Etibarlı dostların mədəni əməkdaşlığı da möhkəm olur

 

Azərbaycanda Belarus Mədəniyyəti Günləri bunu bir daha nümayiş etdirdi

 

1–3 aprel tarixlərində Azərbaycanda Belarus Mədəniyyəti Günləri keçirildi. Kino nümayişləri, təsviri sənət sərgisi, yaradıcı insanların səmimi dialoqu, rəsmilər səviyyəsində məhsuldar görüşlər iki dost ölkə arasında möhkəm siyasi, iqtisadi əlaqələrin sıx mədəni əməkdaşlığa da güclü zəmin yaratdığını göstərdi.

Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi aprelin 2-də Heydər Əliyev Sarayında keçirildi. Tədbirdə Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov, Azərbaycan və Belarusun mədəniyyət nazirləri Adil Kərimli və Anatoli Markeviç, millət vəkilləri, hər iki ölkənin mədəniyyət xadimləri və digər qonaqlar iştirak edirdilər.

Əvvəlcə qonaqlar Heydər Əliyev Sarayının foyesində təqdim edilən banner və Belarus xalq sənətkarlığı nümunələrinin sərgisi ilə tanış oldular. Sərgi məkanında dost ölkə sənətkarlarının ustad dərsləri xüsusi maraqla izlənildi.

Mərasim Azərbaycan və Belarusun Dövlət himnlərinin səslənməsi ilə başladı.

Mədəniyyət naziri Adil Kərimli qonaqları və tədbir iştirakçılarını salamlayaraq qeyd etdi ki, Belarus Mədəniyyəti Günlərinin Ulu öndər Heydər Əliyevin adını daşıyan bir məkanda keçirilməsi təsadüfi deyil. Heydər Əliyev Belarusla Azərbaycan arasında dostluq münasibətlərinin qurulmasında böyük xidmətlər göstərib: “Ölkələrimiz arasında hər zaman möhkəm dostluq əlaqələri mövcud olub. Bu dostluq münasibətləri mədəniyyət sahəsində də əməkdaşlığa öz töhfəsini verib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun mütəmadi görüşləri, dostluq münasibətləri sayəsində ölkələrimiz arasında digər sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də ikitərəfli əməkdaşlığa geniş üfüqlər açılıb”.

Nazir bildirdi ki, ölkələrimiz arasında mədəni əlaqələri genişləndirmək üçün böyük potensial mövcuddur: “Mədəniyyət günlərinin keçirilməsi və digər birgə layihələrin təşkili böyük əhəmiyyət kəsb edir. Bu qəbildən tədbirlər xalqlarımızın bir-birinin mədəni irsinə daha dərindən bələd olmasına şərait yaradır, hər iki ölkənin incəsənət xadimləri arasında əlaqə və əməkdaşlığı möhkəmləndirir. Ümid edirəm ki, Belarus Mədəniyyəti Günləri Azərbaycan tamaşaçısının yaddaşında dərin izlər qoyacaq, dost xalqlarımızın mədəni həyatında əlamətdar hadisə kimi qalacaq”.

Belarus Respublikasının mədəniyyət naziri Anatoli Markeviç də çıxışında Azərbaycanı ölkəsinin etibarlı dostu kimi səciyyələndirdi: “Bizim dostluq ənənələrimizin köklü tarixi var və bu əməkdaşlıq gələcəyə hesablanıb. Biz mədəni əməkdaşlığımızı yüksək dəyərləndiririk və bu münasibətlərin davamlılığı qarşıda böyük birgə layihələrin reallaşmasına zəmin yaradacaq”.

Anatoli Markeviç Vitebsk şəhərində hər il keçirilən “Slavyan bazarı” musiqi festivalının “Ulduz” meydanında məşhur azərbaycanlı bəstəkar və müğənni, Xalq artisti Polad Bülbüloğlunun da adının qeyd olunduğunu diqqətə çatdırdı: “Biz azərbaycanlı sənətçiləri ölkəmizdə görməkdən məmnun olarıq. Mən çox şadam ki, Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günləri əsl mədəni dialoqa çevrilə bildi. Bu tədbirlərdə bəzən tərcüməçilərə də ehtiyacımız olmur. Çünki biz anlaşılan bir dildə, sülh, dostluq və yüksək sənət dilində danışırıq”.

Bu il Belarusun alman faşist işğalından azad olunmasının 80 illiyinin qeyd edildiyini bildirən A.Markeviç ölkəsinin azadlığı uğrunda həlak olan azərbaycanlı hərbçilərin xatirəsinə dərin ehtiramını dilə gətirdi.

Belaruslu nazir çıxışının sonunda nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə və tədbirin yüksək səviyyədə təşkilinə görə Mədəniyyət Nazirliyinə minnətdarlıq etdi və tezliklə Azərbaycanın mədəniyyət xadimlərini Belarusda gözlədiklərini söylədi.

Çıxışlardan sonra qonaq ölkənin incəsənət ustalarının ifasında geniş konsert proqramı təqdim olundu. Konsertdə Belarus Dövlət Akademik Rəqs Ansamblı, “Vitebsk – 2023” estrada mahnı müsabiqəsinin laureatı Samir Yolçuyev, Belarus Böyük Teatrının solistləri Darya Qorojanko, Əməkdar artist Viktoriya Aleşko və əfsanəvi “Pesnyarı” Dövlət Ansamblı çıxış etdi. Belarus ifaçılarının təqdim etdiyi musiqi və rəqs nömrələri alqışlarla qarşılandı.

 

Mədəniyyət.- 2024.- 5 aprel, ¹25-26.- S.1.