MDB-də
“paytaxt”ların sayı artır
Mədəniyyət, idman, gənclər...
2025-ci ildə “MDB-nin mədəniyyət paytaxtı”
adına Azərbaycanın Laçın şəhərinin
namizədliyi irəli sürülüb. Azərbaycanın
xarici işlər naziri Ceyhun Bayramov aprelin 12-də Minskdə
(Belarus) MDB Xarici İşlər Nazirləri
Şurasının iclasında çıxışı
zamanı bu təklifi səsləndirib. Nazir həmçinin
Azərbaycanın ikinci böyük şəhəri Gəncənin
2025-ci ildə “MDB Oyunları”na ev sahibliyi edəcəyini
xatırladıb və bu məqsədlə ölkəmizdə
aparılan aktiv hazırlıq işlərindən
danışıb.
Qeyd edək ki, “Birliyin Mədəniyyət
Paytaxtları” proqramına 2010-cu ildə start verilib və fəxri
status hər il MDB şəhərlərindən birinə
verilir. Azərbaycandan Qəbələ (2013) və Gəncə
(2017) bu missiyanı daşıyıb. 2024-cü ildə
“MDB-nin mədəniyyət paytaxtı” Özbəkistanın Səmərqənd
şəhəridir. O, estafeti Sankt-Peterburqdan (Rusiya) qəbul
edib.
Səmərqənd Musiqili Dram Teatrında keçirilən
“Mədəniyyət paytaxtı” ilinin açılış mərasimində
(5 aprel) MDB ölkələrinin yaradıcı kollektivləri
tərəfindən musiqi nömrələri təqdim olunub.
“Səmərqənd – MDB-nin mədəniyyət paytaxtı”
proqramının tədbirləri ilboyu Dövlətlərarası
Humanitar Əməkdaşlıq Fondunun dəstəyi ilə həyata
keçiriləcək. Şəhər MDB ölkələrinin
mədəniyyət və incəsənət xadimlərinin
yaradıcılıq görüşləri və qastrol səfərləri,
elm və idmançıların çıxışları,
vernisaj və sərgilərin keçirilməsi
üçün əsas platformaya çevriləcək.
Özbəkistanın qədim şəhəri Səmərqənd
sovetləşmə zamanı respublikanın ilk paytaxtı
(1924) olub. Hazırda əhalisinə (574 min nəfər)
görə Özbəkistanın üçüncü
böyük şəhəridir. Açıq səma
altında muzey sayılan Səmərqənddə 500-ə
yaxın maddi mədəni irs obyekti qeydə alınıb.
Tarixi tikililərin əksəriyyəti Səmərqəndin
Teymurilər dövlətinin paytaxtı olduğu XV–XVII əsrlərə
aiddir. 2001-ci ildə şəhərin tarixi hissəsi “Səmərqənd
– mədəniyyətlərin kəsişməsi” adı altında
UNESCO-nun Dünya İrs Siyahısına daxil edilib.
Qeyd edək ki, ötən ildən etibarən MDB-də
“Mədəniyyət paytaxtı” ilə yanaşı, daha iki
nominasiyada (İdman və gənclər) keçici “paytaxt”lar
elan olunur. “MDB-nin idman paytaxtı” haqqında layihə 2022-ci
ildə təsdiq olunub. İlk olaraq bu missiyanı 2023-cü
ildə Minsk (Belarus) daşıyıb. Bu il “MDB-nin İdman
paytaxtı” Ermənistanın Gümrü şəhəridir. 2025-ci ildə missiyanı Azərbaycanın
Gəncə şəhəri qəbul edəcək. Müvafiq
qərar bu günlərdə (12 aprel) MDB Xarici İşlər
Nazirləri Şurasının Minskdə keçirilən
iclasında qəbul edilib. 2026-cı ildə isə “MDB-nin
idman paytaxtı” Qazaxıstanın Almatı şəhəri
olacaq. Yeri gəlmişkən, “İdman paytaxtı” seçilən
şəhər eyni zamanda “MDB Oyunları”na (2023-cü ildə
əsası qoyulub) ev sahibliyi edir.
Üçillik “MDB-nin gənclər paytaxtı”
proqramı isə 2023-cü ildə təsdiq edilib. 2024-cü
ildə ilk dəfə bu missiyanı Daşkənd (Özbəkistan)
qəbul edib, 2025-ci ildə bu adı Azərbaycanın Qəbələ
şəhəri daşıyacaq, sonra isə (2026) Ermənistanın
Qapan şəhərinə təhvil verəcək.
Mədəniyyət.- 2024.-
17 aprel, ¹27-28.- S.8.