“Atam bəzən oynayacağı
rolların dialoqlarını evdə mənimlə məşq
edirdi…”
Tarixçi-şərqşünas, akademik Nailə Vəlixanlı
ilə iki mövzuda bir söhbət
Bu il görkəmli teatr və kino aktyoru, Xalq artisti Məmmədəli
Vəlixanlının (1899–1969) anadan olmasının 125
illiyidir. Aktyorun qızı, tanınmış
tarixçi-alim, Milli Azərbaycan Tarixi Muzeyinin direktoru akademik
Nailə Vəlixanlı ilə söhbətimizdə mərhum
sənətkarın ömür və sənət yolu, eləcə
də özünün elmi fəaliyyəti, planları
haqqında danışdıq.
– Nailə xanım, bəzi mənbələrdə
atanızın Fatmayı kəndində doğulduğu qeyd
olunur.
– Babam Fatmayı kəndindən olsa da, atam 15 mart
tarixində Bakı şəhərində, indiki
Ə.Hüseynzadə küçəsində (keçmiş
İskra küçəsi) dünyaya gəlib və həmin
ev indi də qalır. Babamın baqqal dükanı və
karvansarası var idi. Atamı ilk olaraq mollaxanaya, daha sonra “Səfa”
mədəni-maarif cəmiyyəti nəzdində fəaliyyət
göstərən məktəbə qoyub. Məktəb həmin
vaxtlarda dövrünə görə çox inkişaf
etmiş bir təhsil ocağı olub. Dövrün
maarifçi insanları bu məktəblə əlaqə
saxlayır, şagirdlərin tərbiyə və
inkişafına təsir göstərirdilər. Bu şagirdlərin
yeni bir vətəndaş kimi yetişməsində həmin
ziyalıların da böyük rolu olub. Həmin məktəbdə
oxuyanda atam tamaşalarda, eləcə də məhəllədə
göstərilən şəbih tamaşalarda iştirak edir.
Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri Dadaş
Bünyadzadə 1922-ci ildə atamı teatra dəvət edir.
Həmin ildən ömrünün sonuna kimi atam teatrda işlədi.
1961-ci ildə xəstələndi və yataq xəstəsi
olduğu üçün teatra gedə bilmədi. Onun
bütün fəaliyyəti Akademik Milli Dram Teatrı ilə
bağlı idi.
– Yəqin ki, atanıza aid arxiv sənədləri
qorunur?
– Bəli, biz o zaman atama aid olan bütün arxiv
materiallarını Dövlət Teatr Muzeyinə verdik. Orden və
medalları, afişalar və s. Atam ifa etdiyi rolların
sözlərini ərəb qrafikalı Azərbaycan əlifbası
ilə yazırdı. Həmin yazıların olduğu materialları
qardaşım Dövlət Ədəbiyyat və İncəsənət
Arxivinə vermişdi. Bizim muzeydə də qorunan əşyaları
var: bir təsbehi və fotoları. Atam bu təsbehdən
Ocaqqulu obrazını (C.Cabbarlı, “Almaz” – red.) canlandırarkən
istifadə edib.
– Ailədə neçə övlad idiniz?
– Üç övlad idik. Məndən kiçik
qardaşım Aqşin də aktyor idi. Mən çox istəyirdim
ki, heç olmasa, rejissor olam, amma atam icazə vermədi. Bir
qardaşım da var idi. O bizdən çox böyük idi.
Vaxtsız rəhmətə getmişdi. Aqşin böyük həvəslə
teatrda işləyirdi. Amma o, atamla az müddət
çalışdı.
– Atanız teatrdan getdikdən sonra əlaqə
saxladığı dostları vardı?
