Ədəbiyyat dərsləri
və teatrların repertuarı
Kitabda oxuduğunu bir də səhnədə görmək
imkanı olarsa...
Bu gün teatrların repertuarı orta məktəblərin
tədris proqramı ilə uzlaşırmı, məktəblərin
teatrlarla əlaqəsi nə dərəcədə səmərəli
qurulub, dərs proqramı üzrə keçilən və
sinifdənxaric oxu üçün təklif edilən əsərlərin
şagirdlər tərəfindən mənimsənilməsində
teatr sənətinin rolu necədir?
Redaksiyadan bu mövzuda yazı təklifi alanda məmnun
oldum. Çünki orta məktəbdə iki il uşaq
birliyinin rəhbəri və iki il Azərbaycan dili və ədəbiyyatı
müəllimi təcrübəsi olan, iyirmi ildən artıq
teatrdan yazan şəxs üçün bu suallara cavab olacaq
araşdırma aparmaq, eyni zamanda illər sonra ədəbiyyat
fənninin tədrisi vəziyyəti ilə tanış olmaq
son dərəcə maraqlı idi.
Rəsmi mövqe
Öncə mövzu üzrə Elm və Təhsil
Nazirliyinin İctimaiyyətlə əlaqələr və
kommunikasiya şöbəsinə sorğu verdik.
Aldığımız cavab bu oldu: “Bildiririk ki, ümumi təhsil
müəssisələrində istifadədə olan ədəbiyyat
dərsliklərində təqdim edilən ədəbi
nümunələr sırasında dram əsərləri də
vardır. Məlumdur ki, dram əsəri səhnədə nümayiş
üçün yazılır. Deməli, əsərdəki əsas ideyaların daha
yaxşı qavranılması üçün tamaşaya
baxmaq faydalıdır. Dərsliklərdə olmayan tamaşalar
da şagirdlərin dünyagörüşünü, estetik
zövqünü formalaşdırmağa xidmət edir. Müəllimlərin
və valideynlərin təşəbbüsü ilə məktəblilər
teatr tamaşalarına birgə gedirlər”.
Məktəblərdə dram dərnəklərinin
yaradılması ilə bağlı sorğumuza cavab olaraq
bildirildi ki, bu, Elm və Təhsil Nazirliyinin müvafiq əmri
ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisələrində
dәrnәklәrin təşkili Qaydası”na əsasən
tənzimlənir. Dərnəklər tәhsilalanların
dünyagörüşünün genişləndirilməsi,
tədris proqramları əsasında qazandıqları bilik və
bacarıqların artırılması, onlarda seçdiyi sahə
üzrə yaradıcılıq və tətbiqetmə səriştələrinin
formalaşdırılması və inkişafına kömək
məqsədilə yaradılır. Təhsil müəssisəsinin
maddi-texniki və tədris bazası, müvafiq kadr
potensialı və ayrılmış ştat vahidləri nəzərə
alınmaqla incəsənət,
bədii və texniki yaradıcılıq, idman növləri
və digər sahələr üzrə dərnəklər təşkil
edilir.
Məsələ ilə bağlı Azərbaycan
Respublikası Təhsil İnstitutu Tədris resursları
şöbəsinin aparıcı mütəxəssisi Aysel Xanəliyevanın
fikrini də öyrəndik: “Şagirdlərin nitq
bacarıqlarının (oxuyub-anlama, danışma, dinləmə,
yazı) formalaşdırılması, onların müxtəlif
sahələr üzrə söz ehtiyatının zənginləşdirilməsi,
dünyagörüşünün artırılması Azərbaycan
dili fənninin əsas məqsədidir. Bu baxımdan istər
ibtidai təhsil pilləsində, istərsə də ümumi
orta təhsil pilləsində şagirdlərin istifadəsində
olan Azərbaycan dili dərsliklərində milli-mənəvi
dəyərlərin, həmçinin Azərbaycan teatr mədəniyyətinin
təbliği diqqət mərkəzindədir. Dərsliklərdə
ssenari mətnləri, süjetli hekayələr üzrə
ssenarilərin qurulması, səhnələşdirilməsi fəaliyyətləri
əksini tapır”.
Aysel xanım nümunə olaraq 3-cü sinfə aid Azərbaycan
dili dərsliyində “Balaca aktyor”, 4-cü sinif dərsliyində
“Xurşidbanu Natəvan”, 5-ci sinif dərsliyində “Hacı
Qara” mətnlərinin tədris edildiyini qeyd etdi.
