Bakıda Belarus kinosu günləri

 

Üç gün ərzində dörd film nümayiş olundu

 

1-3 aprel tarixlərində Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günləri çərçivəsində Belarus filmlərinin nümayişi də təşkil edilib. “Belarusfilm” kinostudiyasının son illərdə istehsal etdiyi bədii və sənədli ekran nümunələri Nizami Kino Mərkəzində göstərildi.

Aprelin 1-də Belarus kinosu günlərinin açılışına hər iki ölkənin mədəniyyət və ictimai xadimləri, kino mütəxəssisləri, çoxlu sayda tamaşaçı qatılmışdı.

Əvvəlcə Azərbaycan Respublikası Kino Agentliyinin direktor səlahiyyətlərini icra edən Orxan Fikrətoğlu və “Belarusfilm” kinostudiyasının baş direktoru Yuri Aleksey çıxış etdilər.

Belarus kino günlərini əlamətdar mədəniyyət hadisəsi kimi dəyərləndirən Orxan Fikrətoğlu bildirdi ki, üç gün ərzində bu ölkənin qədim slavyan ənənələri, tarixi, mədəni  dəyərləri azərbaycanlı tamaşaçılara kino dili ilə təqdim olunacaq. Qeyd olundu ki, “Belarusfilm”in yüzillik tarixi və ənənələri var və bu kinostudiyada lentə alınan filmlər hər zaman böyük maraqla qarşılanıb.

Orxan Fikrətoğlu onu da diqqətə çatdırdı ki, Azərbaycan filmlərinin də Belarusda bu formatda təqdimatı nəzərdə tutulub.

Yuri Aleksey  Bakıda Belarus kinosu günləri ilə bağlı təəssüratlarını bölüşdü, göstəriləcək filmlər haqqında məlumat verdi: “Azərbaycan tamaşaçıları üçün dörd film gətirmişik – bunlardan ikisi bədii, ikisi isə sənədli filmdir. Biz öz köklərimizi, adət-ənənələrimizi, mədəniyyətimizi kino vasitəsilə göstərmək istəyirik. Əminəm ki, Azərbaycan tamaşaçıları buna maraq göstərəcək”, – deyə o bildirdi.

“Belarusfilm”in baş direktoru Azərbaycanla kino sahəsində əməkdaşlıq məsələlərinin nəzərdən keçirildiyini dedi. Qeyd etdi ki, bununla bağlı rəhbərlik etdiyi qurumla Azərbaycan tərəfi arasında danışıqlar davam edir və gələcəkdə birgə əməkdaşlıqla bağlı saziş imzalanacaq. Qonaq Belarus və Azərbaycan arasında mədəni əməkdaşlığın inkişafının vacibliyini vurğuladı.

Çıxışlardan sonra “Ëèñò îæèäàíèÿ” (“Gözləmə vərəqi”) bədii filmi nümayiş olundu. 2023-cü ildə istehsal olunan ekran əsəri (rejissor A.Yefremov) həkimlərdən, bu çətin peşə sahiblərinin işdə və ailədə münasibətlərindən, yaşadığımız mürəkkəb zamandan bəhs edir.

***

Qeyd edək ki, Belarus kinosu günlərinin proqramı üzrə aprelin 2-də Nizami Kino Mərkəzində iki ekran əsəri nümayiş olunub.

“Ïåðåçâîí” (“Kilsə zəngləri”) sənədli filmi (2021, rejissor E.Setko) İkinci Dünya müharibəsi zamanı faşistlər tərəfindən yandırılmış Belarus kəndləri haqqındadır.

“Ïîäðûâ” (“Partlatma”) bədii filminin (2022, rejissor İ.Pavlov) mövzusu da Belarusun böyük itkilər verdiyi İkinci Dünya müharibəsi ilə bağlıdır. Filmin qəhrəmanları 1945-ci ildə, artıq alman faşistlərinin işğalından azad edilmiş ərazilərdə minatəmizləmə işlərinə qoşulan yeniyetmə könüllülərdir.

Aprelin 3-də isə “Ñòðàíà ñïàñ¸ííîãî âåëèêàíà” (“Xilas edilmiş nəhənglərin ölkəsi”) sənədli filmi (2023, rejissor İ.Bışnev) göstərilib. Film məşhur Belarus zubrları haqqındadır.

 

Lalə

Mədəniyyət.- 2024.- 5 aprel, ¹25-26.- S.5.