Şəkidə abidələr
necə bərpa olunur?
Tarix-memarlıq qoruğu ərazisinə baxış
keçirilib
Dövlət Turizm Agentliyinin (DTA) sədri Fuad
Nağıyev Şəkidə “Yuxarı Baş” Milli
Tarix-Memarlıq Qoruğu və “Kiş” Tarix–Memarlıq
Qoruğu üzrə vətəndaşların qəbulunu
keçirib. Agentlikdən bildirilib ki, görüşdə
sakinləri maraqlandıran suallar cavablandırılıb,
onların fikirləri dinlənilib, müvafiq
tapşırıqlar verilib.
Şəkiyə səfər zamanı Fuad
Nağıyev icra başçısı Elxan Usubovla birlikdə
DTA-nın tabeliyindəki qoruq ərazilərində bərpa
olunan abidələrə baxış keçirib.
Qeyd edilib ki, Şəkinin tarixi mərkəzi olan
“Yuxarı Baş” qoruğu ərazisində dövlət
qeydiyyatına alınan 83 tarixi-memarlıq, arxeoloji,
park-monumental abidələri, məscidlər, tacir mülkləri,
su kəmərləri, su dəyirmanları mövcuddur. 2021-ci
ildə 58 tikili “abidə” statusu ilə dövlət mühafizəsinə
götürülüb.
2022-ci ildə Qala divarları daxilində XIX əsrə
aid iki abidə – Şəki Rəsm Qalereyasının və
qoruğun inzibati binasının yerləşdiyi tarixi tikililər
ənənəvi Şəki memarlığı üslubunda,
ilkin görkəmi saxlanılmaqla təmir-bərpa edilib. Qala
divarları daxilində bəzi tarixi binaların bərpa
işləri davam etdirilir. Dairəvi məbədin bir hissəsinin
fasadında təmir-bərpa işləri aparılır, eləcə
də şəbəkə emalatxanası, Şəki
Tarix-Diyarşünaslıq Muzeyinin yerləşdiyi bina bərpa
olunur.
Növbəti mərhələdə Xan sarayında bərpa
işləri ilə bağlı layihələndirməyə
başlanılması, Kiş kəndindəki “Gələrsən,
görərsən” qalasının ətrafında turizm
infrastrukturunun yaradılması, Kiş tarixi məscidinin bərpa
işlərinə başlanılması nəzərdə
tutulur.
Qeyd edək ki, 2023-cü ildə “Yuxarı Baş”
qoruğunun 140 min ziyarətçisi olub, bu, 2022-ci illə
müqayisədə 90 faiz artım deməkdir. Kiş alban məbədinə
gələn turist sayı 2023-cü ildə iki dəfə
artaraq 40 min nəfər təşkil edib.
Mədəniyyət.- 2024.- 19 aprel,¹ 29.- S.4.