“Belarus rəssamların gözü
ilə”
Dost ölkənin mədəniyyət günləri
çərçivəsində sərgi
Azərbaycanda Belarus Mədəniyyəti Günləri
çərçivəsində aprelin 2-də Milli İncəsənət
Muzeyində “Belarus rəssamların gözü ilə”
adlı sərgi açıldı.
Mərasimdə Azərbaycanın mədəniyyət
naziri Adil Kərimli, Belarusun mədəniyyət naziri Anatoli
Markeviç, Belarusun Azərbaycandakı səfiri Andrey Ravkov və
hər iki ölkənin incəsənət xadimləri
iştirak edirdilər.
Azərbaycan Milli İncəsənət Muzeyinin
direktoru Şirin Məlikova çıxış edərək
sərgi haqqında məlumat verdi. Bildirdi ki, ekspozisiyada 35 rəngkarlıq
əsəri nümayiş olunur. Bu il Belarusun II Dünya müharibəsində
alman faşistlərinin işğalından azad edilməsinin
80 illiyi tamam olur və sərgidə bu mövzuda əsərlərə
geniş yer verilib.
Belarusun mədəniyyət naziri Anatoli Markeviç
çıxışında ölkələrimiz arasında mədəni
əlaqələrin köklü ənənələri
olduğunu qeyd etdi. “Əminəm ki, qarşıda bizi
çox parlaq, xalqlarımızın marağına səbəb
olacaq irimiqyaslı layihələr gözləyir”, – deyə
nazir bildirdi.
Azərbaycan Rəssamlar İttifaqının sədri
Xalq rəssamı Fərhad Xəlilov, Belarus Milli İncəsənət
Muzeyinin direktoru Anna Kononova qarşılıqlı mədəni
əlaqələrin əhəmiyyətindən söz
açdılar.
Nazir Anatoli Markeviç Azərbaycan Milli İncəsənət
Muzeyinə rəsm əsəri hədiyyə etdi. Sonra qonaqlar
sərgi ilə tanış oldular.
Sərgidə Belarus rəssamları Anton Vırvo, Anna
Kononova, Qleb Otçik, Anna Sadovskaya və Vladimir Urodniçin əsərləri
təqdim olunur. Mənzərə janrında əsərlərdə
80 il öncə vətənlərinin işğaldan
xilası, sülhün hökm sürdüyü
yaradıcı həyatın gözəlliyi təsvir edilib.
Əsərlər Belarusun zəngin təbiətinin, şəhər
və kənd mənzərələrinin təkrarolunmaz
aurasını tamaşaçıya çatdırır.
“Belarus rəssamların gözü ilə” sərgisi
aprelin 3-də başa çatdı.
Mədəniyyət.- 2024.- 5 aprel, ¹25-26.- S.5.