Beynəlxalq Uşaq Kitabı Gününə həsr olunmuş sərgi

 

Aprelin 2-də F.Köçərli adına Respublika Uşaq Kitabxanasında Beynəlxalq Uşaq Kitabı Gününə sərgi təşkil edilib.

Sərginin açılış mərasimində uşaq yazarları Sevinc Nuruqızı, Fatimə Alxaz, Reyhan Yusifqızı, Lalə Umud, Mina Rəşid, Solmaz Amanova, Gülzar İbrahimova, Aygün Bünyadzadə iştirak ediblər.

Aprelin 4-dək davam edən sərgidə kiçikyaşlı uşaqlar üçün, eyni zamanda oxucuların yaş səviyyəsinə uyğun nağıl, hekayə, təmsil və s. kitablar nümayiş olunub.

Tədbir iştirakçılarını və qonaqları salamlayan kitabxananın direktoru Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova sərgi haqqında bəhs etdikdən sonra sözü uşaq yazarlara verib.

Sevinc Nuruqızı məktəblilərlə birgə əsərlərini müzakirə edib, şeirlərini səsləndirib. Fatimə Alxas şagirdlərlə nağıllar haqqında söhbət aparıb. Daha sonra oxucular Reyhan Yusifqızı ilə görüşüblər.

Sərgi müddətində oxucuların yazıçılar Zahid Xəlil, Gülzar İbrahimova, Lalə Ümid, Mina Rəşid, Hülya Cəfərova və Zahirə Cabirlə də görüşləri olub.

Yazarlarla görüşdə Bakı Modern Təhsil Kompleksi, “Kaspi" liseyi, “İdrak" liseyi, Bakı İstanbul liseyi, eləcə də 7, 8, 172, 177, 194 və 270 nömrəli ümumtəhsil məktəblərinin, 1 saylı Uşaq-gənclər inkişaf mərkəzinin şagirdləri iştirak ediblər.

Tədbirin keçirilməsində məqsəd uşaqların intellektual inkişafında kitabın rolunu yüksəltmək, kitaba sevgi aşılamaq, milli dəyərlərimizi təbliğ etmək və kiçikyaşlı oxucuların informasiya tələbatının ödənilməsi üçün onları ölkəmizdə son illərdə nəşr olunan uşaq ədəbiyyatı nümunələri ilə tanış etməkdir.

Oxucular sərgi zamanı son illərdə çapdan çıxmış 480 adda Azərbaycan və dünya uşaq ədəbiyyatı örnəkləri ilə tanış olmaq imkanı qazanıblar.

 

Mədəniyyət.- 2024.- 5 aprel, №25-26.- S.2.