Bu da olsun 101-ci...
Mimçilərin “Romeo və Cülyetta”sı
Xüsusən, son illər milli teatr prosesini analiz etməyə
çalışan bir sıra həmkarlarımın
sözüdür: nə qədər klassika olar axı?
Mübahisəli fikirdir. Niyə? Çünki teatrın
repertuarı, aktyoru klassikada yetişir. Amma baxır o klassika nə
zaman və necə qoyulur.
Cari ildə 30 yaşını tamamlayan Azərbaycan
Dövlət Pantomima Teatrı da bu günlərdə (uzun
sükutdan sonra), nəhayət ki, dilə “gəl”ərək
premyera sorağını verdi. Özü də bir dünya
klassikası, “ən həzin və kədərli məhəbbət
dramı” hesab olunan “Romeo və Cülyetta” ilə.
Dahi Şekspirin bu pyesinin fərqli janr və
üslublarda, texnika və təqdimatlarda saysız
tamaşaları var və hələ çox olacaq.
Sözsüz ki, janr müxtəlifliyi mükəmməl əsəri
təqdimatda azaddır. Üstəlik, yaradıcılıq
nöqteyi-nəzərdən pyes bütün imkanlara malikdir və
nüvəsində yetəri qədər yozum imkanı var. O
da baxır onun açarını tapa bilən rejissorun
yaradıcılıq potensialına.
Gələk mimçilərin, daha doğrusu,
zaman-zaman özünü başqa teatrlarda sınayıb,
sonradan köhnə evinə yeni arzularla qayıdan Ceyhun
Dadaşovun pantomima janrında, özü də plastik portret
kimi müəyyən etdiyi “Romeo və Cülyetta”ya.
Tamaşanın quruluşçu rejissor və musiqi tərtibatı
Ceyhun Dadaşov, rəqslərin quruluşçusu Nargilə Qəribova
(Əməkdar artisti), quruluşçu rəssamı Xəyyam
Səmədovdur. Sözsüz ki, teatrın bədii rəhbəri,
yəni bütün mimçilərin hərəkətverici
qüvvəsi Xalq artisti Bəxtiyar Xanızadədir.
“Romeo və Cülyetta” sadəcə bir eşq hekayəsi
deyil. Bunu “ailələri düşmən olan, maneələrə
baxmayaraq bir-birindən imtina etməyən aşiqlər” deyə
izah etsək, daha doğru olar. Çünki dramın əsas
mövzusu “eşq ölümü belə gözə alar”
şəklindədir.
Səhnə əsəri əsasən ölüm və
həyatın mübarizəsi üzərində qurulub.
Canlandırılan hadisələr sözügedən iki məfhumun
vuruşması üçün yaradılan döyüş
meydanında cərəyan edir.
Hekayət hər kəsə bəllidir: bir-birinə
düşmən olan iki ailənin övladları – Romeo və
Cülyetta qarşılaşdıqları ilk anda bir-birlərinə
aşiq olurlar və beləcə, kədərli sonluqla bitən
əhvalatları başlayır.
Bu dəfə mövzunun emosional təsir gücü
başqa bir taktda idi: hərəkət ilə. Bədən –
bütün əzalar ona tabe olan üz-göz ifadələrinə
qoşularaq bizi uzaq və bəlkə də xəyal olan zaman
və məkana – qədim Verona küçəsinə,
Montekki və Kapuletti ailələrinin üzvlərinin
bitib-tükənməyən intriqalarının ortasına,
oradan bal gecəsinə “aparır”. Sonra zülmət
qaranlıqda günəş kimi parıldayan gənclərin,
iki nisgilli aşiqin görüş yerində biz də pusquda
“durur”, sonsuz həsrətin olacağını bilə-bilə
ani vüsala xoşbəxt oluruq. İki bədən bir olanda,
bütün hisslər ətrafa səpiləndə,
vücudları bürüyən sonsuz eşqin sükutunu
musiqi pozanda da hamılıqla təəssüratın
yaratmış olduğu təsirdə xoşhal oluruq.
