Şimali Kaliforniyada
“Azərbaycan sədaları”
Çingiz Sadıxovun xatirəsinə...
Xəbər verdiyimiz kimi, Azərbaycanın Xalq artisti,
görkəmli pianoçu, ömrünün son illərini
ABŞ-də yaşamış Çingiz Sadıxovun
(1929–2017) 95 illik yubileyi münasibətilə Şimali
Kaliforniyada konsert təşkil olunub.
“Azərbaycan sədaları” adlı konsert aprelin 12-də
Azərbaycan Respublikasının Los-Ancelesdəki Baş
Konsulluğu və Diaspor İncəsənət Şəbəkəsinin
təşkilatçılığı ilə keçirilib.
Tədbirdə çıxış edən Azərbaycanın
baş konsulu Ramil Qurbanov milli musiqi mədəniyyətimizin
görkəmli nümayəndələrindən olan və Azərbaycanın
musiqi tarixində böyük iz buraxmış Çingiz
Sadıxovun həyat və yaradıcılığı
haqqında danışıb.
Konsert proqramında ABŞ-də yaşayan Azərbaycanın
tanınmış kamança ustadı İmamyar Həsənov
və əslən İrandan (Cənubi Azərbaycan) olan
müğənni Vahid Bayat, pianoçu Amir Bayat və tarzən
Aydın Şaterian tərəfindən Çingiz Sadıxovun
repertuarından musiqilər və xalq mahnıları ifa edilib.
Konsert böyük maraqla qarşılanıb. Sonda
Çingiz Sadıxovun qızı Lalə Həmidova
çıxış edərək ifaçılara minnətdarlığını
bildirib. O, həmçinin atasının Bakıda, Fəxri
xiyabanda dəfn edilməsinə görə Azərbaycan rəhbərliyinə
ailəsi adından minnətdarlıq ifadə edib.
Xatırladaq ki, Çingiz Sadıxov uzun illər Azərbaycan
Dövlət Filarmoniyasının solisti və konsertmeysteri,
“Azkonsert”in bədii rəhbəri olub, məşhur
vokalçıları müşayiət edib. Musiqiçi
1994-cü ildən ABŞ-yə köçmüş,
San-Fransisko, daha sonra San-Xose şəhərlərində
yaşamışdı. 2017-ci il dekabrın 30-da
dünyasını dəyişən sənətkarın nəşi
dövlətimizin başçısının
tapşırığı ilə Bakıya gətirilərək
dəfn edilib.
Mədəniyyət.- 2024.- 19 aprel,¹ 29.- S.8.