“Həyatda ən
çox laqeydlikdən qorxuram...”
Sucəddin Mirzəyev: “Teatr adamı qəlbən
kövrək olur, sevgi göstərdiyi kimi həm də
gözləyir”
Onunla hər görüşümüzdə “Məqam
düşsəydi, müsahibəlik söhbət edərdik”
deyirdim və bu məqam heç cür gəlib
çıxmırdı. Bu günlərdə yolum yenə Lənkərana
düşmüşdü. Lənkəran Dövlət Dram
Teatrında da oldum. Necə deyərlər, bu dəfə
şeytanın qıçını qırdıq və
yaxşı söhbət elədik.
Beləliklə, həmsöhbətim Lənkəran
Dövlət Dram Teatrının aktyoru, Əməkdar artist Sucəddin
Mirzəyevdir.
“Deyəsən, məşqiniz olacaq. Səhnə
geyiminizi otaqda saxlamısınız” deyə qrim
otağında söhbətə başlamazdan öncə yerdə
cütlənmiş nimdaş çəkmələri və
stulun çiyninə asılmış geyimi göstərib
gülümsünürəm. “Hə, yeni rolumdandır” deyir. Əlindəki
açarlardan birini masasındakı dolabçanın
açarlığına salır. Otaqda üç masa var.
– Sizdən başqa da otaqda oturan var?
– Bəli, Xalq artisti Qabil Quliyev və aktyor Səyad Əliyevlə
birgə otururuq.
– Deyirlər hər aktyorun “sirr çəkməcəsi”
olur. Yəqin sizin siyirmə də zəngindir ki, bağlı
saxlayırsınız...
– Özü də necə sirli (Gülür). Mənim
sirrim yoxdur, qrimdi, bığ-saqqal üçün
yapışqandır, bir-iki kremdir, bir də rol dəftərlərim.
– Siz də qrim ustalarının işinə etibar etməyib
qrimini özü edən aktyorlardansınız?
– Onlar bizim kimi bilməzlər
üz-gözümüzü, rolumuzun cizgisini. Mən də,
Qabil müəllim də qrimimizi özümüz edirik.
Cavanları isə qrim ustası qrimləyir. Nə bilim, belə
öyrəşmişəm. Daha rahatdır.
– Masanızın üzərindəki mətn yeni
rolunuzla bağlıdır yəqin.
– Miraslan Ağayevin “Yaxşılığa
yaxşılıq” uşaq pyesidir. Artıq təhvil
vermişik. Oradakı rolum Səməd kişidir. Elə hadisələr
də onun – odunçu Səmədin ətrafında cərəyan
edir.
– Baxıram, obrazın geyimindəsiniz artıq, ay
odunçu baba. Odur ki, gəlin elə obrazlı davam edək.
Teatrı bir ocağa bənzətsək, onun daim yaxşı
bir odunçuya ehtiyacı var...
– Hə, özü də usta olanına. Yəni
yaş-quru odunu ayırd edənə (gülür).
– Lənkəran teatrının ocağını
sönməyə qoymayan yaşlı və orta nəsildən
kimlər qalıb?
– Qabil Quliyev, Qızılgül Quliyeva, Miraslan Ağayev,
Əlibala Əsgərov, Zemfira Nəcəfova. Ondan sonra gələn
nəsil də var və sevə-sevə tərəf-müqabil
oluruq. Məsuliyyətlə deyim ki, gənclərin səhnədə
yaxşı ifaçı kimi formalaşmasında mənim də
xidmətlərim var. Çünki bu teatrın təəssübünü
çəkmək mənim vicdan borcumdur və əlimdən gələni,
zamanında ustadlarımdan öyrəndiklərimi mən də
onlara sevərək öyrətməyə
çalışıram. Yeni nəsil gəldikcə bu yol da
davam edir.
– Sucəddin müəllim, o dediyiniz nəsil gəlirmi?
Etiraf edək ki, bölgə teatrları peşəkar gənc
aktyor sarıdan korluq çəkir.