Orta məktəblərdə ədəbiyyat dərsləri
necə keçir?
Ondan başlayaq ki, orta məktəblərin ədəbiyyat
proqramında Nizami Gəncəvidən üzü bəri bir
çox şairlərimizin əsərləri, eləcə də
Azərbaycan və dünya ədəbiyyatından nəsr
nümunələri ilə yanaşı, Mirzə Fətəli
Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli
şah”, Cəlil Məmmədquqluzadənin “Anamın
kitabı”, Hüseyn Cavidin “Ana”, “İblis”, Cəfər
Cabbarlının “Oqtay Eloğlu”, Səməd Vurğunun
“Vaqif”, İlyas Əfəndiyevin “Xurşidbanu Natəvan” kimi
dram nümunələri də tədris edilir.
212 nömrəli məktəbin təcrübəli Azərbaycan
dili və ədəbiyyatı müəllimi Xanım Səmədova
XI sinif şagirdləri ilə “Anamın kitabı”,
“Müsyö Jordan və dərviş Məstəli şah”
tamaşalarında olarkən teatr-səhnə
ab-havasının gənclərə müstəsna təsir
etdiyini deyir. Onun sözlərinə görə, şagirdlər
tərəfindən səhnə versiyasını
gördükləri əsər daha mükəmməl mənimsənilir,
nəinki həmin əsərə, müəllifə və
onun yaradıcılığına maraq artır, bu, ümumiyyətlə,
müasir şagirdlərdə güclü olan vizual qavramaya
meyli daha da təşviq edir.
Müasir tədris proqramında həm Azərbaycan
dili, həm də ədəbiyyat dərslərində mətnlər
üzrə daha çox iş aparılır, şagirdlərdə
mütaliə vərdişini aşılamağa, yaxud
inkişaf etdirməyə daha çox diqqət ayrılır.
Lakin buna baxmayaraq, təəssüf ki, şagirdlər
arasında dərs proqramından kənar, sinifdənxaric oxu
üçün nəzərdə tutulmuş bədii ədəbiyyatın
mütaliəsinə maraq çox zəifdir. Müəllimlər
bunu uşaqların dərs yükünün kifayət qədər
ağır olması ilə də əlaqələndirirlər.
Yaşlı və qismən orta nəsil yəqin
xatırlayar ki, vaxtilə bir çox məktəblərdə
dram dərnəkləri vardı. İndi buna nadir hallarda rast gələ
bilərik. Bununla belə, bəzi məktəblərdə bədii
qiraət dərnəkləri fəaliyyət göstərir.
Bakıdakı 45 nömrəli orta məktəb də onlardan
biridir. Gənc Azərbaycan dili və ədəbiyyatı
müəllimi Səriyyə Abbasovanın rəhbərliyi
altında dərnəyin üzvləri nəzm əsərlərini
obrazlı şəkildə canlandırırlar. Ədəbiyyat
dərslərində audio və video materiallardan da imkan dairəsində
istifadə edilir.
Məktəbin təcrübəli Azərbaycan dili və
ədəbiyyatı müəllimi Ülkər Abbasova isə
proqramdakı dram əsərlərini ayrılmış dərs
saatı çərçivəsində sinif otağında səhnələşdirilmiş
formada tədris etməyə üstünlük verir. Məsələn,
“Hacı Qara” (M.F.Axundzadə) komediyası şagirdlərin
iştirakı ilə tamaşa olaraq təqdim edilib və
maraqla qarşılanıb.
Bu yerdə onu da qeyd edim ki, 45 nömrəli məktəbin
şagirdlərinin iştirakı və Pantomima
Teatrının aktyoru Cavad Nurun rejissorluğu ilə 21 fevral –
Ana Dili Günü münasibətilə ədiblərimizin əsərlərindən
səhnəciklərin də yer aldığı
kompozisiyanın məşqini izləmişdim. Uşaqların
səhnədə sərbəst davranışına,
obrazları məzmunlu təqdim etmək bacarıqlarına
heyran olmuşdum. Müəllimlərlə söhbətdən
sonra onlarda bu vərdişlərin uşaqlara dərs
saatları zamanı aşılandığı aydın oldu və
bu çox gözəldir.
