Pir Hüseyn Xanəgahında
erməni talanları
Böyük İpək Yolu üzərində yerləşən
Hacıqabul rayonu müxtəlif vaxtlarda fərqli şəkildə
adlandırılmışdır. Sasanilər dövründə
bu strateji məntəqə Güştasib, Hülakilər
dövründə isə Mahbudabad kimi
tanınmışdır.
Rayon ərazisi tarixi-mədəni abidələrlə
zəngindir. Buradakı tarix yadigarlarından ən məşhuru
isə Bakıdan 127 km məsafədə yerləşən
Pir Hüseyn Xanəgahıdır. Xanəgah XI–XIV əsrlərdə
Şirvanşahlar tərəfindən tikilmişdir. Şirvan
memarlıq üslubunda inşa olunmuş xanəgah öz
görünüşü ilə Elxani hökmdarlarının
da diqqətini cəlb etmişdir.
Pir Hüseyn Şirvani 954-cü ildə anadan olmuş,
1072-ci ildə vəfat etmişdir. O, dövrünün
görkəmli alimi, İslam nəzəriyyəçisi və
sufilikdə “Qələndəriyyə” adlı təriqətin
başçısı, bu təriqətdə
üçüncü dərəcəyə
çatmış “Əl-Salik” titulu ilə şöhrət
tapmışdır. Hind tarixçisi Vəssaf onu yüksək
dəyərləndirərək “Dünyanın piri”
adlandırmışdır.
Bu görkəmli alim-mütəfəkkirin
adını daşıyan abidə kompleksi tarixin müxtəlif
mərhələlərində dağıntılara məruz qalmışdır.
Tarixçi Vəssafın yazdığına nəzər
salsaq, görərik ki, xanəgaha vurulan ziyanlar ta qədim
zamanlardan başlamışdır: “Qızıl Orda xanı
Sultan Məhəmməd Özbək Pir Hüseyn Xanəgahına
ziyarətə gəlmiş, qoşunlarının talan etdiyi əmlakı
geri qaytarmış, hətta kişi və qadınları qul
olmaqdan azad etmişdir”.
1858–1861-ci illərdə Sankt-Peterburq
akademiyasının üzvləri Bartolomey, Xanikov və Dorn
Qafqazda və Xəzər sahili ölkələrdə hərbi
xidmətə təyin olunmuşdular. Onlar yerli xalqların adət-ənənələrini,
etnoqrafiyasını, tarixi abidələrini öyrənirdilər.
Peterburqun Ermitaj Muzeyində numizmatika ilə məşğul
olan Bartolomey xanəgahı xaraba halında görməsinə
baxmayaraq, Pir Hüseyn türbəsinin və məscidinin
kaşı parçaları onu heyrətə salmış və
o, kompleksin Peterburqa köçürülməsini təklif
etmişdir. Sonradan kompleksin Tiflisə köçürülməsinə
dair qərara gəlsələr də, xoşbəxtlikdən
bu iş yerinə yetirilməmişdir. Xanəgahın
kaşı parçalarının Avropa muzeylərinə
satılması XIX əsrin ortalarında da davam etmişdir...
***
Tarixən Azərbaycanın çoxəsrlik mədəni
mirasına qarşı qənim kəsilən bədnam ermənilər
də zaman-zaman bu abidəni məhv etməyə
çalışmışlar. Tiflis Qafqazşünaslıq
İnstitutunun elmi katibi S.V.Ter-Avetisyan 1907-ci ildə xanəgahda
işə başlamışdır. O burada işlədiyi vaxt
kompleksdə olan kaşı parçalarının fotoşəkillərini
çəkmişdir. Rus şərqşünası
V.Kraçkovskaya Ter-Avetisyanın ona təqdim etdiyi materiallar əsasında
kaşı parçaların kitabələrini oxumuşdur.
Kraçkovskayanın yazdığına görə,
Ter-Avetisyanın xanəgahda işə başlamasından sonra
abidədəki kaşı parçaları yoxa
çıxmışdır. Sonralar bu nümunələrin
sorağı xarici muzeylərdən gəlməyə
başlamışdır.
Xanəgahın kaşı parçaları daha
çox Parisə daşınıb aparılmışdır.
Kaşılar, əsasən, M.Kələkyan və M.Duffentyum
tərəfindən talan edilmişdir.
Rus tarixçisi V.Sisoyev 1925-ci ildə nəşr
etdirdiyi məqaləsində yazırdı ki, Pir Hüseyn
türbəsində olan kaşıların böyük hissəsi
1918-ci ildə abidəni zəbt etmiş erməni hərbi dəstələri
tərəfindən sındırılıb
dağıdılmışdır.