– Sözsüz ki, o problem bizdə də var. Təəssüf
ki, illərdir bu problem həll olunmur. Gəncləri başa
düşürəm, bölgədə yaşamaq, maddi və
sosial problemlərlə qarşılaşmaq onlara çox
çətin gəlir. Kaş onlara müəyyən maddi dəstək
verilsin ki, onlar da qalıb işləsinlər. Heç olmasa,
ildə aktyorluğu bitirən iki gənc bölgə
teatrlarına getsə, belə çətinlik olmaz. Bölgə
teatrları çıxış yolunu həvəskar gənclərdə
tapırlar. Bu mənada, mən də bir qocaman aktyor kimi yeni gələn
gənclərə bacardıqca dəstək olmağa, səhnə
danışığı, rol üzərində işlə
bağlı nələrisə öyrətməyə
çalışıram. Onu da deyim ki, gənc aktyor, onun
bölgəyə gəlib işləmək məsələsi
elə keçmişdə də asan deyildi. Sadəcə, o nəsildə
sənət sevgisi, fədakarlıq, bağlılıq
başqa ovqatda idi.
– Bu mənada teatrın truppası yaxşı vəziyyətdədir?
– Demək olar ki, yaxşıdır. Amma başqa məqama
diqqət çəkmək istəyirəm. Həyatda ən
çox qorxduğum şey laqeydlikdir. Harada laqeydlik var, orada həyat
donacaq. Biz teatr adamları qəlbən kövrək oluruq.
Sevgi göstərdiyimiz kimi həm də gözləyirik. Bu
öz yerində. Amma sevgi olmasa, sənətə, səhnəyə,
peşəyə bağlılıq olmasa, çətin. Daim
çalışmışam ki, həmkarlarıma, iş
yoldaşlarıma qayğı, diqqət göstərim. Mən
gənc, teatrımıza yeni gələn dostlarıma da deyirəm
ki, əgər ürəyinizdə bu sənətə zərrə
qədər də olsa, sevgi varsa, onu alova çevirin, sənət
eşqinizi sönməyə qoymayın.
– Dediyiniz o alov sönsə, söndürülsə,
necə?
– Mən də onu deyirəm: qoymayın
söndürsünlər. Su tökmək istəyən onsuz
da olacaq, siz çalışın buna izn verməyin.
– Bu sənətdə nikbin qalmaq elə də asan
deyil. Yaş ötdükcə keçmişlə gələcək
arasında təzad dolu bir rabitəsizlik baş
qaldırır.
– Anadan belə doğulmuşam. Həyatsevərəm.
Çalışıram deyib-gülüm, şən olum.
Cavanlar demiş, kainata pozitiv enerji ötürüm.
– Şablon sualdır, amma yeri gəlib: niyə aktyor
oldunuz? Sizi səhnədən, sənətdən iraq
Masallıda teatr xəstəliyinə kim yoluxdurdu?
– Uşaqlıqdan müğənni olmaq istəyirdim.
Səsim də pis deyildi. Toylarda, məktəbin tədbirlərində
oxuyardım. Günlərin bir günü riyaziyyatı tədris
edən Hüseyn müəllim “Gəlin, “Vaqif” əsərindən
bir səhnə hazırlayaq” dedi. Mənə də Şeyx
Alı rolunu verdi. Tamaşa bəyənildi, hərə bir
yandan mənə “Nə yaxşı artistliyin varmış”
dedi. Bu sözlər məni ovsunladı. Bəlkə də adi
tərif idi, amma mən məhz o an anladım ki, aktyor
olmalıyam. Masallıda Mədəniyyət evində fəaliyyət
göstərən Xalq teatrına yazıldım və
başladım bu sənətin sehrinə düşməyə.
O gündən bu sevgidən qopa bilmirəm. Vallah, gəlişigözəl
söz deyil. Teatra gəlib görəndə ki, tamaşa, məşq
yoxdur, elə darıxıram, gəl görəsən. Az
qalır bağrım çatlasın. Sevdiyim sənətdən
qopmuram və buna görə peşman da deyiləm. Sənət
taleyimdən razıyam.