– Yaxşı dostları var idi: İsmayıl
Dağıstanlı, Ələsgər Ələkbərov,
Ağadadaş Qurbanov, Ağasadıq Gəraybəyli, Mehdi Məmmədov... Xəstələndikdən sonra
atamın ürəyi teatrda qalmışdı. İflic
olmuşdu, yaxşı yeriyə bilmirdi. 60 yaşı olsa da,
çox cavan görünürdü. Əfsus ki, təzyiq onu
xəstəliyə düçar etdi. Dörd ilə yaxın
idi ki, atam xəstəliyi üzündən teatra gedə
bilmirdi. Görkəmli rejissor Mehdi Məmmədov bizə gəlib
atama dedi ki, “Hamlet”in radiotamaşasını
hazırlayırıq və sən orada mütləq Birinci məzarçını
səsləndirməlisən. O, radio əməkdaşlarını
gətirdi və atamın səsini yazdılar. Bu, atamın son
rolu, tamaşası da sayıla bilər. Həmin lent
yazısı hazırda radionun “qızıl fond”unda qorunur. Bu
haqda o vaxt kiçik məqalə də dərc olunmuşdu. Məqalədə
“Dörd ildən sonra sevimli sənətkarın, nəhayət
ki, heç olmasa, səsini eşitdik” deyə qeyd olunmuşdu.
– O zaman atanızın 60 illiyi qeyd olundumu?
– İndiki zaman olsaydı, həkimlər atamı tez
sağaldardı. Həmin dövrdə tibb o qədər də
inkişaf etməmişdi. Teatrda 60 illik yubileyini keçirmək
istəyirdilər, alınmadı. O vaxt televiziyada yubileyi qeyd
edildi. Amma səhnədə qismət olmadı. Televiziya
verilişləri əksərən canlı
yayımlandığı üçün həmin lent
yazısı qalmadı. Martın 15-də ad günü idi,
martın 18-də xəstələndi. Əslində,
martın əvvəlindən özünü yaxşı hiss
etmirdi. Həkimlər ona istirahət etməyi məsləhət
bilmişdilər. Sabit Rəhmanın “Əliqulu evlənir” əsərinin
tamaşası hazırlanırdı. Atam Xəlil rolunda
çıxış edirdi. Həmin obraz da çox yaddaqalan
oldu.
Ailənin tək oğul övladı və “heydəri”
sırğa
– Obrazlarını evdə hazırladığı məqamlar
olurdumu?
– Axır illər atam rola hazırlaşanda tərəf-müqabili
olaraq dialoqları evdə mənimlə məşq edirdi. Buna
görə də mən artıq onun bir çox
rollarını əzbər bilirdim. Həkimlər səhnəyə çıxmağa icazə vermirdilər.
Amma o deyirdi qoy tamaşanın premyerası olsun. 1961-ci ildə
cəmi iki dəfə həmin tamaşada səhnəyə
çıxa bildi. Hətta mən bir nüansı
xatırlayıram. O vaxt tamaşadan sonra teatrın avtobusu
aktyorları evə aparırdı. Biz tamaşadan sonra evə
getdiyimiz vaxt rəhmətlik Mirvari Novruzova atama belə bir
söz dedi: “Vəlişka, sənə göz dəyəcək...”.
Yaxın dostları ona belə müraciət edirdilər. Bəlkə
də, elə bir qüvvə var ki, insan nəyisə hiss edir.
Həmin tamaşada Ağasadıq müəllim Əliqulu
obrazını oynayırdı. Qızı ilə yaxın rəfiqə
idik. Premyerada onunla yanaşı oturmuşduq. Hələ
tamaşa başlamamışdı, özümü hədsiz
həyəcanlı hiss edirdim. Elə bil atamın son dəfə
səhnəyə çıxışını hiss
etmişdim. Bu mənim heç vaxt yadımdan
çıxmır. Atamın bu tamaşada dublyoru
İsmayıl Osmanlı idi. İki tamaşadan sonra xəstələndi.
Pirşağıda bağımızda olarkən vəziyyəti
pisləşmişdi. O dövrdə maşın-filan da tapmaq
çətin idi. Böyük yük maşınında gətirmişdilər
evə. İndi düşünürəm ki, atamın vəziyyətinin
ağırlaşmasına bu amillər də təsir etdi o
vaxt. Həkim çağırdıq, baxdı, dedi tərpətmək
olmaz. Amma heç kim onun xəstəliyinə inanmırdı
deyə İsmayıl Dağıstanlı gəlib ona baş
çəkdi. Onlar xeyli deyib-güldülər və bundan
sonra atam yenidən insult keçirdi, komaya düşdü. Xəstəxana
şəraitində müalicəsini davam etdirdi. Səkkiz il
bu xəstəliklə mübarizə apardı və 69
yaşında dünyasını dəyişdi. Yadıma
düşmüşkən onu da deyim ki, o dövrdə babam, yəqin
ki, aman-zaman bir övladı olduğu üçün
atamın aktyor olmasını əvvəllər istəməyib.
