“Ağdam teatrı pərdələrini
açanda mən də səhnədə idim...”
Əməkdar artist Aidə Qasımovanı Ağdam
Dövlət Dram Teatrının son onillikləri ilə
tanış olan hər kəs yaxşı tanıyır.
Ömrünü bu teatra həsr edib. Nisgilli
uşaqlığını, həsrət dolu gəncliyini,
qayğılı orta və ahıl yaşını Ağdam
teatrı ilə baş-başa verərək keçirib.
Düzdür, o, taleyindən razı deyil. Daha doğrusu,
narazı görünməməyə çalışır.
Amma bir Allah bilir ki, internatda böyüyən və həyatın
amansız sınaqları ilə üz-üzə gələn
bu qadın elə danışmadan nələr deyər...
Onunla söhbətim premyeradan – “Qisas” tamasasından
sonra gerçəkləşdi. Tamaşada əzabkeş, tərk
edilmiş qadını – Ananı oynayırdı. Tamaşa
bitdi, alqışlar başladı, təbriklər səsləndi.
Amma Aidə xanımın eyni açılmadı...
Onu ovqata kökləmək üçün teatrın
iki gənc və istedadlı aktyorunu – Anar Əhmədovu və
Hakim Cəfərlini ayaqüstü söhbətə tutdum.
Rayon teatrında çalışmağın, gənc kimi
bölgədə, ucqar səhnədə nə umub, nə
tapdıqlarını xəbər aldım. İnsafən, hər
ikisi çox optimist danışdılar. Hərçənd
xeyli yorğun, daha doğrusu, yeni bilgilərə, maraqlı
yozumlara, fərqli rejissor baxışına ac olduqları təsiri
bağışladılar. Oynadıqları tamaşalardan,
ümumən rollarından sevgi ilə bəhs etdilər.
Onlarla söhbəti özüm qəsdən uzadır
və əsas qəhrəmanımın – Aidə
xanımın xatirələriylə reallıq arasında təzaddakı
halını görmək istəyirdim. Nəhayət, söhbətə
o da qoşuldu. Özü də keçmiş və indiki sənət
dostlarını xatırlamaqla: “Ağdam teatrının əsas
binası dağıldı. Təkcə binamı? Gör nə
qədər insanın taleyi məhv oldu. Teatr məbəddir,
onu dağıtmaq olarmı? Amma mənfur qonşular
dağıtdılar. O teatrda mənim ruhum qalıb. Gəncliyim,
sevgim, ömrüm, arzularım... Mən həyatımı
danışsam, çox kədərli bir roman, uzun film
alınar. Çox zülmlər çəkmişəm.
Çünki mən tək, tənha olmuşam. Anlaya bilirsən,
qızım, tək?!” deyəndə duruxdum. Bir az baxışdıq.
Davam elədi: “Gedə bilərdim. Amma getmədim. Axı o
teatra bağlanmışdım. Ora mənim yuvam idi.
Çıxsam, qanadım qırılardı. Kim məni
qanadları altına alardı o teatrdan, teatrdakılardan
başqa...”.
“Gəlin, lap əvvələ gedək. Elə sizin də,
bizim də qayğısız uşaqlığımıza”
deyəndə güldü. Bir anlıq obrazda olduğunu zənn
edib diqqət kəsildim. “Nə? Qayğısız? Siz, deyəsən,
məni dinləmirsiz. Yaxşı, başlayaq” deyib titrək əllərini
saçlarında gəzdirdi. Üzü bir qədər
aydınlandı, baxışları Mədəniyyət evinin
açıq qapısından uzaqlara – təzəcə
çiçək açan ağacların budaqlarından
asıldı...
Sevindim, anladım ki, nə isə gözəl xatirə
tapıb: “14 iyul 1951-ci ildə doğulmuşam. Ağlım kəsəndə
evim uşaq evi, internat olub... Ağdam teatrı hələ
açılmamışdı. Rejissor vardı, rəhmətlik
Əməkdar artist Heydər Şəmsizadə. Bir gün
internata gəldi. Dedi ki, teatra həvəskar uşaqları
yığırıq. Baxdı, bir neçə yeniyetməni
seçdi. Amma bir gözü məndəydi. Mən də qəribə
oldum ki, bu mənə niyə belə baxır. Nə isə, mən
teatrı istəmədim. Müğənni olmaq istəyirdim.
