Musiqi mədəniyyəti
tariximizin görkəmli siması
Zülfüqar Hacıbəyov-140
Bu il görkəmli bəstəkar, milli musiqili
teatrın yaranmasında mühüm xidmətləri olmuş
Zülfüqar Hacıbəyovun 140 illik yubileyidir. Klassik
musiqimizin və opera sənətimizin banisi Üzeyir Hacıbəyli,
onun bəstəkar silahdaşı, teatrımızın ilk
dirijoru Müslüm Maqomayev, məşhur müğənni
Hüseynqulu Sarabski, görkəmli səhnə ustaları
Hüseyn Ərəblinski və Mirzağa Əliyevlə
yanaşı, Zülfüqar Hacıbəyov da Azərbaycanda
musiqili teatrın təşkili və tərəqqisi yolunda fəal
çalışmışdır. O, xalq
yaradıcılığı ilə möhkəm bağlı
olan istedadlı sənətkarlar nəslinə mənsub idi.
Z.Hacıbəyov milli folklor zəminində ilk
professional musiqi formalarının yaranmasında mühüm
rol oynamışdır. Ü.Hacıbəylinin və
M.Maqomayevin ilk musiqili səhnə əsərləri kimi,
Z.Hacıbəyovun “Aşıq Qərib” operası, “Evliykən
subay” və “Əlli yaşında cavan” musiqili komediyaları
da Azərbaycan professional bəstəkar
yaradıcılığının ilk nümunələri
idi. Bu əsərlərdə folklor formaları ilə Avropa
musiqi janrı nümunələrinin sintezini yaratmaq təşəbbüsü
edilmişdir.
Z.Hacıbəyovun həyat və
yaradıcılığı iki fərqli ictimai-siyasi
quruluşa təsadüf etsə də, bu dövrlər
bir-birinə zidd deyil, əksinə, bir-birini tamamlayır və
sənətkarın böyük, maraqlı sənət yolunu
təşkil edir.
Zülfüqar Əbdülhüseyn oğlu Hacıbəyov
1884-cü il aprelin 17-də Şuşa şəhərində
anadan olmuşdur. Uşaqlıqdan xalq musiqisinin zənginliyini
duymuş, görkəmli sənətkarların ifasına qulaq
asmışdır. Atasının tanınmış Azərbaycan
şairəsi, xan qızı Xurşidbanu Natəvanın
yanında mirzə işləməsi buna bir daha imkan
yaradırdı.
Əbdülhüseyn Hacıbəyov maddi vəziyyətinin
çətinliyinə baxmayaraq, uşaqlarına təhsil verməyə
çalışırdı. Beş uşağı:
üç oğlu (Zülfüqar, Üzeyir, Ceyhun) və iki
qızı (Sayad, Abhəyat) vardı. Zülfüqar ailənin
böyük oğlu idi. Şuşada ikiillik rus-tatar məktəbini
bitirib atasına işlərində kömək etməyə
başlamışdı. Bu vaxt qardaşı Üzeyir təhsilini
Qori Müəllimlər Seminariyasında (1899–1904) davam
etdirirdi.
Əbdülhüseyn Hacıbəyovun 1901-ci ildə qəfil
ölümü ailənin maddi cəhətdən bütün
qayğılarını Zülfüqarın üzərinə
saldı. 1900–1902-ci illərdə o, şəhər duması
və qəza idarəsində kargüzar, 1902–1906-cı illərdə
isə Şuşa şəhər əkinçilik və
töycü işləri idarəsinin müvəkkili yanında
tərcüməçi işləyir.
Uşaqlıqdan Zülfüqara
aşılanmış musiqiyə məhəbbət onda
özünü musiqi sənətinə həsr etmək istəyini
daha da gücləndirir. Şuşada ilk dəfə
eşitdiyi xalq mahnılarına ürəkdən
bağlanmışdı. Tar çalmaq onun sevimli məşğuliyyəti
idi. Gələcək bəstəkar musiqi biliklərini Azərbaycan
xalq musiqisindən öyrənirdi.
1907-ci ildə Z.Hacıbəyov ailəsi ilə birlikdə
Şuşadan Bakıya gəlmiş və bir müddət
jurnalist-publisist kimi fəaliyyət göstərmişdir.
Məlumdur ki, 1908-ci il yanvarın 12-si milli mədəniyyətimizin
tarixində ən əlamətdar bir hadisə ilə əlaqədardır.
Həmin gün Üzeyir bəyin “Leyli və Məcnun”
operasının ilk tamaşası Azərbaycanda musiqili teatr
yaratmaq zərurətini bir daha təsdiq etdi.