– Sizin də ali məktəbə qəbul imtahanı
komissiyasında Adil İsgəndərov olub, deyəsən.
Bildiyim qədər, onun seçdiyi son kurs olmusunuz.
– Onunla yanaşı, Rza Təhmasib, başqa korifey sənətkarlar
da qəbul imtahanında əyləşmişdilər. Sonradan
bildim onlar kimdir. Kənddən gedən utancaq gənc idim, elə
də tanımırdım. Etüd dedilər göstərdim,
şeir, monoloq filan. Qısası, imtahanları yaxşı
verdim və qəbul olundum. Sonra bölgü başladı və
dedilər ki, sizin kurs rəhbəriniz Adil İsgəndərov
olacaq. Hamılıqla sevindik. Onun da assistenti Əliağa
Ağayevin oğlu Vaqif Ağayev idi. Kurs rəhbərimiz, onun
o dönəm başına gələnlər bizi onun tələbəsi
olmaq səadətindən məhrum etdi. Adil müəllim bərk
xəstələndi, assistenti 2-3 ay bizimlə məşğul
olandan sonra qrupumuzu Ələmdar Quluzadəyə verdilər. Mən
bütün müəllimlərimə minnətdaram. Onlar bizə
sənətə sevgi ilə peşəkar aktyor olmaqda
böyük şövq verdilər. Zaman ötdü və
1977-ci ildə institutu bitirdim. Təyinatımızla
bağlı bölgü başlayanda səhnə
danışığı müəllimim Ənvər
Dadaşov məni çağırıb “Sucəddin, sizi indi
təyinata çağıracaqlar. Təyinat alma, səni
kafedrada müəllim saxlamaq istəyirəm. Rektorla da
danışmışam” dedi. Razılaşdım. İclas
otağında prorektor elan etdi ki, Bakı teatrlarına təyinat
yoxdur, bölgələrə getmək istəyənlər
düşünüb sabah cavab versinlər. Bütün kurs
başladıq bir-birimizə baxmağa. Düzü, o vaxt da
rayon teatrlarına gedənlər az idi. Dedilər ki, qərar
verin, yoxsa məcburi təyinatla kim hara düşdü, ora da
göndəriləcək. Qaldım iki daşın
arasında. Dedim birdən uzaq rayonlara düşərəm.
Tez əlimi qaldırıb bu teatrın adını çəkdim.
Necə karıxmışdımsa, müəllimimin institutda
qalmağımla bağlı sözü də yadımdan
çıxmışdı. Dekanımız məni danlasa da,
“Bağışlayın, amma mən müəllim yox, aktyor
olmaq istəyirəm” dedim və o vaxtdan da bu teatrda, bu sənət
ocağındayam.
– Sonradan çoxlarının arzuladığı
paytaxt, institut həyatını bölgəyə dəyişməyin
peşmanlığı oldumu?
– Əsla. İndi də peşman deyiləm. Yəqin
deyirsiniz paytaxtda qalar, filmlərdə çəkilər, məşhurlaşardım.
Amma mən sənətə buna görə gəlməmişəm.
Tək amalım səhnə idi. Onun ad-sanı,
mal-mülkü, təmtərağı məni heç vaxt cəlb
eləməyib. Kim nə deyir desin, heç vaxt buna görə
peşman olmamışam.
– 1970-80-ci illər Lənkəran teatrının da
“qızıl dövr”ü olub. O zamanın xiffətini çəkirsiniz?
– Özü də necə. Sadəcə, mən heyfsilənməyi
sevmirəm. Çünki o günü də, bu günü də
yaşayıram, dolu-dolu yaşayıram. Amma o zaman
üçün “nə yaxşı o günləri də
gördüm” deyirəm. Bilirsiz necə qaynar həyat idi? Hər
gün tamaşalar, məşqlər, səfərlər,
dopdolu zal. Ayda 30 tamaşa oynasaq da, yorulmurduq. Unudulmaz günlər
idi...
