“Yaradıcı müzakirələr” davam edir

 

 

Mədəniyyət Nazirliyinin “Yaradıcı müzakirələr” layihəsi davam edir. Layihə paytaxtda və regionlarda mədəniyyət və yaradıcılıq sahələrində bacarıqların inkişafını təşviq edən maarifləndirici təşəbbüsdür və yaradıcı subyektlərin formalaşmasını dəstəkləmək məqsədilə həyata keçirilir.

Layihə çərçivəsində 10-dan çox yaradıcı klaster üzrə seminar, ustad dərsləri, tanınmış şəxslərlə görüş və təlimlər təşkil olunacaq.

May ayında “Yaradıcı müzakirələr” Quba, Gəncə, Mingəçevir, Şəki və Şamaxı şəhərlərini, daha sonra sentyabr və oktyabrda Lənkəran, Naxçıvan, Sumqayıt, Bakı və Şuşa şəhərlərini əhatə edəcək.

Sessiyalar kino, teatr, rəsm, dizayn, xalçaçılıq, kulinariya, animasiya, virtual oyun biznesi, yaradıcı startaplar, fotoqrafiya, musiqi, bədii şüşə sənəti, dəb və digər mövzular üzrə olacaq.

Quba, Gəncə, Mingəçevir, Şəki və Şamaxıda keçiriləcək sessiyalara qeydiyyat başlayıb və aprel ayı ərzində qeydiyyatdan keçmək mümkündür.

Qeyd edək ki, 2023-cü ildə Ümummilli lider Heydər Əliyevin 100 illiyi münasibətilə keçirilən layihə çərçivəsində on regionda silsilə maarifləndirici tədbirlər təşkil olunub.

 

Mədəniyyət.-  2024.- 17 aprel, ¹27-28.- S.3.