Zülfüqar Hacıbəyovun
xatirəsi oğlunun evində yad olundu
Aprelin 16-da Azərbaycan Musiqi Mədəniyyəti
Dövlət Muzeyinin filialı olan Niyazinin Mənzil-Muzeyində
görkəmli bəstəkar, Əməkdar incəsənət
xadimi Zülfüqar Hacıbəyovun (1884–1950) anadan olmasının
140 illiyi münasibətilə tədbir keçirildi.
Yubiley münasibətilə Zülfüqar Hacıbəyovun
həyat və yaradıcılığına dair muzeyin
fondunda olan eksponatlardan sərgi də təşkil
olunmuşdu.
Tədbiri Azərbaycan Musiqi Mədəniyyəti
Dövlət Muzeyinin direktoru Əməkdar mədəniyyət
işçisi Alla Bayramova açaraq bildirdi ki, ötən əsrin
birinci yarısında Azərbaycanda opera sənətinin təşəkkül
tapması, musiqili teatrın təşkili və
inkişafında dahi bəstəkar Üzeyir Hacıbəyli
ilə yanaşı, onun qardaşı Zülfüqar Hacıbəyovun
da mühüm xidmətləri olub.
Muzeyin şöbə müdiri Xanım Abdinova görkəmli
bəstəkarın yaradıcılığına nəzər
saldı.
Qeyd etdi ki, yaradıcılığında musiqinin
müxtəlif janrlarına müraciət edən
Zülfüqar ötən əsrin ikinci onilliyində “Əlli
yaşında cavan” operettası, “Aşıq Qərib”
operası ilə tanınır. “Aşıq Qərib”
operasının səciyyəviliyi ondadır ki, o, xalq musiqisi
ilə Avropa musiqisinin sintezini özündə əks etdirirdi.
Bəstəkar xüsusilə 1920–30-cu illərində
yazdığı mahnılarla məşhurlaşır. “Kəndçi
qızı”, “Çoban qız”, “Əsgər nəğməsi”
və digər mahnıları dildə-ağızda
dolaşır. Z.Hacıbəyov 1935-ci ildə kino tariximizdə
ilk səsli film olan “Almaz” filminə musiqi yazır. “Kölə
qadınların rəqsi” adlı simfonik əsəri mədəni
həyatda geniş əks-səda doğurur. Milli musiqimizin
inkişafında göstərdiyi xidmətlərə görə
1943-cü ildə “Əməkdar incəsənət xadimi” fəxri
adına layiq görülən Zülfüqar Hacıbəyovun
“Nüşabə” və “Üç aşıq” operaları
tamamlanmamış qalıb.
Tədbirdə daha sonra “Bəstəkar Zülfüqar
Hacıbəyovun yaradıcılığında
vokal-instrumental janr” (Ü.Hacıbəyli adına Bakı
Musiqi Akademiyasının elmi-tədqiqat laboratoriyasının əməkdaşı
Fidan Nəsirova) və digər mövzularda
çıxışlar dinlənildi.
Bədii hissədə BMA-nın professoru, Xalq artisti
Ülviyyə Hacıbəyovanın, musiqişünas və
vokalçı Sevinc İbrahimovanın, Azərbaycan Dövlət
Akademik Opera və Balet Teatrının solistləri – Əməkdar
artist Səbuhi İmanov, Rəvanə Əmiraslanlı və
xorun ifalarında musiqi parçaları səsləndi.
Z.Hacıbəyovun “Aşıq Qərib” operasından
uvertüra, Şahsənəmlə Qəribin dueti, Ağca
qızın mahnısı və qızlar xoru, “Nüşabə”
operasından fraqmentlər təqdim edildi.
Sonda Z.Hacıbəyovun və oğlu Niyazinin musiqisini
yazdığı “Almaz” kinofilmindən fraqmentlər
nümayiş olundu.
Savalan Fərəcov
Mədəniyyət.- 2024.-
17 aprel, ¹27-28.- S.1;2.