18 aprel Beynəlxalq
Abidələr və Tarixi Yerlər Günüdür
18 aprel dünyada Beynəlxalq Abidələr və
Tarixi Yerlər Günü (International Day of Monuments and Sites)
kimi qeyd edilir. Tarixi Yerlər və Abidələrin Mühafizəsi
Şurasının (ICOMOS) təklifi ilə UNESCO tərəfindən
1983-cü ildə təsis olunan bu günün məqsədi
insanların diqqətini abidələrin və tarixi yerlərin
qorunmasına yönəltməkdir.
ICOMOS-un 2023-cü ildə Sidneydə (Avstraliya)
keçirilən Baş Assambleyasında 2024–2027-ci illər
üçün Üçillik Elmi Planın mövzusu kimi “Fəlakət
və münaqişələrə qarşı davamlı irs
– hazırlıq, cavab və bərpa” mövzusu seçilib.
Beynəlxalq Abidələr və Tarixi Yerlər
Gününün 2024-cü il devizi də “Fəlakətlər
və münaqişələr Venesiya Xartiyasının
prizmasında” elan olunub. “ICOMOS öz üzvləri və daha
geniş irs icması üçün “fəlakət və
münaqişələrə qarşı davamlı irs”
potensialının yaradılması məqsədilə yol xəritəsi
hazırlayarkən və Venesiya Xartiyasının 60-cı
ildönümünü (31 may 2024-cü il) qeyd etməyə
hazırlaşarkən biz ortaq mirasımıza nəzər
salırıq”, – deyə təşkilatın məlumatında
vurğulanır.
Əlamətdar gün ənənəvi olaraq ölkəmizdə
də mədəni irsi yaşadan məkanlarda, mədəniyyət
qoruqlarında çeşidli tədbirlər, sərgilər,
ekskursiyalarla qeyd olunur.
Xatırladaq ki, Azərbaycanın üç tarix-mədəniyyət
və abidələr məkanı – Qobustan qayaüstü rəsmləri
(Qobustan Milli Tarix-Bədii Qoruğu), İçərişəhər
Qız qalası və Şirvanşahlar sarayı ilə
birlikdə (“İçərişəhər” Dövlət
Tarix-Memarlıq Qoruğu) və Şəki şəhərinin
tarixi hissəsi Şəki xan sarayı ilə birlikdə
(Yuxarı Baş Dövlət Tarix-Memarlıq Qoruğu)
artıq neçə illərdir UNESCO-nun Dünya İrs
Siyahısındadır. 2023-cü ildə “Xınalıq və
Köç yolu mədəni landşaftı” nominasiyası da
Dünya İrs Siyahısına daxil edilib.
Qobustan qoruğu Mədəniyyət Nazirliyi yanında
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası
üzrə Dövlət Xidmətinin tabeliyində fəaliyyət
göstərir. Ümumilikdə isə Mədəni İrsin
Qorunması, İnkişafı və Bərpası üzrə
Dövlət Xidmətinin tabeliyində 14 tarix-mədəniyyət
qoruğu var.
Beynəlxalq Abidələr və Tarixi Yerlər
Günü ərəfəsində Mədəniyyət
Nazirliyi və AzTV tərəfindən “Səslənən
irsimiz” adlı yeni layihəyə başlanılıb. Layihənin
məqsədi Azərbaycanın çoxəsrlik tarixinin,
xalqımızın mədəni sərvətlərinin
mühüm hissəsini təşkil edən musiqi və
memarlıq irsimizin tanıdılmasıdır.
Mədəniyyət.- 2024.-
17 aprel, ¹27-28.- S.1.