Cənub həsrətli
azadlıq nəğməkarı
Milli Kitabxanada şair Əli Tudənin 100 illiyi qeyd
olundu
Bu il XX əsr Azərbaycan poeziyasının
tanınmış nümayəndələrindən
şair-publisist, Əməkdar incəsənət xadimi Əli
Tudənin (1924–1996) anadan olmasının 100 illiyi qeyd edilir.
Martın 29-da M.F.Axundzadə adına Milli Kitabxanada
şairin yubileyinə həsr olunan tədbir keçirildi.
Mədəniyyət Nazirliyi, Milli Kitabxana və Azərbaycan
Yazıçılar Birliyinin birgə təşkilatçılığı
ilə reallaşan tədbirdə elm və mədəniyyət
xadimləri, ədibin ailə üzvləri və ictimaiyyət
nümayəndələri iştirak edirdilər.
Milli Kitabxananın direktoru professor Kərim Tahirov tədbiri
açaraq Əli Tudənin həyat və
yaradıcılıq yolundan danışdı. Qeyd etdi ki, əslən
Cənubi Azərbaycandan – Ərdəbilin Çanaxbulaq kəndindən
olan şairin valideynləri ötən əsrin əvvəllərində
Şimali Azərbaycana köçüblər. Əli Tudə
Bakıda dünyaya göz açıb. Bir yaşında ikən
atası, beş yaşı olanda isə anası
dünyasını dəyişib. Nənəsinin himayəsində
böyüyən Əli 13 yaşında ədəbiyyat dərnəyinə
üzv olur. Şeirləri dövri mətbuatda dərc olunur.
30-cu illərin sonlarında sovet rejiminin repressiya
dalğasının tüğyan etdiyi dövrdə Cənubi
Azərbaycandan ölkəmizə mühacirət etmiş
soydaşlarımıza qarşı da hücumlar olduğundan
Əli Tudə ata yurduna köçmək məcburiyyətində
qalır. 1940-cı ildə Cənubi Azərbaycanda azadlıq hərəkatı
başlayır. O da inqilabi hərəkata qoşulur.
Bütün varlığını və istedadını bu
mübarizəyə həsr edir. Milli ruhlu şeirlər
yazır və xalqı istiqlala
səsləyir. Əli Tudə həmçinin Təbrizdə
mətbuatın inkişafında böyük rol oynayır. Təbrizin
şairlər məclisində ona “tudə”, yəni “xalq” təxəllüsü
verilir.
Tədbirdə çıxış edən Azərbaycan
Yazıçılar Birliyi sədrinin müşaviri,
yazıçı-publisist Sayman Aruz qeyd etdi ki, Əli Tudə
1945-ci ildə qurulan Cənubi Azərbaycan Milli Hökumətinin
Maarif Nazirliyində şöbə müdiri işləyib.
“Ana dili” kitabının tərtibi və çap olunmasında
fəal iştirak edib. Təbrizdə filarmoniya yaradılan
zaman o, Cənubi Azərbaycanın şəhər və kəndlərini gəzərək istedadlı gəncləri
bu mədəniyyət ocağına cəlb edir. Milli Hökumət
onu ən ali təltiflə – “21 Azər” medalı ilə
mükafatlandırır.
S.Aruz şairin 100 illiyi münasibətilə
Yazıçılar Birliyi tərəfindən yubiley
medalnın təsis olunduğunu da diqqətə
çatdırdı.
AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun
aparıcı elmi işçisi filologiya üzrə elmlər
doktoru Esmira Fuad Əli Tudənin Təbriz filarmoniyasını
yaratmasından və yaradıcılığının
ideya-bədii xüsusiyyətlərindən danışdı.
Balaş Azəroğlunun oğlu Etibar Abizadə,
Əli Tudənin dostu Məmmədəli Hüseyni,
M.Füzuli adına Əlyazmalar İnstitutunun böyük elmi
işçisi Sona Xəyal, nizamişünas Qasım Cahaninin
qızı Sədaqət Cahani, şair-publisist Fəxrəddin
Meydanlı və digərləri Əli Tudənin həyat və
yaradıcılıq yolundan bəhs etdilər, xatirələrini
bölüşdülər.
Çıxışlardan sonra Milli Kitabxananın əməkdaşları
tərəfindən hazırlanan “Əli Tudə – 100” adlı
elektron məlumat bazası nümayiş olundu.
S.Fərəcov
Mədəniyyət.- 2024.- 5 aprel, ¹25-26.- S.7.