Vətənsevər, həmiyyətli və fədakar ziyalı

Məhəmməd Tağı Sidqi-170

 

XIX yüzilliyin ikinci yarısında Naxçıvan bölgəsində ədəbi-mədəni və maarifçi mühitin inkişafında müstəsna xidmətləri olan ziyalılardan biri də tanınmış şair, nasir, teatr xadimi, pedaqoq Məhəmməd Tağı Sidqidir. Bu il fədakar maarif xadiminin anadan olmasının 170 illiyidir.

Məhəmməd Tağı Kərbəlayı Səfər oğlu Səfərov 22 mart 1854-cü ildə Ordubad  şəhərində dünyaya göz açıb. Şah Hüseyn Soltan mədrəsəsində təhsil alıb. Bir müddət İranda yaşayır, 1885-ci ildə Ordubada qayıdır. Həyatını maarifçiliyə və bədii yaradıcılığa həsr edir.

1892-ci ildə Avropa mədəniyyətinə dərin rəğbət bəsləyən Hüseyn Sultan Kəngərlinski ilə birlikdə “Əxtər” adlı yeni üsullu məktəb açır. 1894-cü ildə isə Naxçıvan şəhərində dini elmlərlə yanaşı, dünyəvi elmlərin də tədris olunduğu “Məktəbi-tərbiyə”ni təsis edir. Azərbaycanın görkəmli şair, yazıçı və tədqiqatçıları Hüseyn Cavid, Əliqulu Qəmküsar, Əziz Şərif, Rza Təhmasib, Əli Səbri Qasımov və başqaları bu məktəbdə təhsil alıblar. Təsadüfi deyil ki, görkəmli yazıçı-dramaturq Cəlil Məmmədquluzadə bu məktəbi “böyüklər üçün darül-ürfan”, yəni akademiya adlandırıb. M.T.Sidqinin hazırladığı “Əxlaq nümunələri”, “Qızlara hədiyyə”, “Müxtəsər coğrafiya risaləsi”, “Ərəb dilinin sərfi-nəhvi”, “Ədəbiyyat”, “Pedaqogika” kimi mükəmməl elmi-pedaqoji dəyərə malik dərsliklər maariflənməyə, yeni nəslin formalaşmasına mühüm təsir göstərib. Onun təşəbbüsü ilə “Tərbiyə” məktəbində böyük rus şairi A.S.Puşkinin anadan olmasının 100 illik yubileyi (1899) qeyd edilib. Yubiley tədbirində Sidqi geniş məruzə ilə çıxış edib.

Məktəbi “cəhalət dərdinin dərmanı, mərifət bağının xiyabanı” adlandıran Sidqinin “Mədəniyyət məsnəviləri” poetik mənzuməsi, “Heykəli-insana bir nəzər” ədəbi-fəlsəfi əsəri, “Kəblə Nəsir”, “İki tərbiyə üsulu”, “Ədəbli uşaq”, “Məktəbə gedən uşaq”, “Analar bəzəyi” və s. hekayələri, eləcə də 300-dən çox şeiri maarifçi ədəbiyyatın dirçəlməsində xüsusi rolu olub. Maraqlıdır ki, yazıçı-dramaturq Əbdürrəhim bəy Haqverdiyev “Dağılan tifaq” faciəsində şairin “Ey əzizan, bir baxın dünyaya, ibrətxanədir” misrasından istifadə edib.

M.T.Sidqi 1894–1899-cu illərdə Naxçıvanda M.F.Axundzadənin komediyalarının tamaşaya hazırlanmasında yaxından iştirak edib. “Müsyö Jordan və dərviş Məstəli şah” komediyası onun quruluşunda təqdim olunub. Ordubadda fəaliyyət göstərən “Əncüməni-şüəra” ədəbi məclisinin fəallarından olan şair yaradıcılığında aşiqanə və ictimai motivli nümunələrə geniş yer verib. Əsərlərində elmə rəğbət, məktəbə çağırış motivli ideyalar diqqət çəkir. Onun “Elmin şərafəti”, “Məktəbdə”, “Oğlan” kimi şeirləri bu çağırışları özündə yaşadan maraqlı bədii nümunələrdir. Görkəmli maarifçi qızların da təhsilə cəlb olunması üçün məktəb təşkil edib. Şeirlərində bu məsələyə diqqət ayıran maarif xadimi yazır:

 

Hər qız ki elmə etsə rəğbət,

Axırda, yəqin tapar səadət.