Həmin illərdə Z.Hacıbəyov da musiqili
teatrımızın inkişafı uğrunda var qüvvəsi
ilə mübarizəyə qoşulur. 1910-cu ildə o
özünün ilk əsəri olan “Əlli yaşında
cavan” operettası üzərində işini başa
çatdırır. Bundan iki il sonra – Naxçıvanda
yaşayarkən “Evliykən subay” musiqili komediyasını
bitirir.
1911-ci ildə Tiflisdə bəstəkarın təşəbbüsü
ilə təşkil olunan həvəskarlar dəstəsi onun
ilk əsərini – “Əlli yaşında cavan” musiqili
komediyasını Gürcüstan Artistlər Cəmiyyətinin
səhnəsində göstərdi. Bu tamaşada bəstəkar
həm libretto müəllifi, həm də rejissor və dirijor
kimi çıxış etmişdir. Əsər öz
melodiyaları, kəskin satirik boyaları ilə
tamaşaçılarda maraq oyatmışdır.
Azərbaycan teatrının Tiflisdə müvəffəqiyyətli
çıxışları, “Əlli yaşında cavan” operettasının
rəğbət qazanması bəstəkarın Bakı və
Tiflis artistlərindən ibarət təşkil etdiyi yeni dəstə
ilə İrəvana qastrola getməsinə imkan verdi. Bundan
sonra artistlər Naxçıvana, Culfaya və İrana yola
düşüb tamaşalar göstərdilər.
Görkəmli Azərbaycan aktyorları Mirzağa
Əliyev, Sidqi Ruhulla, Göyərçin xanım, Münəvvər
xanım və 11 yaşlı Antonina Qilmandan ibarət Azərbaycan
musiqi truppası “Əlli yaşında cavan” operettasını
Tiflisdə, İrəvan və Naxçıvanda göstərdi.
1913-cü ilin yayında Z.Hacıbəyovun rəhbərlik
etdiyi truppa Hacıbəyovların doğma şəhəri
Şuşaya qastrola gedir. Burada “Evliykən subay” operettası
böyük müvəffəqiyyətlə tamaşaya qoyulur.
Eyni zamanda Z.Hacıbəyov Bakıdan gəlmiş artistlərin
iştirakı ilə Şuşada “Leyli və Məcnun”,
“Əsli və Kərəm” operalarını səhnələşdirir.
Z.Hacıbəyovun rəhbərlik etdiyi teatr
truppasının fəaliyyətini səciyyələndirən
cəhətlərdən biri də o idi ki, tamaşalar
çox vaxt xeyriyyə məqsədilə
oynanılırdı. Toplanan vəsait ehtiyacı olan
şagirdlərə maddi yardım göstərmək
üçün Bakı təhsil müəssisələrinin
sərəncamına verilirdi.
1916–1917-ci illər mövsümü Azərbaycan
musiqili teatrının təşəkkülündə
mühüm dövr oldu. 1916-cı il mayın 13-də
H.Z.Tağıyevin teatrında Z.Hacıbəyovun “Aşıq
Qərib” operası ilk dəfə səhnəyə qoyuldu.
Tamaşada Hüseynqulu Sarabski, Əhməd Ağdamski,
Hüseynağa Hacıbababəyov (hər ikisi qadın
rollarında) və başqaları oynayırdı. Operanın
librettosunu eyniadlı aşıq dastanı əsasında
Z.Hacıbəyov özü yazmışdı. Librettonun mətni
xalq rəvayəti formasında idi. “Aşıq Qərib”
operası 1916-cı ildə beş dəfə
oynanılmışdı.
1918-ci ilin avqustunda bəstəkarın
başçılığı ilə H.Sarabski, M.Əliyev,
H.Ərəblinski, S.Ruhulla, Ə.Ağdamski, Ə.Hüseynzadə
və Y.Olenskayadan ibarət olan teatr truppası İrana qastrol
səfərinə gedir. Truppa “Leyli və Məcnun”, “Əsli və
Kərəm”, “Aşıq Qərib”, “O olmasın, bu olsun”,
“Əlli yaşında cavan”, “Evliykən subay” və başqa
opera və musiqili komediyaları müxtəlif şəhərlərdə
uğurla oynayır.
Bu arada (1917) Z.Hacıbəyov süjeti xalq rəvayətindən
alınmış “Üç aşiq və ya Məlikməmməd”
adlı opera üzərində işləyirdi. Lakin bu opera
tamaşaya qoyulmadı.
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra
Z.Hacıbəyov musiqili-təşkilatçılıq
işlərinin müxtəlif sahələrində
çalışmağa başlayır. 1920-ci ildə Azərbaycan
Hərbi-Dəniz Xalq Komissarlığı Siyasi İdarəsinin
incəsənət şöbəsində dəftərxana
müdiri işləyir. 1921-ci ildə klub-teatr şöbəsinin
rəisi, Siyasi İdarənin maarif hissəsinin rəisi vəzifəsinə
təyin olunur. Eyni zamanda “Qızıl əsgər” sarayına
(indiki M.Maqomayev adına Azərbaycan Dövlət Akademik
Filarmoniyası) rəhbərlik edir.