– İndi bu məkanda o ovqat yenə varmı?
– İndi kommersiya, kassa baxımından elə də
dramatik əsərlərə müraciət olunmur. O zaman
mühit də başqa idi. Düzdür, indi də maraqlı
rollar oynayıram. Amma çox istəyərəm ki, klassik əsərlər
daha çox qoyulsun. Çünki aktyor klassik əsərdə
yetişir.
– Paytaxtdan gələn baş və quruluşçu
rejissorlarınız var. Yəni klassik əsərlərə
quruluş imkanı var.
– Baş rejissorumuz Anar Babalı da, rejissorumuz Emil Əskərov
da peşəkar və təcrübəlidir. Yəqin
yavaş-yavaş yol açılacaq,
arzuladığımız əsərlər də qoyulacaq.
– Anladığım qədər, Lənkəran
tamaşaçıları klassikaya meyilli deyillər.
– Əksinə, tamaşaçılar bunu istəyirlər.
Şəxsən mənə bunu neçə dəfə
deyiblər. İnanıram ki, bu da sistemləşəcək.
– Gənclərlə yaşlı nəsil
arasındakı klassik rəqabət məsələsinə
görə soruşuram: nəsillər
arasında uçurum varmı?
– Yox, bu barədə paytaxtdan fərqli olaraq bölgə
teatrlarında, xüsusən Lənkəranda
böyük-kiçik, hər kəsin özü yerini bilməsi
kimi yazılmamış qayda-qanunlar, mehribanlıq var. Əksinə,
gənclərə dəstək oluruq, onların gəlişinə
sevinirik. Axı tamaşalarda mütləq gənc qəhrəmanlara
da ehtiyac var. İndi bu yaşımda qrimlənib,
saç-başımı rəngləyib 25 yaşında
oğlanı oynaya bilmərəm. Yaxud da gənc oğlan baba
rolunu. Bu mənada, teatrda hər nəsildən aktyorun
olması, özü də say baxımından çoxluğu
işin xeyrinə, teatrın inkişafına xidmət edir.
– Yaş ötdükcə gənclik şövqünə
qarışıb qocalan rol arzularınıza necə təsəlli
verirsiniz?
– Yaman dediniz (gülür). O qatarlar çoxdan gedib.
Amma niyə e? Oynadıqlarım da çoxdur. Bura gələndən,
demək olar ki, əsas qəhrəmanları oynamışam.
Sadalasam, siyahı uzanar. Amma arzuladığım,
oynamadığım rollar da olub. Özü də mən
mütləq baş rol, əsas qəhrəman davası eləməmişəm.
Sadəcə, aktyor nə qədər oynasa da, yenə az bilir,
yeni obrazlar axtarır. Mənim də daha çox oynamaq
üçün bacarıq və istəyim vardı. Buna da
şükür...
– Sənət dostları, yoxsa həyat dostları? Belə
bölgünü daha çox aktyorlar edirlər. Bilmirəm
niyə...
– Həyatda da, səhnədə də, teatrda da
dostlarım çoxdur. Heç kəsi özümə rəqib görməmişəm.
– 65 yaşdan sonra səhnədən getmək qorxusu da
var aktyorlarda...
– Qorxmaq deyəndə ki, həyatdır, nə vaxtsa
gedəcəyik. Amma düşünürəm ki, indi daha
püxtələşmişəm. O vaxt çəkindiyim
rolları belə indi rahatlıqla oynaya bilərəm. Sənət
eşqim yenə gənclik qüvvətindədir. Bu il səhnə
fəaliyyətimin 50 illiyidir. Amma azdır, qoy görək, səs
eləyib yada salmayın, arzu edirəm ki, bir əlli il də səhnədə
olum, ondan sonra fikirləşərəm görək gedim, ya
getməyim (gülür).
Söhbətləşdi: Həmidə
Nizamiqızı
Mədəniyyət.- 2024.- 5 aprel, ¹25-26.- S.6.