Cahangir Cahangirov adına Xorun yeni tərkibdə ilk konserti

 

Bu ildən Beynəlxalq Muğam Mərkəzinin (BMM) tabeliyində fəaliyyət göstərən Cahangir Cahangirov adına Xor yeni tərkibdə ilk konsertini “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun Şirvanşahlar Saray Kompleksində təqdim edib.

Qeyd edək ki, Azərbaycanda xor sənətinin yaranması və inkişafı dahi bəstəkar Üzeyir Hacıbəylinin adı ilə bağlıdır. Hazırda Cahangir Cahangirovun adını daşıyan xor kollektivi 1936-cı ildə Üzeyir bəy tərəfindən yaradılıb. Kollektivə bir müddət bəstəkarın özü rəhbərlik edib, bir müddət sonra isə kollektivə rəhbərliyi gənc bəstəkar Cahangir Cahangirova həvalə edib. Üzeyir bəy Azərbaycan xalq mahnılarını xor üçün işləyərək gənc bəstəkarlara da bu işi davam etdirməyi tövsiyə edib. Uzun illər Azərbaycan Televiziya və Radiosunun musiqi kollektivi olmuş kollektivin sənət yolunda Xalq artisti Ramiz Mustafayevin də böyük əməyi var. O, 50-ci illərdən ömrünün sonunadək xorun bədii rəhbəri olub.

Xatırladaq ki, Nazirlər Kabinetinin 31 oktyabr 2023-cü il tarixli qərarı ilə Cahangir Cahangirov adına Xor ştat vahidləri ilə birlikdə Mədəniyyət Nazirliyinin tabeliyindəki Beynəlxalq Muğam Mərkəzinə verilib. Hazırda isə xorun bədii rəhbəri sənətşünaslıq üzrə fəlsəfə doktoru Təranə Yusifovadır.

Aprelin 9-da gerçəkləşən konsert kollektiv üçün əlamətdar hadisə idi. Proqram Üzeyir Hacıbəylinin “Arazbarı” (işlənmə Təranə Yusifova) ilə başlayıb və dahi bəstəkarın “Ey, Vətən” əsəri ilə yekunlaşıb. Ü.Hacıbəyli, C.Cahangirov və R.Mustafayevin bədii rəhbərliyi dövründə ifa edilən əsərləri özündə cəm edən proqramda, həmçinin müasir dövrün yeni işləmələri, xarici bəstəkarların əsərləri ilə sintez nömrələr də səslənib.

Xalq artisti Mehriban Zəki də öz bədii qiraəti ilə konsertə rəng qatıb. Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının Xoreoqrafiya şöbəsi şagirdlərinin çıxışları da maraqla qarşılanıb.

 

Mədəniyyət.-  2024.- 17 aprel, ¹27-28.- S.5.