Bizi deyib gəlmişdi...
Aprelin 7-də Azərbaycanın ilk illüstrasiyalı
satirik nəşri – “Molla Nəsrəddin” jurnalının nəşrə
başlamasının 118-ci ildönümü tamam olur.
Görkəmli yazıçı, dramaturq, jurnalist,
ictimai xadim Cəlil Məmmədquluzadə ilə
tanınmış maarif və mətbuat fədaisi Ömər
Faiq Nemanzadənin birgə əsasını qoyduqları jurnal
1906–1918-ci illərdə Tiflisdə (340 say), 1921-ci ildə Təbrizdə
(8), 1922–1931-ci illərdə Bakıda (400) nəşr olunub.
Milli mətbuat, ədəbiyyat və ictimai fikir
tariximizdə mühüm rol oynayan jurnal fəaliyyət
göstərdiyi 25 ildə Azərbaycan xalqının mütərəqqi
qüvvələrini, demokratik düşüncəli
insanlarını ətrafında toplayıb, satirik realist ədəbiyyatın
yaranmasına və inkişafına böyük təkan verib.
Fəaliyyəti azərbaycançılıq məfkurəsi
əsasında qurulan dərgidə Mirzə Cəlil,
Ö.F.Nemanzadə ilə yanaşı, M.Ə.Sabir,
Ə.Haqverdiyev, Ə.Nəzmi, Ə.Qəmküsar,
M.Möcüz, M.S.Ordubadi, Ə.R.Şamçızadə,
Ə.Məhzun və başqa yazıçılar, şairlər,
O.Şmerlinq, İ.Rotter, Ə.Əzimzadə, H.Əliyev,
Q.Xalıqov, İ.Axundov və digər rəssamlar
çıxış ediblər.
Mirzə Cəlilin məsləkdaşı
Ö.F.Nemanzadə jurnalı, ümumiyyətlə, mollanəsrəddinçiliyi
belə səciyyələndirib: “Molla Nəsrəddin”in gedəcəyi
yol birdir ki, o da hər şeydən artıq öz
qüsurlarımıza, öz üstümüzdəki ləkələrə,
tərəqqiyə mane olan cahilanə adətlərimizə
acı-acı gülüb millətin səadətinə
çalışmaqdır”.
Mədəniyyət.- 2024.- 5 aprel, ¹25-26.- S.1.