Sözü aşiqanə,
fikirləri dahiyanə...
Məhəmməd Füzulinin adı klassik Azərbaycan
poeziyasının zirvəsinə həkk olunub. Onun qəzəlləri,
xüsusilə “Leyli və Məcnun” poeması müəllifinə
yalnız türk-müsəlman aləmində deyil, daha
geniş coğrafiyada şöhrət qazandırıb.
Azərbaycan və müsəlman Şərqində
onun qəzəllərinə, “Leyli və Məcnun”
poemasına çoxsaylı nəzirələr yazılıb.
Eyni zamanda xüsusi Füzuli ədəbi məktəbi
formalaşıb.
Bu il dahi şair və mütəfəkkirin anadan
olmasının 530 illiyidir. Prezident İlham Əliyevin 24 yanvar
2024-cü il tarixli sərəncamı ilə Füzulinin
yubileyi növbəti dəfə dövlət səviyyəsində
qeyd ediləcək.
Molla Məhəmməd Süleyman oğlu (Məhəmməd
Füzuli) 1494-cü ildə İraqın Kərbəla şəhərində
dünyaya göz açıb. Oğuzların Bayat boyundan olan
Məhəmməd mükəmməl təhsil alıb, dini və
dünyəvi elmləri dərindən mənimsəyib. Şəxsi
mütaliəsi sayəsində klassik türk, ərəb, fars
və hind ədəbiyyatını öyrənib. Bir müddət
İraqın Nəcəf və Hillə şəhərlərində
də yaşayıb. Uzun müddət müqəddəs ocaq,
din və vəqf idarələrində çalışaraq
güzəran keçirib.
Erkən çağlardan yaradıcılığa
başlayan Məhəmməd “Füzuli” (ərəb dilindən
tərcümədə “çoxdanışan” deməkdir) təxəllüsü
ilə şeirlər yazıb. Ədəbiyyatşünasların
fikrincə, şair bu təxəllüsü təsadüfən
götürməyib. Həmin dövrdə də şairlərin
əsərlərini öz adlarına çıxanlar vardı.
Füzuli hesab edirdi ki, bu təxəllüslə yazılan
nümunələrə sahib çıxan olmayacaq.
Məhəmməd Füzuli İraqda hökmran
olmuş istər Səfəvi, istərsə də Osmanlı
saraylarına üz tutmayıb, sadə ömür sürərək
yaradıcılıqla məşğul olub.Şairin
müasiri Əhdi Bağdadi “Gülşəni-şüəra”
(“Şairlər gülşəni”) adlı təzkirəsində
Məhəmməd Füzulini bilik və mərifətdə
kamil, yeni məzmunlu fikir söyləməkdə misilsiz bir sənətkar
kimi təqdim edib. Təzkirəçi şairin həm də
böyük hörmət sahibi və alim kimi
tanındığını yazıb.
Araşdırmalardan məlum olur ki, şair Azərbaycan
və fars dillərində yüzlərlə qəzəl,
habelə qəsidə, müxəmməs, təxmis, qitə,
rübai və s. qələmə alıb. Onun “Leyli və Məcnun”,
“Bəngü-badə”, “Söhbətül-əsmar”, “Həft
cam”, “Hədiqətüs-süəda”, “Rindü Zahid”, “Səhhət
və Mərəz”, “Mətləül-etiqad”, “Hədisi-ərbəin”
(tərcümə), “Şikayətnamə” və s. irihəcmli
əsərləri dövrün sınaqlarından
çıxaraq günümüzə gəlib çatıb.
Məcnundan füzun aşiqlik istedadı...
Füzuli şeiriyyətinin, qəzəllərinin əsas
mövzusu məhəbbətdir və şair
yaradıcılığının bu cəhətini diqqətə
çəkərək yazır:
Məndən, Füzuli, istəmə əşarü-mədhü
zəmm,
Mən aşiqəm, həmişə sözüm
aşiqanədir.
“Məni candan usandırdı...” qəzəlində
lirik qəhrəmanın ülvi eşqi bənzərsiz ifadə
və üslubda tərənnüm olunur. Qəzəl
aşiqin şikayətləri ilə başlayır. İstəyinə
çatmayan aşiqin odlu ahları dörd bir tərəfi
yandırsa da, muradının şamını
alışdırmır...
Məni candan usandırdı, cəfadan yar
usanmazmı?!
Fələklər yandı ahımdan, muradım şəmi
yanmazmı?!
Füzuli məhəbbəti insana nəciblik, sədaqət,
səmimiyyət və fədakarlıq
aşılayan bir hissdir. Bu yüksək insani hisslər həm
də sevgi ilə azadlıq arasında bir bağlılıq
yaradır.