Məktəblər və teatr
Son illər teatr tamaşalarını izləməyə
gələnlər arasında yeniyetmə və gənclərin
sayının artmasını müşahidə etmək də
çox sevindiricidir. Gənc teatrallar arasında texniki və dəqiq
elmlər üzrə təhsil alanların olması isə
ikiqat xoş təsir bağışlayır. Ümumiyyətlə,
teatrlarımız üçün istər orta məktəb
şagirdləri, istərsə də ali məktəb tələbələri
çox əhəmiyyətli tamaşaçı kontingenti
hesab olunur.
Akademik Milli Dram Teatrı da səhnə əsəri
seçimində buna diqqət ayırmağa, ədəbiyyat
dərslərində tədris edilən əsərlərin,
müəlliflərin repertuarda əks olunmasına
çalışır. Cəfər Cabbarlının “Almaz”, Cəlil
Məmmədquluzadənin “Dəli yığıncagı”,
“Ölülər”, “Anamın kitabı” pyesləri, Məmməd
Səid Ordubadinin “Qılınc və qələm”
romanının motivləri əsasında qurulmuş “Qətibə
İnanc”, İlyas Əfəndiyevin “Xurşidbanu Natəvan”,
eləcə də “Hökmdar və qızı” əsərinin
səhnə versiyası olan “Qarabağnamə”, Həsən Həsənovun
M.F.Axundzadənin həyat və yaradıcılıq yolundan bəhs
edən “Qürbətdən gələn məktublar”, Aleksey
Tolstoyun “Buratino axmaqlar ölkəsində” kimi
tamaşaların izləyiciləri sırasında orta məktəb
şagirdlərinin ayrıca yeri var. Bu tamaşalar onların tədris
edilən əsəri mənimsəməsinə, həmçinin
ədəbiyyat dərslərindən tanıdıqları ədiblərin
ömür və yaradıcılıq yolunu dərindən
qavramasına, şübhəsiz ki, kömək edir.
Teatrın mətbuat katibi Cavid Zeynallının sözlərinə
görə, belə uyğunluq məktəb və teatr əlaqələrinə,
şagirdlərin estetik tərbiyəsinə əhəmiyyət
verməkdən başqa, həm də kassa marketinqi prinsipinə
əsaslanır.
Dövlət Gənc Tamaşaçılar Teatrı ənənəsinə
sadiq qalaraq məktəblərlə davamlı işləməkdədir.
“Göyçək Fatma”, “Dörd əkizin nağılı”,
“Qoğalın sərgüzəştləri”, “Uzunboğaz
Pippi”, “Bremen musiqiçiləri”, “Qızıl balıq”,
“Şən Elf və cadugər”, “Sindibad” kimi tamaşalar
aşağı sinif şagirdlərinin həvəslə izlədiyi
səhnə əsərləridir. Teatrın mətbuat katibi
Samirə Əşrəf truppanın uşaq evləri və
sığınacaqlarında da vaxtaşırı tamaşalar
oynadığını bildirdi.
Mütəxəssis sözü
Tanınmış teatrşünas və pedaqoq, sənətşünaslıq
doktoru, professor Məryəm Əlizadə
qaldırdığımız müzakirə mövzusunun son dərəcə
zəruri olduğunu vurğuladı. Teatr aləmi və təhsil
sistemi ilə sıx bağlı olan M.Əlizadə yetişməkdə
olan nəslin orta məktəblərdə istər humanitar, istərsə
də dəqiq elmlər üzrə hərtərəfli bilik və
dünyagörüşü qazanmasını vacib sayır:
“Peşə və ya ixtisas seçimlərini sonra onlar özləri
edirlər. İnsanın gələcəkdə hansı fəaliyyət
sahəsini secməyindən asılı olmayaraq, ədəbiyyat
və incəsənət sahəsi üzrə zövq və
dünyagörüşünə malik olması yalnız
müsbət rol oynaya bilər”.
Həmsöhbətim bu mövzuda söz açarkən
dərsliklərin məzmunu ilə bağlı
giley-güzarını da gizlətmir. Çünki tədrisdə
arzuolunan nəticəyə çatmaqdan ötrü orta məktəb
müəllimlərinin pedaqoji bacarıqları ilə
yanaşı, ən əsas şərt, şübhəsiz ki,
dərsliklərin səviyyəsi ilə bağlıdır: “Dərsliklərin
tərtibinə çox ciddi nəzarət olmalıdır. Hər
adama bu işi etibar etmək
olmaz. Konkret olaraq ədəbiyyat dərslikləri təcrübəli,
dolğun bilikli, geniş dünyagörüşünə
malik pedaqoq-filoloqlar tərəfindən tərtib edilməlidir.
