Məktəblilər Yazıçılar Birliyində

 

23 aprel – Dünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə Azərbaycan Yazıçılar Birliyində (AYB) məktəblilərlə görüş keçirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, görüşdə AYB sədri Xalq yazıçısı Anar yaradıcılığı, bədii və publisistik əsərləri, ssenari müəllifi və rejissoru olduğu filmlər barədə danışıb.

Bu yaxınlarda paytaxtdakı məktəblərin birində qonaq olduğunu xatırladan yazıçı şagirdlərin mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün və bilik dairəsinin genişlənməsində mütaliənin mühüm rol oynadığını bildirib. O, mütaliə üçün motivasiyanın daha da artırılması istiqamətində təhsil müəssisələrində görülən işləri yüksək qiymətləndirib. Azərbaycan dilinin zənginliyinə toxunan Anar qeyd edib ki, ana dilini incəliklərinə qədər bilən şəxs digər bir xarici dildə yüksək səviyyədə fikirlərini ifadə edə bilər.

Şagirdlər Anarın yaradıcılığından tanış olduqları əsərlər, “Dantenin yubileyi”, “Keçən ilin son gecəsi”, “Gürcü familiyası” və s. nəsr nümunələri barədə danışıblar. Yazıçı yaradıcılığı ilə bağlı onları düşündürən sualları cavablandırıb.

 

Mədəniyyət.-  2024.- 24 aprel, ¹30.- S.3.