və ifaçılıq məsələsinə toxunulub.

Müasir dövrdə dərslik proqramına əsasən tədris edilən 7 əsas muğam (“Rast”, “Şur”, “Segah”, “Çahargah”, “Bayatı-Şiraz”, “Şüştər”, “Hümayun”), kiçik həcmli (“Qatar”, “Bayatı-kürd”, “Şahnaz”) və zərbi muğamlar (“Heyratı”, “Arazbarı”, “Mənsuriyyə”) haqqında məlumat verilib.

Məruzənin məzmununa uyğun olaraq, məktəbin müəllimləri Seyran Əliyev (xanəndə), Elçin Mehdiyev (qarmon) və Rəşad Bağırovun (tar) ifasında muğam nümunələri təqdim edilib. O cümlədən səsinin ahəngi ilə fərqlənən xanəndə Seyran Əliyev Qarabağ, Şamaxı-Şirvan, Bakı muğam məktəblərinə aid nümunələri ifası ilə təhlil edərək dinləyicilərin nəzərinə çatdırıb. Həmçinin muğamla bağlı bəstəkar musiqiləri (Həsən Rzayevin “Çahargah rapsodiyası”) ifa edilib.

Dörd müəllimin birgə əməyi nəticəsində ərsəyə gələn və buna görə “Çahar risaləsi” adlandırılan mühazirə maraqla qarşılanıb. Uşaq musiqi məktəblərində gənc müəllimlərin pedaqoji fəaliyyətdə muğamın təbliğinə, elmi təhlilinə və şagirdlərə düzgün öyrədilməsinə xüsusi diqqət ayırması təqdirəlayiqdir.

 

Mədəniyyət.- 2024.- 5 aprel, ¹25-26.- S.7.