Abidələr və
Tarixi Yerlər Günü yaddaşımızı yeniləyir
Əlamətdar gün ölkə üzrə onlarla
tarix və mədəniyyət abidəsində qeyd olunub
Qırx ildən çoxdur ki, dünyanın mədəniyyət
təqvimində əlamətdar bir gün var: 18 aprel – Beynəlxalq
Abidələr və Tarixi Yerlər Günü. Ölkəmizdə
də xüsusilə son illər daha geniş şəkildə
qeyd olunan bu günün bir məramı da
yaddaşımızı oyatmağa, Azərbaycanın zəngin
mədəni irsinin bizim üçün misilsiz əhəmiyyətə
malik olduğunu daha dərindən dərk etməyə xidmət
edir.
Ənənəvi olaraq Mədəniyyət Nazirliyinin
təşkilatçılığı ilə bu il də Beynəlxalq
Abidələr və Tarixi Yerlər Günü silsilə tədbir
və layihələrlə qeyd olunub.
Bu çərçivədə aprelin 18-də Ramana
qalasında (paytaxtın Sabunçu rayonunun Ramana qəsəbəsi)
tədbir keçirilib.
Tədbirə rəsmilər, mədəniyyət,
ictimaiyyət nümayəndələri, yerli sakinlər, məktəblilər
qatılıblar.
Əvvəlcə iştirakçılar Ramana
qalası ilə tanış olublar.
Mədəniyyət nazirinin müavini Səadət
Yusifova tədbirdə çıxış edərək
bildirib ki, Tarixi Yerlər və Abidələrin Mühafizəsi
Şurasının (ICOMOS) təşəbbüsü ilə
1983-cü ildə UNESCO tərəfindən təsis olunmuş
bu əlamətdar günün məqsədi insanların diqqətini
abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir.
Diqqətə çatdırılıb ki, ölkəmizdə
də hər il qoruqların, nümayiş obyekti kimi istifadə
olunan abidələrin təbliği məqsədilə
müxtəlif tədbirlər və sərgilər təşkil
edilir: “Eyni zamanda Azərbaycan bu il BMT-nin İqlim Dəyişmələri
üzrə Çərçivə Konvensiyası Tərəflər
Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər
tədbirə ev sahibliyi edəcək. İqlim dəyişmələrinə
qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin
gücləndirilməsi məqsədilə Prezidentin sərəncamı
ilə 2024-cü il ölkəmizdə “Yaşıl dünya
naminə həmrəylik ili” elan edilib”.
Ümummilli lider Heydər Əliyevin mədəni
irsimizin qorunmasını hər zaman diqqətdə
saxladığını deyən Səadət Yusifova qeyd edib
ki, bu strategiya Prezident İlham Əliyev və Birinci
vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla
davam etdirilir.
Nazir müavini bildirib ki, ictimaiyyətin diqqətini ətraf
mühitin mühafizəsinə, tarix və mədəniyyət
abidələrinin qorunmasına, habelə təbliği
işinə yönəltmək üçün Beynəlxalq
Abidələr və Tarixi Yerlər Günü çərçivəsində
ölkə ərazisində 29 tarix və mədəniyyət
abidəsinə ziyarətlər təşkil olunub.
Vurğulanıb ki, Ermənistan tərəfindən
otuz ilə yaxın davam etmiş işğal zamanı
çox sayda tarixi-mədəni irsimiz məhv olub. Vətən
müharibəsi nəticəsində azad olunmuş Qarabağ
və Şərqi Zəngəzurda hazırda geniş
quruculuq-abadlıq işləri ilə bərabər, abidələrin
bərpası da həyata keçirilir.
Tədbir bədii hissə ilə davam edib.
***
Xatırladaq ki, Beynəlxalq Abidələr və Tarixi
Yerlər Günü ərəfəsində Mədəniyyət
Nazirliyi və AzTV tərəfindən “Səslənən
irsimiz” adlı yeni layihəyə də başlanılıb.
Layihənin məqsədi Azərbaycanın çoxəsrlik
tarixinin, xalqımızın mədəni sərvətlərinin
mühüm hissəsini təşkil edən musiqi və
memarlıq irsimizin tanıdılmasıdır.
Qeyd edək ki, bu il ICOMOS Beynəlxalq Abidələr və
Tarixi Yerlər Günü üçün “Fəlakət və
münaqişələrə qarşı davamlı irs” devizini
seçib. ICOMOS-un 2024–2027-ci illər üçün
Üçillik Elmi Planının mövzusu da bu yöndədir.
Mədəniyyət.- 2024.- 19 aprel,¹ 29.- S.2.