Yeri gəlmişkən deyək ki, erməni vandalları
1918-ci ilin 30-31 mart tarixlərində və aprelin ilk günlərində
Bakıda və Azərbaycanın digər ərazilərində
xalqımıza qarşı soyqırımı cinayətləri
törətmişlər. 1918-ci ildə S.Lalayanın
başçılıq etdiyi erməni quldur dəstələri
Hacıqabul, Navahı, Neftçala və s. rayonlarda
böyük qətllər həyata keçirmişlər.
Soyqırımı nəticəsində Navahı kəndində
min nəfərə yaxın sakin qətlə yetirilmişdir.
Onlardan 260-ı qadın, 140-ı uşaq idi.
Qubalıbaloğlan kəndindən 250 kişi, 150 qadın, 135
uşaq, Padar və Abdulabad kəndlərindən 80, Meynimandan
43, Rəncbərdən 137, Paşalıdan 50 və
Şorbaçıdan 40 nəfər xüsusi
amansızlıqla öldürülmüşdür.
Osmanlı ordusunun generalı Nuru paşanın rəhbərliyi
ilə ölkəmizə köməyə gələn Qafqaz
İslam Ordusu düşmənin cavabını layiqli şəkildə
vermiş, torpaqlarımız erməni quldur dəstələrindən
azad edilmişdir. Bu qardaşlığın, birlik və həmrəyliyin
nişanəsi olan Qubalıbaloğlan kəndindəki Azərbaycan-türk
məzarlığı bu gün də and yerimizdir. Buradakı
12 məzardan 6-sı Azərbaycan şəhidlərinə, digərləri
qardaş ölkədən gəlmiş şəhidlərə
məxsusdur.
Erməni quldurları xalqımıza qarşı
törətdikləri qətliamlarla kifayətlənməyərək
tarix-mədəniyyət abidələrini də misli
görünməmiş vandalizmə məruz qoymuşlar. Həmin
dövrdə Pir Hüseyn kompleksi də xarabalığa
çevrilmişdir.
***
Xanəgaha qarşı məkrli planlar sonrakı
dövrlərdə də davam etmişdir. Bu dəfə ermənilər
abidəni yer üzündən tamamilə silmək qərarına
gəlmişlər. Xanəgahın arxa hissəsində olan
Pirsaat su anbarı 1957-ci ildə SSRİ Meliorasiya Nazirliyi tərəfindən
erməni Akopyanın layihəsi əsasında tikilmişdir. Əslində,
sözügedən su anbarı 2 km aralıda tikilməli idi.
Akopyanın su anbarını xanəgahın arxa hissəsində,
daha yaxın ərazidə tikməsinin səbəbi ondan ibarət
idi ki, müntəzəm olaraq bənddən sızan su tədricən
abidəni məhv etsin. Təbii ki, su anbarının burada
tikilməsinin başqa səbəbləri də vardı. Su
anbarının tikildiyi ərazidə vaxtilə
mumiyalanmış meyitlər, muncuqlar və digər tarixi
nümunələr aşkar olunmuşdu. Təsadüfi deyil
ki, sözügedən ərazidə daha çox qədim
muncuqlar aşkar olunduğu üçün bu məkan
“Muncuqluq” adlanırdı...
1959-cu ilin 6 aprel tarixində suyun çoxalması nəticəsində
su anbarı yarılmış və sel suları xanəgahdan
keçərək ətrafdakı Qubalıbaloğlan, Rəncbər
və Navahı kəndlərini su altında qoymuşdur. Abidə
təsadüfən fəlakətdən salamat qurtulmuşdur.
***
Əsrlərin yadigarı olan xanəgah kompleksi öz
layiqli qiymətini ölkəmiz müstəqilliyini bərpa
etdikdən sonra almışdır. Mədəniyyət
Nazirliyinin müvafiq əmri ilə tikili ölkə əhəmiyyətli
tarixi abidə kimi qeydiyyata alınmış və 2004-cü
ildə “Pir Hüseyn Xanəgahı” Tarix-Memarlıq Qoruğu
yaradılmışdır. Bu kompleks qədimliyi, memarlıq
üslubu ilə dünya əhəmiyyətli abidələrdən
heç də geri qalmır. Hər bir vətəndaşımızın
borcudur ki, abidələrimizə qarşı həssas olsun,
onların qorunub gələcək nəsillərə çatdırılmasına
öz töhfəsini versin.
Məhərrəm Müslümov
“Pir Hüseyn Xanəgahı” Tarix-Memarlıq
Qoruğunun direktoru
Mədəniyyət.- 2024.- 5 aprel, ¹25-26.- S.6.