“Xalqın mədəni sərvəti”ndə
Süleyman Ələsgərov xatırlanıb
Fikrət Əmirov adına Gəncə Dövlət
Filarmoniyasının “Xalqın mədəni sərvəti”
layihəsi davam edir. Layihənin 15-20 aprel tarixlərində Mədəniyyət
Nazirliyinin dəstəyi, Bəstəkarlar İttifaqı, Azərbaycan
Milli Konservatoriyası, Gəncə-Daşkəsən, Mərkəzi
Aran, Şirvan-Salyan, Şəki-Zaqatala
və Qazax-Tovuz RMİ-lərin iştirakı ilə
reallaşan növbəti mərhələsi görkəmli bəstəkar,
pedaqoq, Xalq artisti Süleyman Ələsgərovun (1924–2000) 100
illiyinə həsr olunub.
İlk gün Gəncə şəhər Heydər
Əliyev Mərkəzində bəstəkarın
yaradıcılığına həsr olunmuş konfrans
keçirilib. “Süleyman Ələsgərovun operettaları”,
“Süleyman Ələsgərovun mahnı və romansları”,
“Opera yaradıcılığı”, “Üzeyir ruhlu bəstəkar
Süleyman Ələsgərovun
yaradıcılığının üslub xüsusiyyətləri”
və “Simfonizm ənənələri” mövzularında
müzakirələr aparılıb.
Daha sonra Gəncə şəhəri, Samux, Goranboy,
Daşkəsən və Göygöl rayonlarında fəaliyyət
göstərən bir sıra uşaq musiqi və incəsənət
məktəbləri şagirdlərinin iştirakı ilə bəstəkarın
əsərlərindən ibarət konsert proqramı
keçirilib.
Günün sonunda bir sıra uşaq musiqi və incəsənət
məktəbləri müəllimlərinin ifasında bəstəkarın
əsərlərindən ibarət konsert təqdim olunub.
Xatırladaq ki, “Xalqın mədəni sərvəti”
layihəsi üzrə yanvarın 8-dən 14-dək
keçirilən tədbirlər Fikrət Əmirova,
fevralın 14-dən 16-dək təşkil olunan tədbirlər
Qara Qarayevə, martın 27-dən 29-dək gerçəkləşən
tədbirlər isə Cabbar Qaryağdıoğluna həsr
olunmuşdu.
Mədəniyyət.- 2024.- 17 aprel, ¹27-28.- S.4.