“Qurdlar və
qoyunlar”ı görməyə hazırsınız?
Moskvanın məşhur “Pyotr Fomenkonun Emalatxanası”
Teatrı mayın 18-də və 19-da Bakıda qonaq olacaq.
Kollektiv iki axşam Azərbaycan Dövlət Akademik Musiqili
Teatrının səhnəsində Aleksandr Ostrovskinin
eyniadlı pyesi əsasında hazırlanmış “Qurdlar və
qoyunlar” komediyasını paytaxtımızın teatrsevərlərinə
təqdim edəcək.
Tamaşaçısını sevən, klassik irsə
hörmət edən bütün Rusiya teatrları A.Ostrovskinin
yaradıcılığına müraciət edir. Maraqlıdır
ki, qonağımız olacaq teatrda bu tamaşanın
premyerası 1992-ci ilin mayında olub. Əfsanəvi teatr xadimi
Pyotr Fomenkonun (1932–2012) quruluş verdiyi “Qurdlar və qoyunlar” 32
ildir ki, klassikaya incə və sayğılı münasibəti,
əsərin tamamilə yeni çalarlarının
açılması ilə tamaşaçıları cəlb
edir. Səhnə əsəri ötən il yenilənən heyətlə
Bakıda oynanılacaq.
Pyotr Fomenkonun dəyişməz quruluşunda təqdim
edilən tamaşanın rejissoru Ma Çjen Xun, rəssamı
Tatyana Selvinskaya, musiqi tərtibatçısı Boris
Qorbaçovdur.
Tamaşada aktyorlar Nataliya Kurdyubova (Meropiya Murzavetskaya),
Aleksandr Morovov və Dmitri Zaxarov (Apollon Murzavetski), Mariya
Andreyeva (Qlafira Alekseyevna), Yekaterina Smirnova (Yevlampiya Kupavina), Qalina Kaşkovskaya (Anfusa
Tixonovna), Aleksey Kolubkov (Mixail Lınyayev) və b.
çıxış edirlər.
Tamaşa haqqında teatrın saytında verilən məlumatın
sonunda seyrçilərə bir xatırlatma da var: “Qurdlar və
qoyunlar”ın nümayişi zamanı müəllifin
remarkalarını və rejissorun müəyyən etdiyi
yaradıcı tapşırıqları yerinə yetirən
aktyorlar səhnədə siqaret çəkirlər. Təşkilatçılar
tamaşaya gələnlərə bu informasiyanı nəzərə
almağı təklif edirlər.
Gülcahan
Mədəniyyət.- 2024.- 5 aprel, ¹25-26.- S.5.