Amma o da alınmadı. 1968-ci ildə Ağdam teatrına gəldim.
Həmin adamı burada görəndə çaşdım.
Öyrəndim ki, baş rejissordur. Beləcə, səhnə
fəaliyyətim başladı. İlk rolum Bəxtiyar Vahabzadənin
“Vicdan” əsərində Mirəstə roluydu. 17
yaşımda 40-45 yaşlı qadının rolu ilə gəldim
səhnəyə. Elə bil o vaxtdan ruhumu qocaltdılar. Amma
sevərək oynadım. Yadımdadır, Bəxtiyar Vahabzadə
özü də gəlmişdi premyeraya. Qısacası,
Ağdam teatrı pərdələrini açanda səhnədə
mən də vardım... Həyatda heç nə qazanmasam da,
sənətdə qazancım fəxri adım, rollarım, sənət
ömrümdür”.
Bir qadın üçün bölgədə
çalışmaq, aktrisa olmaq elə də asan deyil. Ailə
ilə sənəti bir yerdə saxlamaq yəqin ki,
müşkül idi...
Həmsöhbətim bu fikrimin davamı olacaq
sualımı gözləmədən “Amma indi mühit,
münasibət daha yaxşıdır. Onda da teatrımızda
yaxşı ailə mühiti vardı, hətta evli
cütlüklərimiz də. Çünki Heydər Şəmsizadə,
Rauf Atakişiyev, Məmmədkamal Kazımov kimi zəngin mənəviyyatlı
rejissorlar çalışıb bizim teatrda. Maraqlı
tamaşalar oynanılıb” dedi.
“Amma rejissorlar heç də həmişə
haqlı, ədalətli olmurlar” fikrimlə qismən razılaşsa
da, sənət həyatından sitatı da unutmadı:
“Düzdür. Amma mənim aktyor taleyimdə yaxşı
rejissorlar daha çoxdur. Mərhum Əməkdar artist Vaqif
Şərifovun quruluşunda “Sən nə üçün
yaşayırsan?” tamaşasında Neylanı oynayırdım.
Dublyorum da onun həyat yoldaşı Simuzər Namazova idi. Amma
Vaqif müəllim məşqlərin birində məni təriflədi.
Hiss elədim, qısqandı, qandırdır axı. Əslində,
bizdə ən yaxşı aktrisalardan idi Simuzər. Onu da
düz deyirsiniz ki, teatr adamları çox vaxt səhnədə
mehriban, dost, arxada isə düşmən olurlar. Sizə “Amma
bizdə belə deyildi” kimi yalan da danışa bilmərəm.
Sadəcə, o vaxt sağlam rəqabət vardı. Hər kəs
ən yaxşısı olmaq üçün
çalışırdı, əmək sərf edirdi.
Özünüz də bilirsiniz ki, teatrda daim belə intriqalar,
söz-söhbətlər olur. Yəqin teatrın da sirri
bundadır. Amma mən heç kimin
paxıllığını çəkməmişəm. Fəxri
adı da 2013-cü ildə almışam. Heç
inanmırdım, gözləmirdim də. Adımı
siyahıda görəndə gözlərimə inanmadım”.
***
Teatra həvəskar kimi gələn və müğənniliyi
aktrisalığa dəyişməyə vadar olan A.Qasımova
1978-ci ildə indiki ADMİU-nun Dram və kino aktyorluğu
fakültəsinə daxil olur. Ustad sənətkar-pedaqoqlardan dərs
alır. Deyir təhsil alıb qayıtdıqdan sonra
rollarım daha da artdı: “Fərqli rollar oynadım. Xeyli
arxivim, şəkillərim vardı. Hamısı Ağdamda
qaldı. Canımı götürüb qaçdım.