Amma yeniliyə açıq insan olduğu üçün
sonradan bunu qəbul edib. Mən uşaq olanda atamın bir
qulağında deşik görmüşdüm və həmişə
bunun səbəbini soruşurdum. Sonradan bildim ki, babam 40
yaşında olarkən ailə qurub və o zaman nənəmin
yaşı çox az olub. Təqribən 10 il sonra evin yeganə
övladı – atam dünyaya gəlib. Azərbaycanın bir
sıra bölgələrində nəslin yeganə oğlan
uşaqlarının qulağının bir tayına “heydəri”
sırğa taxırdılar və atamın da qulağında
olan bu deşik həmin sırğadan qalma nişanə idi...
– Atanızın 125 illiyini necə qeyd etmək istəyirsiniz?
– Düzü, mən teatrlardan heç bir təklif
almamışam. Özüm də müraciət etməmişəm.
– Rəhmətlik qardaşınız Aqşin Vəlixanlı
da gözəl aktyor idi. Bəs bu gün nəslinizdə bu sənəti
davam etdirən varmı?
– Hərdən Aqşin qardaşımla atamın sənətini
müqayisə edirəm. Qardaşım tamam başqa səpkidə
bir aktyor idi. O da aramızdan tez getdi. Potensialını səhnədə
tam nümayiş etdirə bilmədi. Bu da onun xarakterindən
irəli gəlirdi. Heç vaxt tamaşanın sonunda səhnəyə
çıxmazdı, həmişə qıraqda dayanardı. O
da atam kimi zarafatcıl və böyük yumora sahib idi. Zəngin
mütaliəsi vardı. Qardaşımın bir oğlu var
idi, o da rəhmətə gedib. Nəvələr isə tamam
başqa sahəni seçiblər. Mənim ailəmdəkilər
isə tarix sahəsinə yönəldilər.
“Məqsədimiz odur ki, muzeyin fondları anbara
çevrilməsin…”
– Nailə xanım, icazənizlə, biz də söhbətimizi
elə çalışdığınız sahəyə
yönəldək. Yadımdadır, orta məktəbdə
tarix müəllimimiz deyirdi ki, tarixə çox da
inanmayın, o dəyişkən ola bilir. Bu fikir nə dərəcədə
həqiqəti əks etdirir?
– Mən uzun illər ali məktəblərdə dərs
demişəm. Hər zaman auditoriyaya daxil olanda birinci
sözüm bu olur: nə qədər ki gəncsiniz, ailənizin
tarixi ilə maraqlanın. Yəni bir növ şəcərənizi
bilin. İnsan öz tarixini, kimliyini bilməlidir. Əvvəlcə
öz kimliyini öyrən, sonra ətrafa çıx. Tarix dəyişmir.
Tarix elə yerindədir. Sadəcə, onu təqdim edənlər
dəyişdirirlər. Tarix siyasiləşəndə dəyişir.
Antik müəlliflərin təqribən belə bir deyimi var:
“Tarixə güllə atan gələcəyinə güllə
atar”. Tarix obyektivliyi sevir. Bu obyektivliyə də insanlar şərait
yaradır. Tarixin dəyişməsinin isə artıq bəlli
səbəbləri var. Müəyyən məqsəd və qərəz
üçün. Heç uzağa getmədən erməni
siyasətini qeyd edə bilərik. Onlar özlərinə
quraşdırma bir tarix yaradıblar. Köçüb məskunlaşdıqları
əraziləri hər zaman tarixi vətənləri kimi təqdim
ediblər.
– Tarix mənbə əsasında yazılır...
– Məsələn, tutaq ki, mən Orta əsrlər
tarixi ilə məşğulam. Demək, mən müxtəlif
mənbələrdən istifadə edirəm. Həmin
dövrdə yazılmış ilkin mənbələrə
istinad. Dəfələrlə olub ki, qonşu ölkələrin
tarixçiləri ilə görüşlərdə ərazi
və sərhəd mövzularında müzakirələr
zamanı əgər sən ilkin mənbədən fakt gətirdinsə,
o zaman əlavə suala və şərhə ehtiyac qalmır.