Şairin məhəbbət mövzusu geniş və
çoxcəhətlidir. Bu mövzu bəşəri, həm də
ilahi eşq və gözəlliyə söykənir. O, lirik qəhrəmanının
məhəbbətini hərarətli bir dillə izhar edir. Məhəbbət
aləmində Məcnundan da üstün olduğunu diqqətə
çatdırır:
Məndə Məcnundan füzun aşiqlik istedadı
var,
Aşiqi-sadiq mənəm, Məcnunun ancaq adı var...
Akademik Həmid Araslı Füzuli
yaradıcılığındakı sevgini belə qiymətləndirir:
“Füzuli dünyaya məhəbbət gözü ilə
baxdığı üçün kainatın məhəbbət
əsasında yarandığını zənn edir. Şair
insan gözəlliklərini hər şeydən üstün
tutur, onun mənəvi qüdrətini və zahiri gözəlliklərini
tərənnüm edir”.
Təkcə eşq dastanımı?...
Füzuli yaradıcılığının yüksək
zirvəsi, sözsüz ki, Azərbaycan dilində 1536-cı
ildə qələmə aldığı “Leyli və Məcnun”
əsəridir. Şərq xalqları arasında geniş
yayılmış bu mövzunun qədim bir tarixi vardır. Bu
mövzuda ilk dəfə 1188-ci ildə böyük Azərbaycan
şairi Nizami Gəncəvi epik poema yazıb. Sonra onlarca
şair bu mövzuya müraciət edib. Həmin əsərlər
sırasında ən geniş şöhrət tapan, gözəl
sənət nümunəsi kimi əbədiləşən isə
Füzulinin “Leyli və Məcnun”udur.
Mən gövhərəm, özgələr xiridar,
Məndə deyil ixtiyari-bazar.
Dövran ki, məni məzada saldı,
Bilmən kim idi satan, kim aldı.
Olsaydı mənim bir ixtiyarım,
Olmaz idi səndən özgə yarım...
Son dərəcə maraqlı kompozisiyası ilə
seçilən əsər lirik ricətlər, gözəl təbiət
təsvirləri ilə zəngindir. Təsadüfi deyil ki, dahi
Üzeyir bəy məhz bu əsər əsasında 1908-ci ildə
nəinki Azərbaycanda, eləcə də müsəlman
Şərqində ilk operanı yazıb.
Şair digər epik əsərlərində bir
sıra tarixi hadisələrə, sosial məsələlərə
öz münasibətini bildirib, müdrik
baxışlarını ortaya qoyub. Müəllif “Bəngü-badə”
(“Tiryək və şərab”) əsəri ilə Səfəvi
və Osmanlının 1514-cü ildə
qarşı-qarşıya gəldiyi və hər iki qüdrətli
türk dövlətinin gücünün
sarsıldığı Çaldıran döyüşünə
etirazını bildirib.
Füzuli “Meyvələrin söhbəti” əsərində
zəmanəsinin ictimai çatışmazlıqlarına,
baş verən yersiz çəkişmələrə
münasibət bildirir. Yersiz qürur, mənasız
öyünmələrin faydasızlığını,
bir-birinin eyiblərini söyləməklə öz məziyyətlərini
tərifləyənləri meyvələrin mübahisəsində
göstərir. İctimai ədalətsizlikdən,
dünyanın vəfasızlığından şikayətlənən
şair yazır:
Dünya işinin mədarı yoxdur,
Heç kimsəyə etibarı yoxdur.
Eylər birisini sahibi-tac,
Ol birisin eylər ona möhtac...
Məhəmməd Füzuli Osmanlı hökmdarı
Sultan Süleyman Qanuniyə yazdığı “Şikayətnamə”
adlı bədii məktubunda vəqf idarələrindəki
rüşvətxorluq və süründürməçiliyi
tənqid edir. Azərbaycan dilində qafiyəli nəsrdə
(səcli qafiyə) qələmə alınan əsərdə
işlənən bir sıra deyimlər bu gün də xalq
arasında zərbi-məsəl kimi işlənir.
Məhəmməd Füzuli 1556-cı ildə Kərbəla
şəhərində vəfat edib, İmam Hüseyn məqbərəsinin
yaxınlığında dəfn olunub.
Füzuli yaradıcılığı
saralıb-solmayan duyğu və fikirlər çələngidir.
Şairin milli poeziyamızı zənginləşdirən
yaradıcılığı əbədiyaşarlıq
qazanmış söz inciləri, müdriklik xəzinəsidir.
Savalan Fərəcov
Mədəniyyət.- 2024.- 17 aprel, ¹27-28.- S.6.