İndi kimlərinsə arxivində o şəkillərdən
tapanda elə bilirəm dünya mənimdir. Axı o ağ-qara
fotolar ani səadətimin, çətin ömrümün, səhnədə
keçən xoşbəxt anlarımın
yadigarlarıdır. Ağdam işğalda olanda çox
çətin idi. Özümə gələ bilmədim.
Savaş və müəyyən haqsızlıqlar məni
incitdi. Amma müharibə bütün əzabların betəridir.
Ağdam işğal olunanda elə bildim ki, ruhum ölüb.
Özümlə bircə köhnə çamadanımı
götürdüm. Üstünü toz basan o çamadan mənim
Ağdama, yeni teatr binamıza aparacağım tək
şahidimdir. İnşallah, ömür macal verər və mən
Ağdam teatrının binasının yerləşdiyi o əzəmətli
meydanda yenidən dolaşaram. Axı mənim keçmişlə
bağlı gerçəkləşməyən arzularım
var...”.
Həmsöhbətim deyir ki, 1968-ci ildən üzü
bəri 100-dən artıq tamaşada müxtəlif rollar
oynayıb. Özü üçün bir siyahı da tutub: “Nə
bilim, xatirədir də. Çoxunun afişası, proqramı
qalmayıb. Amma yaddaşımda izi əbədidir və nə
yaxşı ki, məni yaşatmaq üçün teatr
adlı səbəbim olub”.
***
Onunla Ağdamdakı son məşq gününə
qayıtdıq: “Köhnə, doğma binamızda son məşqimiz,
son tamaşamız Altay Məmmədovun “Erməni parlamentindən
reportaj” əsəri idi. Rəhmətlik sənət dostumuz,
böyük aktyor Tofiq Qarayev hazırlayırdı. O an
atışma başladı və məşq
yarımçıq qaldı. Binamızın arxasındakı
əraziyə qaçışıb yerə sərildik.
Atışma səngiyən kimi oradan evimə qaçdım.
Qapımı da bərk-bərk bağladım. İstədim
ölsəm də, orada – güclə qurduğum balaca yuvamda
qalım. Axı mənim teatrdan başqa evim heç vaxt
olmamışdı. Onu da yenicə qurmuşdum. Sonra didərginliklə
çarpışdım... Bir qızım var. Sevgimi ona verirəm,
analıq hissim nənəliklə əvəzləndi. İndi
də iki nəvəm var. Belə bir həyat. Bir-birimizə
söykənərək yaşayırıq...”.
“Deyəsən, öz nəslinizin aktyorları
üçün yaman darıxırsınız. Bütün
sözləri, sitatları onlardan gətirirsiniz” deyəndə
sözümü ağzımda qoydu: “Əlbəttə,
çünki o zaman hər nəsildən zəngin
truppamız vardı. İndi isə teatrın ən
yaşlı aktrisası mənəm. Bilmirəm buna sevinim,
yoxsa... Amma sevinmirəm, əksinə, çox pis oluram.
Darıxıram onlardan ötrü: Qurban Mirzəyev, Narınc
Məlikova, Qaflan Muradov, İbrahim Yusifov, Yəhya Rzayev, Oqtay Xəlilov,
Firəngiz Abbasova, Cəmilə Məmmədzadə, Simuzər
Namazova, Fəqumə Yusifova, Suliddin Quliyev və daha kimlər,
kimlər. Teatr sanki qaynayırdı... İndi gəlib məşq
edir, tamaşamı oynayıb gedirəm. Dərdləşməyə,
söhbətləşməyə heç kimim yoxdur.
Düzdür, gənclərdən xoş münasibət
görürəm, amma mən dünən üçün,
dünəndə qalanlar üçün çox
darıxıram”.
Sonra nə oldusa dayandı, oturduğu yerdən cəld
qalxaraq ərkyana əlini çiynimə vuraraq “Dur gedək bir
az gəzək. Sonra gedib Bakıda Ağdamda belə bədbin
qarı vardı deyərsən. Düzdür, 73 yaşım
var. Yəni deyinə bilərəm. Amma məni belə
xatırlamağını da istəmirəm.
Danışdıq?” deyib güldü...
Həmidə Nizamiqızı
Mədəniyyət.- 2024.- 19 aprel,¹ 29.- S.5.