Azərbaycan və Türkiyə
kuklaçılarının festivalı
Ankarada başlayıb, Bakıda bitəcək...
Azərbaycan və Türkiyə
kuklaçılarını bir araya gətirəcək sənət
bayramı – III Beynəlxalq Hadi Poyrazoğlu Kukla və
Qaragöz Festivalı işə başlayır. Festivalda
ölkəmizi Azərbaycan Dövlət Kukla Teatrı təmsil
edəcək.
Türkiyə Mədəniyyət və Turizm Nazirliyi,
UNESCO üzrə Türkiyə Milli Komissiyası və
TİKA-nın dəstək verdiyi festivalın məqsədi
müxtəlif ölkələrdən kuklaçıları
bir araya gətirməklə onların milli kukla teatrı və
oyunları ənənələrini təbliğ etmək və
yeni müştərək layihələrin reallaşmasına
zəmin yaratmaqdır.
22 aprel – 2 may tarixlərində keçiriləcək
festivalın açılışı Ankarada olacaq. Aprelin
22-dən 26-dək şəhərin teatr və sənət mərkəzlərində
qonaq ölkələr kukla tamaşaları ilə
çıxışlar edəcəklər. Festivala Azərbaycanla
yanaşı, Almaniya və İtaliyadan kukla teatrları, eləcə
də müxtəlif ölkələrdə kukla və
uşaq teatrları ilə məşğul olan sənətçilər
qatılacaq. Festival marafonu 27-28 apreldə İstanbulda davam edəcək.
Azərbaycan Dövlət Kukla Teatrının təmsilçiləri
hər iki şəhərdə səhnəyə
çıxacaqlar. Yaradıcı heyət tamaşaçılara
“Müsyö Jordan və dərviş Məstəli şah”
(M.F.Axundzadə) marionet və “Məlikməmməd” (Azərbaycan
xalq nağılı) kukla tamaşalarını təqdim edəcək.
Festivalın son dayanacağı isə Bakı şəhəri
olacaq. 29 aprel – 2 may tarixlərində paytaxtımıza qonaq
olacaq Türkiyə kuklaçıları Azərbaycan Dövlət
Kukla Teatrının səhnəsində
çıxışlar edəcəklər. Türkiyə
teatr təmsilçiləri tamaşaçılar
üçün maraqlı olacaq kukla teatr sərgisi və
kuklaların hazırlanma prosesini ehtiva edən seminar-təqdimatlar
da nəzərdə tutublar.
Mədəniyyət.- 2024.- 19 aprel,¹ 29.- S.5.