Filarmoniyada ABŞ-Azərbaycan “Musiqi körpüsü”

 

Fərhad Xudiyev: “Bakıda ilk konsertimdən hədsiz sevinc hissi keçirirəm”

 

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində “Musiqi körpüsü” (ABŞ-Azərbaycan) adlı konsert proqramı təqdim edilib.

Aprelin 12-də keçirilən tədbir Diasporla İş üzrə Dövlət Komitəsi və ABŞ-nin ölkəmizdəki səfirliyinin dəstəyi ilə ərsəyə gəlib.

Konsertdən əvvəl layihənin təşkilatçısı və təşəbbüskarı Azərbaycan-Amerika Musiqi Fondunun (AAMF) rəhbəri, tanınmış orqan ifaçısı, professor Cəmilə Cavadova-Spitsberq çıxış edib. Bildirib ki, fondun məqsədi klassik Azərbaycan musiqisinin Amerikada təbliği, eyni zamanda ABŞ bəstəkarlarının əsərlərini Azərbaycanda tanıtmaqdır: “Layihə ABŞ ilə Azərbaycan arasında mədəni körpü qurmaq məqsədi daşıyır. Azərbaycan Dövlət Akademik Filarmoniyasının simfonik orkestri həm Amerika, həm də Azərbaycan bəstəkarlarının əsərlərini səsləndirəcək. Bu konserti Amerikada məşhur olan Azərbaycan əsilli dirijor Fərhad Xudiyev idarə edəcək”.

Konsertin təşkilinə görə Dövlət Komitəsinə və ABŞ səfirliyinə minnətdarlığını bildirən Cəmilə Cavadova-Spitsberq, həmçinin tanınmış dirijoru tələbələrlə görüşdürdüyü üçün ADA Universitetinə təşəkkürünü ifadə edib.

Sonra Fərhad Xudiyevin rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri zəngin proqramla çıxış edib. Proqramda Corc Çeduikin “Simfonik eskizlər”indən “Jubilee”, Qara Qarayevin “İldırımlı yollarla” baletindən 2 saylı süita və s. əsərlər səsləndirilib.

Qeyd edək ki, beynəlxalq müsabiqələrin qalibi olan Fərhad Xudiyev ABŞ, Almaniya, İngiltərə, Çin və Danimarkanın simfonik orkestrlərinə dirijorluq edib. Kaliforniyada “Monterey Hidden Valley” orkestrinin bədii rəhbəri olub. Hazırda Texas Universiteti simfonik orkestrinin musiqi direktorudur.

Konsertdən sonra qəzetimizə qısa müsahibə verən dirijor doğma Vətənində olmaqdan məmnunluğunu ifadə etdi. Bildirdi ki, bu onun Bakıda illərlə gözlədiyi ilk çıxışıdır və bu səbəbdən də hədsiz sevinc hissi keçirir: “Bu konsert mənim üçün çox dəyərli və vacib idi. Burada orkestrin çox peşəkar üzvləri ilə məşqlərimiz də məndə xoş təəssürat yaratdı. Səfərimi təşkil edən hər kəsə dərin təşəkkürümü bildirirəm. Eləcə də Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin baş dirijoru Fuad İbrahimova dəstəyə görə minnətdaram. İki həftədir Bakıdayam və bu müddət həyatımın ən gözəl günləri kimi yaddaşımda qalacaq. Doğma Vətənim, səmimi insanlar, Bakının əsrarəngiz gözəllikləri, milli mətbəx nümunələrimiz – bütün bunlar mənim üçün çox dəyərlidir. İnanıram ki, konsert üçün xüsusi seçilmiş proqram tamaşaçıların zövqünü oxşadı”.

 

Lalə Azəri

Mədəniyyət.-  2024.- 17 aprel, ¹27-28.- S.5.