Füzuli müştərək müsəlman mədəniyyətinin yetirməsi kimi

 

AMEA-da beynəlxalq konfrans

 

Bu il dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyi tamam olur. Prezident İlham Əliyevin yubiley haqqında yanvarın 25-də imzaladığı sərəncamın icrası ilə bağlı AMEA-da da silsilə tədbirlər təşkil edilir.

15-16 aprel tarixlərində AMEA-nın Rəyasət Heyəti, Humanitar və İctimai Elmlər bölmələri və İraq-Azərbaycan Dostluq Cəmiyyətinin birgə təşkilatçılığı ilə “Dahi Azərbaycan şairi Məhəmməd Füzuli müştərək müsəlman mədəniyyətinin yetirməsi kimi” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Konfransa Türkiyə, İraq, Suriya, Özbəkistan və Rusiyadan nümayəndələr qatılıb.

Tədbirin açılışında Ulu öndər Heydər Əliyevin dahi şairin 500 illik yubileyindəki çıxışından kadrlar nümayiş etdirilib.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli giriş sözündə ölkə başçısının yubileylə bağlı sərəncamının əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, sərəncam dahi şairin irsinin yenidən, o cümlədən Türk dünyası kontekstində tədqiqinə əlavə zəmin yaradır.

Akademiyada Məhəmməd Füzulinin həyat və yaradıcılığı ilə bağlı tədqiqatlardan bəhs edən İsa Həbibbəyli bildirib ki, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Füzulişünaslıq sektoru tərəfindən kollektiv monoqrafiya üzərində iş aparılır, şairin UNESCO-nun Dünya Yaddaşı Beynəlxalq Reyestrinə daxil edilmiş anadilli “Divan”ı yenidən çapa hazırlanır. Əlyazmalar, Şərqşünaslıq, Ədəbiyyat və digər institutlarda Füzulinin 530 illik yubileyinə həsr olunmuş konfranslar keçirilir, nəşrlər çapa hazırlanır və bu proses il ərzində davam edəcək.

AMEA rəhbəri bildirib ki, keçirilən tədbirlərin başlıca məqsədi isə Füzulini dünyaya Azərbaycan şairi kimi daha geniş tanıtmaqdır: “Füzulinin mənşəyi azərbaycanlı, dili isə Azərbaycan-türk dilidir. Ulu öndər Heydər Əliyevin də dediyi kimi, Füzuli türk xalqlarını birləşdirmiş şəxsiyyətdir. Füzuli Şərqin, ümumilikdə isə dünyanın böyük şairlərindən biridir. Dili, üslubu və şeirlərindəki məcazları baxımından dünyada onunla müqayisə oluna biləcək az şair var”.

Daha sonra çıxış edən Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva bildirib ki, Azərbaycan ədəbi-bədii fikir tarixində böyük rol oynayan, Şərq xalqları ədəbiyyatına mühüm təsir göstərən Məhəmməd Füzulinin ölməz bədii-fəlsəfi irsi xalqımızın bəşər sivilizasiyasına bəxş etdiyi əvəzolunmaz mədəni sərvətdir. Azərbaycan, ərəb və fars dillərində 16 irihəcmli əsərin müəllifi olan dahi şairin yaradıcılığının orijinallığı və yüksək poetikası həm Qərb, həm də azərbaycanlı tədqiqatçılar tərəfindən qeyd edilib. Şərqşünaslıq İnstitutunda da şairin yaradıcılığına dair dissertasiyalar müdafiə edilib, monoqrafiyalar nəşr olunub. “Füzuli və Türkiyə poeziyası”, “Füzulinin ərəbcə poetik irsi”, “Füzulinin farsca divanı: linqvo-poetik özəlliklər” monoqrafiyaları da bu qəbildəndir.

Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anar çıxışında Füzulinin Nizami və Nəvai ilə birlikdə Türk dünyasının ən böyük şəxsiyyətlərindən biri olduğunu söyləyib. O, dahi şairin yazdığı mükəmməl əsərlərlə Azərbaycan və dünya ədəbiyyatına təsir etdiyini, onun hikmətinin əsrlərdən bəri yaşadığını vurğulayıb.

İraq Strateji Araşdırmalar Mərkəzinin direktoru, İraq-Azərbaycan Dostluq Cəmiyyətinin sədri professor Mutaz Muhyi Əbdülhəmid bildirib ki, İslam və Azərbaycan ədəbi düşüncəsinin inkişafında müstəsna rolu olmuş Füzulinin irsi bənzərsiz mənəvi xəzinədir.

Ürgənc Dövlət Universiteti Özbək ədəbiyyatı fakültəsinin dekanı professor Dilşod Qayipov isə çıxışında Füzulinin Şərq ədəbiyyatında tutduğu mövqedən danışıb.

Konfransda daha sonra Şərqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini dosent Ruhəngiz Cümşüdlünün “Füzulinin ərəbcə poetik irsinin tədqiqi haqqında” mövzusunda məruzəsi dinlənilib. Məruzəçi bildirib ki, Füzulinin ərəbcə poetik irsi uzun müddət elm aləminə naməlum qalıb və 1929-cu ildə akademik Y.Bertels tərəfindən Sankt-Peterburqda Asiya muzeyində aşkarlanıb. Lakin bu əlyazma şairin ərəbcə şeirlərini tam əhatə etmir

 

İraq Mədəniyyət Nazirliyi nəzdində Türkman Mədəniyyət Mərkəzinin sədri Sabah Kərküklü, Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin kafedra müdiri Nurboy Cabbarov, Özbəkistan Respublikası Əndican Dövlət Universitetinin professoru Salimaxon Mirzoyeva, Rusiya Elmlər Akademiyası M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun aparıcı elmi işçisi, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun professoru Abuzər Bağırov da Füzulinin həyatı və yaradıcılığı barədə məruzələrlə çıxış ediblər.

Şərqşünaslıq İnstitutunda bölmə iclasları ilə davam edən konfransın işinə aprelin 16-da yekun vurulub.

 

Mədəniyyət.-  2024.- 17 aprel, ¹27-28.- S.1;3.