Bəli, məhz xoşhal. Bu məqamda qeyd edim ki, iki
aşiqin görüş səhnəsində bədənlərin
harmonik ifadə üslubunu dəqiq seçən rejissor ən
son anda – eşq dolu səhnənin kulminasiyasında da iyrənclikdən,
ehtirasın şəhvətə təslimindən
qaçmışdı.
90 dəqiqəlik (pantomima tamaşa, yəni sərasər
bədən hərəkətli tamaşa üçün
kifayət qədər uzun, yorucu vaxtdır deyə xüsusilə
qeyd etdim) tamaşada mükəmməl aktyor oyunu hakim
olduğundan hər birini ayrı-ayrılıqda qeyd etmək
lazımdır.
Ölüm – Bəhruz Vaqifoğlu (Əməkdar
artist), Rahib (Həyat) – Elnur İsmayılov, Romeo – Oqtay
Kazımov, Cülyetta – Aydan Həsənova, Kapuletti – Elxan Şahaliyev, Ledi
Kapuletti – Səbinə Hacıyeva (Əməkdar artist), Montekki
– Nurlan Süleymanlı, Ledi Montekki – Solmaz Bədəlova,
Hersoq – Əli Əlizadə, Dayə – Nargilə Qəribova
(Əməkdar artist), Tibalt – Nurlan Rüstəmov, Merkutsio –
Hilal Dəmir, Benvolio – Cavad Nuriyev, Paris – Elmin Qiyaslı, Sakinlər
– Jalə Novruzova, Hüseyn İsmayılov.
Ayrı-ayrılıqda təəssürat yazmaq uzun
zaman aparacaq deyə qısaca vurğulayım ki, qoca-cavan,
köhnə-yeni mimçilər mükəmməl bir orkestr,
bir falş notun belə olmadığı möhtəşəm
bir klassik musiqi ifaçıları təəssüratı
yaratdılar.
Saat yarım dinamik səhnələrlə dolu bir
tamaşada təngnəfəs olmadan, təyin olunmuş mizan və
texnikadan kənara çıxmadan, musiqi ilə
işığın diktə etdiyi ani keçidlərdə
belə qüsursuz oyun göstərdilər.
Qoy, köhnə nəsil məndən inciməsin. Amma
səhnədə, demək olar ki, ilk dəfə
(sözsüz ki, əsas planda) gördüyüm gənclər
– Romeo və Cülyetta cütlüyü, eləcə də
digər obrazlardakı yeni ifaçılar yüksək
dinamikaları və müsbət enerji ötürmək
güclərinə görə daha baxımlı və
uzunmüddətli təsir gücünə malik vizual
tarazlıqdaydılar.
Hərçənd Bəhruz-Elnur “dialoq”undakı
emosionallıq və minimalistcəsinə peşəkar oyun da
gözdən qaçmadı. Onların vəziyyətə
uyğun seçilmiş bədən mübarizələri,
döyüş və rəqabət detalları üzərindəki
dəqiq təsvirləri, daha doğrusu, təklif olunmuş vəziyyətin
uyğun ifadə dilində səlislikləri baxımlı
idi.
Tamaşanın işıq və geyim həlli də
estetik və ideyaya uyğun idi: qırmızı və mavi. Yəni
azadlıq və ehtirasın hakimiyyəti. Sözsüz ki,
sözün olmadığı, yalnız hərəkətlə
ifadə vasitələrinin seçildiyi istənilən
aktda rəng vacib rabitə
formasıdır deyə bu tamaşada da işlək mexanizm
seçilmiş və yerinə düşmüşdü.
Sonda bir daha qeyd edim ki, tamaşada, xüsusən
döyüş səhnələrində gənclərə
xoş gələcək boeviksayağı elementlərə
daha çox can atan, bu yolla həyəcan, adrenalin hissini
yuxarı şkalaya çatdırmağa çalışan
rejissor musiqi həllini də özü tapdığından
istəyini hasil etmişdi.
Həmidə Nizamiqızı
Mədəniyyət.- 2024.-
17 aprel, ¹27-28.- S.5.