Novator bəstəkar
Şəfiqə Axundovanın 100 illiyinə həsr
olunmuş musiqi axşamı
Rəşid Behbudov adına Dövlət Mahnı
Teatrında görkəmli bəstəkar, Xalq artisti Şəfiqə
Axundovanın (1924–2013) 100 illiyinə həsr olunmuş konsert
keçirilib.
Aprelin 1-də təşkil olunan konsertdən əvvəl
musiqişünas Gülxanım Əsədzadə
çıxış edərək bəstəkarın
yaradıcılığından söz açıb. Bildirib
ki, bəstəkar daim axtarışda olub, milli və klassik
musiqi ənənələrinin vəhdətinə
çalışıb: “Şəfiqə Axundova Azərbaycan
musiqisinin ustad novatorlarındandır. O, “Gəlin qayası”
operası ilə öz adını mədəniyyət salnaməsinə
Şərq aləmində opera yazan ilk qadın bəstəkar
kimi həkk etdirib. Şəfiqə Axundova bu əsərlə
Üzeyir Hacıbəyli ənənələrini dinləyicilərə
yeni müstəvidə ötürüb. Üzeyir bəyin
xeyir-duası ilə bəstəkarlığa başlayan Şəfiqə
xanımın yaradıcılığında mahnı
janrı da ana xətt hesab oluna bilər. Bəstəkar
özünü musiqinin bütün janrlarında
sınayıb və uğur qazanıb. Lakin bəstəkarın
qəlbi daim vokal musiqisi ilə bağlı olub,
yaradıcılığı boyu 600-dən çox mahnı bəstələyib”.
Sonra konsert proqramı təqdim olunub. Proqramda
teatrın solistləri, Xalq artistləri Gülyaz və
Gülyanaq Məmmədovalar, müğənnilər Ayşən
Mehdiyeva, Fəxri Kazım-Nicat, Aynur İskəndərli,
Rövşən Qəhrəmanov çıxış ediblər.
İfaçıları Dövlət Mahnı
Teatrının instrumental ansamblı müşayiət edib.
Mədəniyyət.-
2024.- 5 aprel, №25-26.- S.5.