Sabirabadda Xalq
yazıçısı Anarla görüş
Sabirabad rayon Mədəniyyət Mərkəzində
Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Xalq
yazıçısı Anarla görüş keçirilib. Tədbir
Mil-Muğan Regional Mədəniyyət İdarəsi (RMİ),
AYB, regional Təhsil və Gənclər və İdman idarələrinin
birgə təşkilatçılığı ilə
gerçəkləşib.
Əvvəlcə yazıçı RMİ tərəfindən
Mədəniyyət Nazirliyinin müvafiq tövsiyələri əsasında
yaradılan “Hophopnamə” kitab mərkəzini ziyarət edib. Mərkəzin
fəaliyyəti haqqında ətraflı məlumat verilib.
Tədbirin aparıcısı Ağalar Ağammədov
Xalq yazıçısı Anarın yaradıcılıq fəaliyyəti
barədə məlumat verib.
Sabirabad rayonun icra başçısı Siraqəddin
Cabbarov dövlətimizin Azərbaycan xalqının misilsiz sərvəti
olan mədəni və ədəbi irsə xüsusi önəm
verməsindən, yazıçı və şairlərin
xalqın şüurunda milli hissiyyatı oyatmaq missiyasından
danışaraq Anarın bu sahədəki xidmətlərini
yüksək qiymətləndirib.
AYB-nin sədr müavini, Azərbaycan Mətbuat
Şurasının sədri Rəşad Məcid,
yazıçı-dramaturq, tərcüməçi Əyyub
Qiyas, AYB-nin mətbuat xidmətinin rəhbəri Xəyal Rza və
başqaları Anarın Azərbaycan dilinin, ədəbiyyatının,
mədəniyyətinin inkişafında və təbliğində
əvəzsiz xidmətlərindən söz açıblar.
Çıxışçılar “Günlərdən
şeir” layihəsi çərçivəsində öz
yaradıcılıqlarından nümunələr də
söyləyiblər.
Xalq yazıçısı Anar keçdiyi həyat və
yaradıcılıq yolundan danışıb, Ulu öndər
Heydər Əliyevlə görüşləri, Şuşa
şəhəri ilə bağlı xatirələrini
bölüşüb, ədəbiyyat və sənət
haqqında, öz əsərləri ilə bağlı
sualları cavablandırıb.
Xalq yazıçısı yaddaqalan görüşə
görə təşkilatçılara təşəkkürünü
bildirib. O, həmçinin “Hophopnamə” kitab mərkəzinin
yaradılmasını regionda mədəni mühitin
canlanması istiqamətində əhəmiyyətli addım
kimi qiymətləndirib.
Bədii hissədə Mil-Muğan RMİ-nin tabeliyindəki
musiqi və incəsənət məktəblərinin müəllim
və şagirdlərinin ifasında “Sənə də qalmaz”,
“Ala gözlüm”, “Aman ayrılıq”, “Ay Laçın”
mahnıları səsləndirilib.
Sonda RMİ-nin rəisi Faiq Xudanlı
çıxış edərək dəvəti qəbul edib
oxucularla görüşə gəldiyi üçün
yazıçıya təşəkkür edib, xatirə şəkilləri
çəkdirilib.
Tədbirdən sonra Anar sabirabadlı
yazıçı-şairə Nisə Bəyimin (1955–2020) məzarını
ziyarət edib.
Mədəniyyət.- 2024.- 19 aprel,¹ 29.- S.4.