Amma bir mənfi hal da var ki, öz dilimizdə mənbə
azdır. Tarix çox gözəl elmdir, əslində, dəqiq
elmdir, lakin onu dəqiqlikdən kənar edənlər var...
– Sizi bu sahəyə atanız yönəltdi, yoxsa
öz seçiminiz oldu?
– Düzü, mən heç tarixə yönəlməmişdim.
132 saylı məktəbdə birinci sinfə getmişəm. Anam inad etdi ki, mən skripka aləti
üzrə musiqi təhsili alım. Zorla məni iki il dərsə
apardı. Sonra o mərhələ çatdı ki, mən orta
məktəb fənlərimi də birdəfəlik musiqi məktəbində
təhsil almaqla davam etdirməli idim. O zaman artıq mən getmək
istəmədim. Bizim məktəbin bir neçə məzunu
həmin il Bakı Dövlət Universitetinin yeni
açılmış Ərəb dili fakültəsinə sənəd
verdilər. Mən də onlarla bir sırada bu seçimi etdim.
Bizə ərəb filologiyasından dərs keçilirdi. Amma
artıq təyinatla Şərqşünaslıq
İnstitutuna gələndə tarixlə məşğul
olacağıma qərar verdim. Ərəb filologiyası ilə
məşğul olmaq üçün dili mükəmməl
bilməlisən. Bizim çox yaxşı müəllimimiz
var idi – Ələsgər Məmmədov. 10 nəfərlik
qrupdan 6 nəfər universiteti fərqlənmə diplomu ilə
bitirdi. Amma mən tarixi seçdim. O vaxt rəhmətlik Ziya
Bünyadov xilafətin tarixi ilə məşğul idi və
“Azərbaycan VII–IX əsrlərdə” mövzusunda dissertasiya
müdafiə edəcəkdi. Ziya müəllim və institutun
direktoru akademik Əlisöhbət Sumbatzadə dedilər ki,
IX–XII əsrlərdə ərəb
coğrafiyaşünaslarının Azərbaycan haqqında
yazdıqlarını öyrən, dissertasiya kimi müdafiə
et. Beləliklə, mən tarixə gəldim və şərqşünas-tarixçi
oldum. 27 yaşımda müdafiə etdim. Elə o vaxtdan da dərs
deməyə başladım.
– O dövr də Azərbaycan tarixinin maraqlı səhifələrindəndir...
– Bəli, xilafət dövrü həddən artıq
maraqlıdır. Ərəblərin gəlişi, bizim
torpaqlarımızı tutması və s. Biz dini mənimsəmişik,
ancaq ulu babalarımız mübarizə aparıblar. Bu tarixi
öyrənmək və yazmaq lazım idi...
– Hazırda hansı mövzular üzrə
araşdırma aparırsınız?
– Muzeydə yeni ekspozisiyamızı açmağa
hazırlaşırıq. 2020-ci ildə muzeyin 100 illiyi qeyd
ediləcəkdi, lakin pandemiya səbəbindən olmadı.
Daha sonra isə maliyyə vəsaitinin azlığı yeni
ekspozisiyanın qurulub başa çatdırılmasına
imkan vermədi. Çox sağ olsun Prezidentimiz,
ekspozisiyanın qurulmasına vəsait ayrılması ilə
bağlı sərəncam imzaladı. Hazırda yeni
ekspozisiyanın bələdçisini yazıram. Həmçinin
Azərbaycanın tarixi coğrafiyasını yenidən
işləyirəm. Bir müddət əvvəl Zəngəzur
tarixinə aid kitab yazdım. Həmçinin muzeyimizin əməkdaşlarının
da ərsəyə gətirdiyi yeni kataloqlar var ki, onlara da elmi
redaktor kimi rəhbərlik edirəm. Əsas məqsədimiz
odur ki, muzey fondları anbara çevrilməsin, tədqiq və
təbliğ olunsun. 2000-ci ildən müntəzəm olaraq hər
il muzeyin eksponatlarını elmi baxımdan təqdim edən
5-10 kataloqumuz çapdan çıxır.
– Sizə işlərinizdə uğurlar
arzulayırıq.
– Mən də sizə və qəzetinizə təşəkkür
edirəm.
Lalə Azəri
Mədəniyyət.- 2024.-
17 aprel, ¹27-28.- S.6.