Bəstəkarlar İttifaqında Süleyman Ələsgərovun 100 illiyi qeyd edildi

 

Aprelin 17-də Azərbaycan Bəstəkarlar İttifaqının Ü.Hacıbəyli adına konsert salonunda görkəmli bəstəkar, dirijor, pedaqoq, Xalq artisti, Dövlət mükafatı laureatı Süleyman Ələsgərovun (1924–2000) anadan olmasının 100 illiyi münasibətilə tədbir keçirildi.

Bəstəkarlar İttifaqının sədri Xalq artisti, professor Firəngiz Əlizadə tədbiri açaraq diqqətə çatdırdı ki, Azərbaycan musiqi sənəti tarixində mühüm xidmətləri olan Süleyman Ələsgərovun 100 illik yubileyi ölkəmizdə geniş şəkildə qeyd edilir. Azərbaycan Prezidenti görkəmli bəstəkarın yubileyi haqqında sərəncam imzalayıb. Yubiley tədbirlərində sənətkarın musiqi mədəniyyətimizə verdiyi töhfələr yüksək qiymətləndirilir.

Süleyman Ələsgərovun janr əlvanlığı və forma aydınlığı ilə seçilən yaradıcılığından söz açan Firəngiz Əlizadə qeyd etdi ki, o, dinləyici, tamaşaçı məhəbbəti qazanan əsərlərinin ilhamını xalq musiqisi xəzinəsindən alıb. Bəstəkarın sözlə melodiyanın ahəngdar vəhdətində ərsəyə gətirdiyi mahnı və romansları musiqisevərlər tərəfindən rəğbətlə qarşılanıb. Süleyman Ələsgərov maarifçi və təşkilatçı kimi ölkənin mədəni həyatının müxtəlif sahələrində uğurla çalışıb. Uzunmüddətli pedaqoji fəaliyyəti dövründə gənc musiqiçilər nəslinin yetişməsi istiqamətində təqdirəlayiq xidmətlər göstərib.

F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının direktoru Əməkdar artist Ramil Qasımov görkəmli sənətkarla bağlı xatirələrini danışdı. Bildirdi ki, Süleyman Ələsgərov heç kimə bənzəməyən qayğıkeş pedaqoq idi: “Mənim həyatımda da rolu çox olub. Müəllimim Xalq artisti Mobil Əhmədovla ilk dəfə onun yanında olduq. O məni dinlədikdən sonra Mobil Əhmədova dedi ki, sən bu gənci mütləq öz davamçın etməlisən. Mən xoşbəxt bir ifaçıyam  ki, ilk dəfə S.Ələsgərovun “Milyonçunun dilənçi oğlu” operettasında çıxış etmişəm. Demək istəyirəm ki, sənət yolunda uğurla irəliləməyimin təməlində onun əməyi olub...”.

Sonra Süleyman Ələsgərovun həyat və yaradıcılığına həsr olunmuş “Xəyala dalarkən...” sənədli televiziya filmi nümayiş olundu.

Sənətşünaslıq üzrə elmlər doktoru Leyla Zöhrabova, Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva, Xalq artisti Ağaverdi Paşayev, Bakı Musiqi Kollecinin direktoru Əməkdar incəsənət xadimi Nazim Kazımov çıxış edərək Süleyman Ələsgərovun həyat və yaradıcılığından söz açdılar.

Qeyd edildi ki, görkəmli sənətkar qayğıkeş, mehriban insan, sözün əsl mənasında, el adamı idi. O bütün varlığı ilə Qarabağa, doğulub boya-başa çatdığı Şuşaya bağlı idi. Ömrünün ixtiyar çağlarında Qarabağ dərdini yaşadı. Bu onun son əsərlərində əksini tapmışdı. Bu gün isə, Şuşanın mədəniyyətimizə bəxş etdiyi bir çox böyük sənətkarlar kimi, Süleyman Ələsgərovun da ruhu azad Şuşada şaddır.

Çıxışlar arasında bəstəkarın əsərləri ifa edildi.

 

Savalan

 

Mədəniyyət.- 2024.- 19 aprel,¹ 29.- S.3.