VI Dünya Mədəniyyətlərarası
Dialoq Forumuna hazırlıq gedir
BMT-də birgə brifinq keçirilib
Xəbər verdiyimiz kimi, “Bakı Prosesi” çərçivəsində
1-3 may tarixlərində Bakıda VI Dünya Mədəniyyətlərarası
Dialoq Forumu təşkil olunacaq.
Mədəniyyətlərarası dialoq üzrə
“Bakı Prosesi”nin tərkib hissəsi olan Forumun əsası
2011-ci ildə qoyulub. Azərbaycan Respublikası Prezidentinin
müvafiq sərəncamı (27 may 2011-ci il) ilə Forumun təşkilinin
əlaqələndirici orqanı Mədəniyyət Nazirliyi
müəyyən edilib.
Sayca 6-cı Forum BMT-nin Sivilizasiyalar Alyansı (UNAOC),
İslam Dünyası Təhsil, Elm və Mədəniyyət
Təşkilatı (ICESCO), UNESCO və BMT-nin Dünya Turizm Təşkilatının
birgə tərəfdaşlığı ilə keçiriləcək.
Mötəbər tədbir ərəfəsində
aprelin 12-də BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında
Azərbaycanın təşəbbüsü ilə VI
Dünya Mədəniyyətlərarası Dialoq Forumu üzrə
birgə brifinq keçirilib. Brifinq BMT-nin Sivilizasiyalar
Alyansının (UNAOC) direktoru Nihal Saadın moderatorluğu ilə
gerçəkləşib.
Brifinqdə çıxış edən BMT baş
katibinin müavini, qurumun Sivilizasiyalar Alyansının ali
nümayəndəsi Migel Anxel Moratinos “Sülh və qlobal təhlükəsizlik
naminə dialoq: əməkdaşlıq və
qarşılıqlı əlaqə” mövzusuna həsr olunan
VI Dünya Mədəniyyətlərarası Dialoq Forumunda tərəfdaş
olmaqdan məmnunluqlarını dilə gətirib.
Qeyd edib ki, Sivilizasiyalar Alyansı Dünya Mədəniyyətlərarası
Dialoq Forumu vasitəsilə dini lider, vətəndaş cəmiyyəti
nümayəndələri, təşkilatlar, gənclər,
qadınlar, akademik dairələr, peşəkar və biznes
ictimaiyyəti də daxil olmaqla geniş spektrli maraqlı tərəflərlə
əməkdaşlıq imkanları yaratmağa və ictimaiyyətin
iştirakı üçün bu platformanın genişləndirilməsinə
sadiq qalmağa davam edəcək.
Brifinqdə Dünya Mədəniyyətlərarası
Dialoq Forumu haqqında qısa videoçarx nümayiş
olunub. Görüntülərdə Azərbaycanın tarixi, zəngin
mədəniyyəti, təbii sərvətləri əks
olunub, həmçinin Azərbaycanın işğaldan azad
edilmiş ərazilərində aparılan yenidənqurma və
bərpa işlərindən bəhs edilib.
VI Dünya Mədəniyyətlərarası Dialoq
Forumu Təşkilat Komitəsində İşçi qrupunun
rəhbəri, mədəniyyət nazirinin müavini Fərid
Cəfərov brifinqdə çıxış edərək
forumun tarixçəsi haqqında qonaqlara məlumat verib.
Xatırladaq ki, BMT-nin Sivilizasiyalar Alyansının ali
nümayəndəsi Migel Anxel Moratinos mart ayında Bakıda
olub və Foruma hazırlıq prosesi ilə bağlı
görüşlər keçirib. Qonaq mədəniyyət
naziri Adil Kərimli ilə görüşündə Sivilizasiyalar
Alyansının budəfəki Forumda da əsas tərəfdaş
kimi fəal iştirak edəcəyini diqqətə
çatdırıb.
Mədəniyyət.- 2024.-
17 aprel, ¹27-28.- S.1;3.