1924-cü ildə bəstəkar Azərbaycan
Diviziyasının hərbi təbliğat işləri idarəsində
çalışır, xüsusi təşviqat
qatarının rəisi təyin olunur. Bu qatarlar
Zaqafqaziyanın geniş xalq kütlələrinə milli mədəniyyətimizi
təbliğ edirdilər.
Həmin il Z.Hacıbəyov “Təzə kommunxoz” pyesi
üçün musiqi nömrəsini yazmış və pyes
Azərbaycan Tənqid-Təbliğ Teatrı tərəfindən
tamaşaya qoyulmuşdu.
20-ci illərin sonu – 30-cu illərin əvvəlində
Azərbaycanda kütləvi mahnıların müəllifləri
Üzeyir Hacıbəyli və Müslüm Maqomayev
olmuşdur. Z.Hacıbəyovun da yaradıcılığı
bu dövrdə yeni məzmun kəsb edir. Onun “Kənd
qızı”, “Çoban qız”, “Əsgər nəğməsi”
kimi mahnıları dövrün kütləvi
mahnılarından idi.
1928-ci ildə Z.Hacıbəyov Azərbaycan və Ermənistan
konsert birlikləri idarəsinə (Zaqafqaziya federasiya hökuməti
nəzdində) musiqi rəhbəri, Xalq çalğı alətləri
orkestrinin Azərbaycan şöbəsinə baş məsləhətçi
vəzifəsinə dəvət olunur. Həmçinin bir necə
il (1933–37) Azərbaycan Radiosunda musiqi bölməsinin bədii
rəhbəri işləyir. Onun təşəbbüsü ilə
“Qızıl əsgər” sarayında Azərbaycan bölməsi
təşkil olunur. Bölmənin vəzifəsi
respublikanın rayonlarında xalq müğənni və
ifaçılarını aşkara çıxarmaq idi. 1937-ci
ildə Z.Hacıbəyov Azərbaycan Dövlət
Estradasının bədii rəhbəri təyin olunur.
Zülfüqar Hacıbəyov musiqi sənətinin bir
çox janrlarında əsərlər yaradır, musiqi-təbliğatçılıq
fəaliyyəti ilə məşğul olurdu. Bəstəkar
simfonik musiqi sahəsində də gücünü
sınamışdır. 1932-ci ildə “Kölə
qadınların rəqsi” adlı pyes bəstələmişdi.
Oğlu Niyazi ilə birlikdə 1935-ci ildə
C.Cabbarlının pyesi əsasında çəkilmiş ilk
səsli Azərbaycan filmi “Almaz”a musiqi yazmışdı. Həmçinin
Zakir Bağırovla birgə kantatanın müəllifidir.
Bəstəkarın şəxsi arxivində “Onda elə,
indi belə”, “Yarış”, “Kişidə sevgi bir olar”, “Evlənirəm”,
“Mən ağlaram, o gülər”, “Biçarə Xavər”, “Məşədi
Xudunun məişət həyatı” adlı
operettalarının librettoları və musiqi eskizləri var.
Onun son əsərlərindən biri də fortepiano ilə
simfonik orkestr üçün yazdığı “Azərbaycan
qadınının rəqsi”dir. Arxivində Nizaminin “İsgəndərnamə”
poemasının motivləri əsasında (Abdulla Şaiqin
yazdığı libretto) “Nüşabə” operası üzərində
işlədiyini göstərən çoxlu material
qalmışdır. Bu, bəstəkarın böyük
yaradıcılıq planları olduğunu sübut edir.
Zülfüqar Hacıbəyovun Azərbaycan musiqi mədəniyyətinin
inkişafındakı xidməti yüksək qiymətləndirilmişdir.
O, incəsənət sahəsində səmərəli və
məhsuldar fəaliyyətinə görə 1943-cü ildə
respublikanın “Əməkdar incəsənət xadimi” fəxri
adına, 1946-cı ildə “Şərəf nişanı”
ordeninə layiq görülmüşdü.
Öz yaradıcılığı ilə Hacıbəyovlar
nəslinin layiqli nümayəndəsi olduğunu və Azərbaycan
musiqi mədəniyyəti tarixində özünəməxsus
yer tutduğunu sübut edən sənətkar 1950-ci il
sentyabrın 30-da Bakıda vəfat
etmişdir.
Rza Bayramov
Niyazinin Mənzil-Muzeyinin müdiri Əməkdar mədəniyyət
işçisi
Xanımbacı Abdinova
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət
Muzeyinin şöbə müdiri
Mədəniyyət.- 2024.- 19 aprel,¹ 29.- S.7.