Bu tələblərə cavab verən mütəxəssislərimiz
az deyil. Amma onların davamçıları yetişməlidir.
Müəllimləri səviyyəli dərsliklərlə, məzmunlu
proqramla təchiz etdikdən sonra onlardan buna layiq iş tələb
etmək olar”.
Teatrşünasın fikrincə, orta məktəblərdə
tədris proqramına həm milli, həm də dünya ədəbiyyatından
seçmə əsərlər salınmalıdir: “İlk
növbədə, klassikaya geniş yer ayrılmalıdır və
əlbəttə ki, müasir əsərlərin ən
yaxşıları tədris edilməlidir. Amma nədənsə
dərsliklərdən hamı narazıdır. Bu dövlət
əhəmiyyətli bir məsələdir. Çünki
ölkəmizin, dövlətimizin gələcək sahibləri
indiki gənclər olacaqlar. Yalnız mənəviyyatı
dürüst və zəngin olan vətəndaşlardan ibarət
cəmiyyət tərəqqiyə çata bilər.
Mən 1968-ci ildə bitirdiyim 31 nömrəli orta məktəbin
çox güclü ədəbiyyat
müəllimləri vardı. Direktor Humay Həsənzadə
özü də ədəbiyyat müəlliməsi idi. O necə
sevirdi ədəbiyyatı, bizə onu necə sevdirirdi!
Teatrı da çox sevən adam idi. Həftədə bir dəfə
məktəbdən bizi teatra aparırdılar, həftədə
bir dəfə də valideynlərimizlə teatra gedirdik. O illərdə
Bakıda ailəlikcə teatra getmək ənənəsi var
idi. Böyüklər teatrları və tamaşaları
yaşımıza uyğun seçirdilər. Əlbəttə
ki, hər birimizin teatr aləmi ilə
tanışlığı kukla teatrından başlayır.
Ona görə həm ailələr, həm də məktəblər
bu məqamı diqqətdən qaçırmamalıdır.
Son illər tamaşa zallarında gənclərin
sayının çoxalması onu göstərir ki, belə
ailə və məktəblərimiz az deyil. Bu, çox
sevindirici və ümidverici haldır. Bu mənada söhbətimizin
mövzusunun son dərəcə vacibliyindən
çıxış edərək onu da vurğulayım ki, məktəblərimiz
teatrlarla sıx əlaqə qurmalıdır. Əminəm ki,
teatrlarımız bu təşəbbüsə canla-başla
qoşulacaqlar. Mədəniyyət və İncəsənət
Universitetinin müəllimi olaraq deyim ki, məktəblərdə
proqram üzrə əlavə bilgi-məlumat xarakterli
mühazirələr oxumağa da hazırıq. “Mədəniyyət”
qəzetinə də belə bir mövzunu müzakirəyə
çıxardığına görə təşəkkürümü
bildirir, onu gündəmdə saxlamağı arzu edirəm”.
Mövzu üzrə şəxsi təəssürat
Orta məktəbdəki ədəbiyyat dərslərimizdən
xoş xatirələrim var: bu fənni tədris edən müəllimlərimizin
biri digərindən peşəkar olduqları
üçün proqramda təqdim edilən mövzunu sevə-sevə,
biz şagirdlərdə əvvəlcə ədəbi əsərə
maraq, daha sonra fabulaya fərdi yanaşma bacarığı
aşılayaraq tədris edirdilər. Məktəbdə dram dərnəyimiz
də vardı və 6-7 siniflərdən başlamış
11-ci sinfə kimi ədəbiyyat dərslərində bir
çox əsərlərin tədrisi sanki bacarıqlı
rejissor və ona layiq yaradıcı heyətin iştirakı
ilə hazırlanan tamaşanın baş məşqi təəssüratını
doğururdu. Səbirsizliklə gözləyirdim bu dərsləri
və 45 dəqiqənin bitməsini heç istəmirdim; əsl
ədəbiyyat və teatr bayramı idi çünki...
Samirə Behbudqızı
P.S. (redaksiyadan): mövzuya qayıdacağıq...
Mədəniyyət.- 2024.- 17 aprel, ¹27-28.- S.7.