Yox elmdən özgə bir şərafət,

Elm ilədir iftixar, qızlar!

 

 Sidqi uşaq və gənclərlə yanaşı, böyükləri də savad almağa, dünyagörüşünü zənginləşdirməyə səsləyib: “Ağıllı ata-ana övladını elmə və tərbiyətə rağib edəndir. Balasını bikar və əziz saxlayan adam övladının düşmənidir”. “Heykəli-insana bir nəzər” məqaləsində müəllif milli düşüncənin formalaşmasının vacibliyini gündəmə gətirir. Qeyd edir ki, dünyada hər bir millətin milli hüquqları və milli hökuməti var. Bu mənada müsəlman xalqları da millət və vətən anlayışlarını dərk etməlidir. Maarif carçısının fikrincə, Qərb ölkələri mövcud nailiyyətləri dünyəvi elmləri öyrənməklə əldə ediblər. Müsəlman dünyası da bu uğurlara çatmaq üçün, ilk növbədə, dünyəvi elmləri öyrənməlidir. Bunun üçün isə əlifba islahatları aparılmalı, yeni tipli dünyəvi məktəblər açılmalı və qəzetlər nəşr olunmalıdır.

Görkəmli şair-dramaturq Hüseyn Cavid 1910-cu ildə “Həqiqət” qəzetində dərc olunan “Naxçıvanlılara” adlı məqaləsində hörmətli müəlliminin xalqı qarşısındakı xidmətlərini belə dəyərləndirirdi: “Sidqi vətənpərvər idi, həmiyyətli idi, məslək sahibi idi, millətini sevərdi...”.

Sidqi ölkəmizdə dərc olunan mətbuat orqanları ilə yanaşı, xaricdə işıq üzü görən “Həblülmətin” (Kəlküttə), “Əxtər” (İstanbul), “Tərcüman” (Baxçasaray) və s. kimi qəzetlərin də oxucusu olub. Həm də onlarla əməkdaşlıq edib. Ana dilində “Çıraq” adlı qəzet nəşr etmək istəsə də, bu arzusuna nail ola bilmir.  O, böyük maarifçi, alim, mütəfəkkir Məhəmməd ağa Şahtaxtlının 1903-cü ildə Tiflisdə Azərbaycan dilində “Şərqi-Rus” adlı qəzetin nəşrinə nail olmasını böyük sevinc hissi ilə qarşılayır. Bu qəzetdə bir neçə məqalə ilə çıxış da edir. Qəzetin redaktoru M.Şahtaxtlının fəaliyyətini təqdir edən M.T.Sidqi yazırdı: “Ümid etmək olar ki, az müddətdən sonra “Şərqi-Rus” qəzeti millətin gənclərinin qaranlıq ürəklərində nur saçacaq. Bilik-mərifət çırağı cəhalət çölündən səadət-xoşbəxtlik sarayına aparacaqdır. Sizin adınız da tarixdə əbədi olaraq həkk olunacaqdır”.

Xalqının xoşbəxt gələcəyi üçün ömrünü şam kimi əridən Məhəmməd Tağı Sidqi 9 dekabr 1903-cü ildə, 49 yaşında vəfat edib.

Hazırda Naxçıvan Dövlət Kukla Teatrı M.T.Sidqinin adını daşıyır. Maarifçi ədibin  adı eləcə də Naxçıvan şəhərindəki 4 nömrəli və Ordubad şəhərindəki 1 nömrəli orta məktəblərə verilib.

 

Savalan Fərəcov

Mədəniyyət.- 2024.- 19 aprel,¹ 29.- S.6.