“Birgə layihələr üçün çoxlu ideyalarımız, planlarımız var”

 

 

İki ölkənin mədəniyyət sahəsində birgə mühüm layihələr həyata keçirmək üçün bizim çoxlu ideyalarımız, planlarımız var. Ötən ilin noyabr ayında həmkarımla birlikdə Azərbaycanda Belarus Mədəniyyəti Günlərinin təşkili formatını müəyyən etdik və indi bu tədbirləri keçiririk.

Belarusun mədəniyyət naziri Anatoli Markeviç bunu jurnalistlərə açıqlamasında bildirib.

“Belarus rəssamlarının sərgisini açdıq. Qürur duyuruq ki, sərgi Azərbaycan sakinlərində çox böyük maraq doğurur. Belarus kino günlərinin açılışı da oldu. Həmçinin iki ölkənin teatrları arasında birgə əməkdaşlığın perspektivləri var. Azərbaycanlı artistlər Belarusun Böyük Teatrının quruluşlarında iştirak edirlər”, – deyə o vurğulayıb.

Azərbaycanlı həmkarı ilə görüşə toxunan Anatoli Markeviç deyib: “Görüşdə biz özümüz üçün müəyyən etdik ki, hər halda əvvəllər imzalanmış sazişləri təkrar ciddi nəzərdən keçirmək və yeni planlar tərtib etmək lazımdır. Həm Azərbaycanda, həm də Belarusda mühüm layihələr həyata keçirəcəyik. Əminəm ki, buna mütləq nail olunacaq, çünki Azərbaycan və Belarusdan olan həmkarlarımızın yaradıcılıq potensialı ən iddialı planların reallaşmasına imkan verəcək”, – deyə nazir qeyd edib.

Qonaq nazir qeyd edib ki, biz Vitebsk şəhərində ənənəvi olaraq keçirilən “Slavyan bazarı” Beynəlxalq Musiqi Festivalına Azərbaycan tərəfinin marağını görürük. Belaruslu tamaşaçılar həmişə Azərbaycan sənətçilərini gözləyir.

Anatoli Markeviç vurğulayıb ki, yaxın gələcəkdə Belarusda Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsi planlaşdırılır, Azərbaycan tərəfi ilə danışıqlar aparılır. Belarus naziri tədbirin ən yüksək səviyyədə keçiriləcəyinə əminliyini ifadə edib, çünki hər iki ölkə mədəniyyət sahəsində ikitərəfli münasibətləri inkişaf etdirmək niyyətindədir.

 

Mədəniyyət.- 2024.- 5 aprel, ¹25-26.- S.3.